Martin Lüter Kinq
1963-cü ilin 11 iyununda o, Konqressə «özümüzə rəva bildiyimiz
münasibətləri bərqərar edən» qanun layihəsini təqdim etdi. 1963-cü il
avqustun 28-i buludsuz bir gündə Vaşinqtondakı Linkoln memorialının
önünə toplaşan, özü də 50 mini ağlardan ibarət 250 minlik izdiham «iş
və azadlıq» tələbini irəli sürdü.
Çıxış edənlərin arasında
demək olar ki, cəmiyyətin bütün təbəqələrindən nümayəndələr vardı –
həmkarların Valter Ruter kimi lideri, ruhanilər, Sidney Puatye və
Marlon Brando kimi ekran ulduzları, müğənni Coan Baez və başqaları. Hər
natiqə 15 dəqiqə vaxt ayrılsa da, günün əsl qəhrəmanı “Cənub xristian
liderlər konfransından olan tanınmış gənc öndər oldu. Martin Lüter Kinq
ayrı-seçkilik zəncirinə giriftar olmuş cəmiyyətdə öz azadlığını
qazanmaq ümidiylə yaşayan afroamerikalıların çəkdiyi iztirablar
haqqında çox müxtəsər, adicə bir nitq hazırlamışdı. O, elə kürsüdən
düşmək istəyirdi ki, müğənni Maxaliya Cekson yerindən harayladı:
«Martin, sən öz arzundan danış! Aç de onlara!» Nümayişçilərin
çağırışından ruhlanan Kinq Amerika vətəndaş hüquqları tarixində bir
mərhələ sayılan nitqini söylədi – hər cürə irq və rəngdən olan müxtəlif
taleli insanların arzusunda olduğu, azad və demokratik bir ölkəyə
çevriləsi Amerikadan danışdı.
«MƏNİM BİR ARZUM VAR!»
(1963)
Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə
kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz
il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük
amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar
sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla
qul-zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun
gecəsindən sonra sevincə açılan dan yerinə oxşayırdı. Ancaq indi, üstündən yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq. Belə ki, zənci xalqı hələ də azadlıqdan məhrumdur. Yüz il ötsə də zəncilərin həyatı yenə də ayrı-seçkilik və ögeylik buxovları ilə düyünlənib. Yüz
il keçsə də zəncilər yenə tərəqqi okeanının ortasındakı səfalət
adasında ömür sürməkdədir. Zənci indi də amerikan cəmiyyətinin lap
dibində çürüməkdə, öz ölkəsində qaçqın həyatı yaşamqdadır. Bizim bura
bugünkü gəlişimizdə ondan ötrüdür ki, hamının diqqətini bu dəhşətli
vəziyyətə cəlb eləyək. Ölkəmizin paytaxtında toplaşmağımız, – bir
növ bizə verilmiş çekin ödənişini tələb etməkdir. Yəni, dövlətimizin
bünövrəsini quranlar Konstitusiyada və İstiqlal bəyannaməsindəki
dəyərli sözlərə imza atmaqla, xalqa, hər bir amerikalının payına düşən
ödənişli çek vermiş oldular. Bu, insanlara, bəli, ağlı qaralı bütün
insanlara yaşamaq, azadlıq, xoşbəxtlik haqqına zəmanət verən bir
öhdəçilik oldu. Bu gün hamıya bəllidir ki, Amerika öhdəçiliyi
pozur, hər halda dərisi tünd olan vətəndaşlara verdiyi sözün üstündə
dayanmır. Həmin öhdəçiliyə sadiq qalmaq bir qırağa, zənci xalqına
verdiyi çek də saxta çıxıb və «zəmanəti yoxdur» dərkənarı ilə ona
qaytarılıb. Ancaq biz inanırıq ki, ölkəmizdə ədalət bankı tamamilə
iflasa uğramayıb. İnanılmazdır ki, məmləkətimizin əlində olan böyük
imkanlar xərclənib qurtarıb. Odur ki, bizə paylanmış çeklərin əsl
haqqını, yəni öz azadlığımızı, salamatlıq və ədl payımızı almağa
gəlmişik! Həm də bu müqəddəs yerə yığışmaqda bir məqsədimiz də odur ki,
məsələnin təxirə salınmazlığını bir daha Amerikaya xatırladaq. Biz
bundan beləsinə özümüzü qradualizm həbləri ilə ovundura bilmərik. Vəd
verilmiş demokratiyanı həyata keçirməyin vaxtı gəlib çatıb.
Seqreqasiyanın qaranlıq dərəsindən irqi ədalətin günəşli yoluna
çıxmağın zamanı yetişib. Bu məsələnin həllini gecikdirmək, yaxud da
zənci xalqının qətiyyətinə barmaqarası baxmaq çox xatalıdır. Azadlıq və
bərabərliyin təzə nəfəsli payızı zəncilərin qanuni narazılıq yayını
əvəzləyənə qədər bu qızmar fəsil davam edəcəkdir. 1963-cü il son deyil,
başlanğıcdır! Zəncilərin «köpünü alıb» guya ki, onları sakitləşdirmək,
sonra da ölkəni əvvəlki məcrasına yönəltmək istəyənlər kökündən
yanılır. Zəncilər əsl vətəndaşlıq haqqını qazanmayana qədər Amerika
dinclik, rahatlıq nə olduğunu bilən deyil. Ədalətin günəşi doğmayana
qədər həyəcan dalğaları məmləkətimizin özüllərini yırğalayıb yerindən
oynadacaqdır. Mən ədl dünyasının kənarına yavuqlaşan öz xalqıma da
bir neçə kəlmə demək istərdim. Boynumuza düşən bu mücadilədə biz gərək
hər hansı bir ağılsız hərəkət etməyək. Biz öz azadlıq təşnəmizi dərd və
nifrət camından içməklə yatırmamalıyıq. Mübarizəmiz ən uca ləyaqət və
intizam çərçivəsində aparılmalıdır. Ən ciddi etirazımız belə fiziki
zorakılıq səviyyəsinə enməməlidir. Bizə qarşı güc tətbiq olunarsa, buna
bir daha ruhumuzun əzəməti ilə cavab verməliyik. Zənci xalqını bürüyən
görünməmiş sərt ovqat gərəkdi ki, bütün ağlara qarşı çevrilməsin, çünki
bizim ağdərili qardaşlarımızdan çoxusu – hansı ki, onlar da bu gün
bizimlə bir cərgədədir, – o gümandadırlar ki, onların da taleyi
bizimkiynən bağlıdır, onların da azadlığı bizim azadlığımızın ayrılmaz
bir hissəsidir. Biz təkbaşına addımlaya bilmərik. Madam ki,
addımlayırıq, daima irəli gedəcəyimizə and içməliyik. Geriyə yolumuz
yoxdur! İnsan haqları uğrunda mübarizlərdən: «Siz nə vaxt razı
qalacaqsınız?» deyə soruşanlar da tapılır. Nə qədər ki, zəncilər
ağlagəlməz polis qəddarlığının qurbanı olacaq, biz razı qalmaq fikrində
bulunmuruq. Nə qədər ki, bizim yorğun-arğın qardaşlarımız yolüstü
motellərə və şəhərdəki otellərə buraxılmır, biz razı qala bilmərik.
Zənci ailəsinin hər hansı yerdəyişməsi, balaca qettodan daha irisinə
köçməkdən başqa bir şey deyilsə, biz niyə razı olmalıyıq ki?!
Missisipidəki zənci səs verməkdən məhrumdursa, Nyu-York zəncisinin səs
verəcəyi bir nəfər yoxdursa, nə səbəbə razı qalmalıyıq? Bəli, ədalət və
ləyaqət bir sel kimi qabağına çıxan bəndləri hələ ki, süpürüb atmayıb,
biz narazıyıq və narazılığımız səngiməyəcək! Xəbərim var – bura
gəlməzdən əvvəl sizlərdən çoxunuz ağır sınaqlardan keçmisiz, başınız
bəlalar çəkib. Bəziləriniz qaranlıq məhbəslərdən yenicə qurtulmusunuz;
bir paranız elə bölgələrdən gəlmisiniz ki, azadlığa can atmağınız
ucbatından oralarda təqiblərə, polis amansızlığına məruz qalmısız.
İrqçi terrorun qurbanlarına çevrilmisiniz! Ancaq işinizi davam
etdirməkdə olun! İnanın ki, çəkdiyiniz iztirablar öz bəhrəsini
verəcəkdir! Missisipiyə qayıdın, Alabamaya, Cənubi Karolinaya,
Corciya və Luizanaya – gəldiyiniz yerlərə dönün! Şimal şəhərlərinin
gettolarına, viranələrinə çıxın gedin, ancaq yadınızdan çıxarmayın ki,
indiki vəziyyət dəyişilə bilər, daha doğrusu dəyişilməlidir. Qoy bir
daha ümidsizlik uçurumuna yuvarlanmayaq! Ey mənim dostlarım!
Sizdən nə gizlədim, məhrumiyyət və çətinliklərə baxmayaraq, hələ də
mənim bir arzum var və o, bütün Amerikanın bəslədiyi köklü arzusundan
ayrılmazdır. Ümidvaram ki, günlərin bir günü ölkmiz “bütün
insanlar bərabər yaranıblar” prinsipiylə yaşamaq naminə qəddini
düzəldib yüksələcəkdir. Bir gün gələcək ki, Corciyanın qırmızı
təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq
süfrəsində bir-birilə çörək kəsəcəklər! Arzum budur ki, haqsızlıq və sıxıntılar içində çabalayan Missisipi ştatı günlərin bir günü azadlıq və ədalət vahəsinə çevrilsin! Arzum
budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar
ki, onlara dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət
versinlər! Belə bir arzum var... Arzum budur ki, bu gün qubernatoru
dişlərini qıcadıb bizi «məhv etmək» niyyətində olan Alabama ştatını
sabahısı ağlı-qaralı oğlanların-qızların əl-ələ verib bacı-qardaş kimi
gəzib-dolandığı məkan kimi tanısınlar. Bu gün belə bir arzum var!... Elə
bir günün arzusundayam ki, onda çöllər qabaracaq, dağlar enəcək!
Dərə-təpə yerlər hamarlanacaq, dolama yollar düz gedəcək və “Tanrı
möcüzəsi zühur edəcək və hamı bunu öz gözüylə görəcək!” Ümidimiz
bundadır! Elə bu inamla Cənuba qayıdıram. Bu inamla biz naümidlik
dağından ümid qayasına yol açırıq. Bu inam, niyyətimizdəki kəskin
dissonansı gözəl bir qardaşlıq simfoniyasına çevirməkdə bizə yardımçı
olacaq. Bu inam, bizə birlikdə işləməyə, birlikdə ibadət etməyə,
birlikdə mübarizə aparmağa, bir yerdə həbsxanaya düşməyə, bir gün xilas
olacağımızı bilərəkdən azadlığın təəssübünü birlikdə çəkməyə kömək
göstərəcək! Və bu elə bir gün olacaq ki, Allah-təalanın bütün bəndələri
məşhur sözlərə yeni məna qataraq belə oxuyacaqlar: «Yurdum, azadlığın
şirin torpağı, səni vəsf edirəm! Əcdadlarımızın üz qoyduğu torpaq,
zəvvarların öyünçü – torpaq, Qoy dağlar başından azadlığın sədası
gəlsin!» . Əgər Amerika bəyük millət olmaq istəyirsə, bu arzu
gerçəkləşməlidir! Qoy azadlıq sədası Nyu-Hempşirin təpələrindən gəlsin! Qoy azadlıq sədası Nyu-Yorkun əzəmətli təpələrindən gəlsin! Qoy azadlıq sədası Pensilvaniyadakı Alleqan dağlarından gəlsin! Qoy azadlığın sədası Koloradonun qarlı qayalarından gəlsin! Qoy azadlığın sədası Kaliforniyanın gözəl yamaclarından gəlsin! Təkcə oralarda yox: qoy azadlığın səsi Corciyanın daşında-qayasında əks-səda versin! Qoy azadlığın gur səsi Tennesidəki Lukaunt dağına düşsün! Qoy azadlığın sədası Missisipinin hər bənd-bərəzindən keçib-getsin! «Qoy hər dağ başından azadlığın sədası gəlsin!» Bu
əməlimiz baş tutsa, yəni azadlığa köks dolusu cingildəməyə izn versək,
onu hər kənddə-kəsəkdə, hər bir şəhərdə və ştatda səsləndirə bilsək,
elə bir günü yaxınlaşdırarıq ki, həmən məqamda ağlar-qaralar, yəhudilər
və bütpərəstlər, protestantlar və katoliklər, Allahın bütün bəndələri
əl-ələ tutar və köhnə zənci nəğməsini oxuyarlar:
“Azad olduq axırı. Axır ki, azad olduq. Şükür olsun ulu Tanrı, Biz azadıq axırı!”
|