Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. AZ | ENG

Məqalələr

Demokratiya Haqqında [2]
Liberalizm [1]
Demokratiya Haqqında hər şey [9]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Dərsliklər

Baş səhifə » 2009 » Mart » 24 » Sosial Demokratiya nədir?
Sosial Demokratiya nədir?
21:04

Sosial Demokratiya nədir? 

Zərdüşt Əlizadə 

MÜQƏDDİMƏ

Azərbaycan Respublikası müstəqil dövlətlər ailəsinin tamhüquqlu üzvü kimi özünü ardıcıl olaraq təsbit edir. Cəmiyyətimiz 70 illik senzura və qadağalardan sonra dünyanın mənəviyyatı, ideya və siyasət xəritəsinin daha rəngarəng olduğunu görür və dünyanın siyasi təcrübəsini sürətlə qavrayır. Dünyanın müasir siyasət təcrübəsinə sosial-demokratiya məfhumunu və fəaliyyətini öyrənmədən yiyələnmək mümkünsüzdür, çünki bu siyasi-ideoloji cərəyan XX əsrin ən uğurlu və nüfuzlu hakimiyyət və cəmiyyət modellərini ortalığa qoymuşdur. Bu təcrübəyə maraq mütəmadi artır və Azərbaycan da bu prosesdən kənarda qalmır.

Sosial demokratiya ən ümumi şəkildə elə ədalətli cəmiyyət modelidir ki, orada üç əsas prinsip gözlənilir: azadlıq, bərabərlik və həmrəylik. Hər üç prinsipə nəzər saldıqda yəqinliklə demək olar ki, belə anlamda sosial-demokratiya Azərbaycan üçün, daha geniş götürülsə, müsəlman Şərqi üçün əsla yabançı deyildir. Azərbaycanın fikir və sənət dühaları həm xalqın ənənəsindən, həm islamın bərabərlik və həmrəylik ənənələrindən, həm də ictimai-siyasi inkişafın zərurətindən doğan ehtiyaclara cavab olaraq ideal cəmiyyət, ictimai bərabərlik və ədalət axtarışları ilə ciddi məşğul olmuşlar. Yalnız Şeyx Nizaminin adının çəkilməsi belə axtarışların əhəmiyyətindən xəbər verir.

Müasir dövrdə sosial-demokratiya Şərqdə Qərbdən, xüsusilə Avropadan gələn bir təcrübə kimi qavranılır. Lakin Qərbin intibahına Şərq intibahının təkan verdiyini xatırlasaq, deyə bilərik ki, Şərqə öz mirası Qərbdən keçib qayıdır.

Zəngin və azad yaşayan xalqların müsbət təcrübəsini öyrənmək və tətbiq etmək ölkəmizdə zəngin və azad cəmiyyət qurmaq istəyən gəncliyin ümdə borcudur. Bu kiçik dərgidə müasir sosial-demokratiya barədə ən ümumi məlumat veriləcək. Ümid edirik ki, bu məlumat gənc dinləyici və oxucunu bu sahədə mövcud olan zəngin ədəbiyyatla yaxından tanışlığa sövq edəcək.


SOSİAL-DEMOKRATİYA: TARİXİ BAXIŞ

Siyasət və tarixlə maraqlanan azəri gənci üçün sirr deyil ki, XX əsrin əvvəlində, milli dirçəliş dövründə cəmiyyətimizdə sosial¬-demokratiyaya böyük meyl olmuşdur. Bunun səbəbi nədə idi? Nə üçün əsrin əvvəlində milli hərəkatımızın ziyalı simaları, o cümlədən Məhəmməd Əmin Rəsulzadə sosial-demokratiyanı vətənimiz və xalqımız üçün tamamilə məqbul və faydalı siyasi-ideoloji təzahür kimi qəbul etmişlər və onun Azərbaycanda yayılmasına çalışmışlar? Səbəb-həmin ictimai ədalət ideyasıdır.

Keçən əsrdə get-gedə güclənən kapital ilə əmək arasında ziddiyyətlər müasir dövrdəki vəziyyətlə müqayisəedilməz dərəcədə kəskin idi. İş günü 16-18 saata çatırdı, əməyin təhlükəsizliyinə fikir verilmirdi, uşaq və qadın əməyi hədsiz istismar edilirdi, sahibkar öz işçiləri ilə ər hansı bir müqavilə bağlamaqdan və üzərinə sosial öhdəliklər götürməkdən kəskin imtina edirdi. İşçilərin hər hansı bir etiraz cəhdini kapital sahiblərinin xidmətində duran hökumətlər silah gücünə boğurdu. Öz puluna və gücünə arxalanan kapital sahibləri işçilərin hüquqlarını tanımaq belə istəmirdilər. Belə şəraitdə əməkçi insanların hüquqsuzluğuna son qoymaq məqsədi ilə həm fəhlələrin, həm də cəmiyyətin daha humanist quruluşu barəsində düşünən ziyalıların rəhbərlik etdikləri ictimai, peşəkar və siyasi təşkilatlar meydana gəldi. Bu zaman, yəni XIX əsrdə yoxsul əməkçilərin hərəkatı çox zaman hakim sinfin barışmaz mövqeyi ilə rastlaşıb üsyan şəklini alırdı, 1830, 1848 və 1871-ci ildə Fransadakı üsyanları xatırlamaq kifayətdir. Təbii ki, zorakı hərəkatın öz ideoloqları meydana gəldi. Eyni zamanda cəmiyyəti daha dərindən öyrənib onun təkamül yolu ilə inkişafının mümkünlüyünə inanan islahatçı qanad da formalaşdı. XIX əsrin ikinci yarısından sosialistlər inqilabçı və islahatçı qanadlar olmaqla əvvəlcə ideoloji zəmində, XX əsrin 20-ci illərindən sonra isə təşkilati cəhətdən iki yerə parçalandılar.

İnqilabçı radikal qanad - kommunist, islahatçı - mötədil göstərməyə başladı.

Hər iki qanad XX əsrdə çox geniş miqyasda öz nəzəri təsəvvürlərini həyata keçirməyə başladı və radikal qanad sosializm düşərgəsi adlanan qlobal bir sistem yarada bildi, mötədil qanad isə mövcud burjua rejimi daxilində təkamül və islahat yolunu seçdi. Bu iki cərəyanın tarixi yarışına 1990-cı illərdə son qoyuldu: sosializm düşərgəsi kimi fövqəlsistem dağıldı, mötədil sosial-demokratiya isə fəal və nüfuzlu siyasi qüvvə kimi dünya səhnəsində qalmaqdadır.


SOSİAL-DEMOKRATİYANIN MAHİYYƏTİ

Sosial-demokratiya fərdi azadlıqların və ictimai ədalətin bərqərar olduğu cəmiyyət uğrunda mübarizə aparır. Bu cərəyana məxsus partiyalar şəksiz-şübhəsiz dəyər kimi insanların siyasi hüquqlarını, o cümlədən fikir, söz, təşkilat, əqidə, təhsil, qanun qarşısında bərabərlik, ümumi və bərabər seçki hüquqlarını tanıyır. İkinci dəyər kimi iqtisadi demokratiya qəbul edilir və bu zaman əhalinin ən geniş təbəqələrinin iqtisadi həyatda və idarəçilikdə geniş iştirakı nəzərdə tutulur. Mülkiyyət formalarının müxtəlifliyi, xüsusi mülkiyyətlə milliləşdirilmiş ictimai mülkiyyətin səmərəliliyə əsaslanan rəqabət şəraitində mövcudluğu təsbit edilir. Sosial ədalət üçüncü təməl dəyəri kimi cəmiyyətin fərdə azad və ləyaqətli yaşayış, fəaliyyət və inkişaf imkanlarını təmin etməsi şəklində anlanılır.

Bu yüksək amallara çatmaq üçün sosialist və sosial-demokrat partiyaları cəmiyyətin təkamül yolu ilə demokratikləşməsi xəttini tutmuşlar. Ən əvvəl onlar zorakılıqdan prinsipial olaraq imtina edib qanun çərçivəsində fəaliyyət göstərmişlər. Antidemokratik qanunları dəyişmək üçün bu partiyalara parlament seçkiləri, demokratik müzakirə və səsvermə icraatından istifadə etmişlər.

Seçki zamanı seçicilərin etimadını qazanmaq üçün bu partiyalar onların tələbatını nəzərə almış, əhval-ruhiyyəsini öyrənmiş və əməli olaraq onların ehtiyaclarını müdafiə etmişlər.Bu partiyalar ən müxtəlif ictimai təbəqələri birləşdirən müxtəlif, lakin eyni demokratik dəyərlərə xidmət edən gəncləri, qadınları, milli azlıqları, müəllimləri və s. birləşdirən ictimai-siyasi birliklər yaratmışlar. Avropa sosial-demokratiyasının sosial dayaqları arasında ən güclü olanı əməkçiləri könüllü birləşdirən həmkarlar təşkilatlarıdır. Milyonlarla üzvü olan, maliyyə cəhətdən zəngin həmkarlar ittifaqları sosialist və sosial-demokrat partiyalarının təbii siyasi müttəfiqi kimi çıxış edirlər. Avropada hakimiyyətdə olan sol partiyalar mövcud konstitusion quruluşu tanıdıqlarına görə müxtəlif ictimai qruplar tərəfindən onların qələbəsi heç vaxt qanuni quruluşa təhlükə kimi qiymətləndirilmir və varlı təbəqənin nümayəndələrinin də seçkidə onlara əsas verməsi nadir hadisə hesab edilmir.

Sosialist və sosial-demokrat partiyaları ən geniş demokratik koalisiya tərəfdarı kimi tanınırlar. Bəzən sol və sağ partiyalar bir hökumət daxilində koalisiyada birləşib hansısa ümummilli məsələnin həlli naminə əməkdaşlıq edirlər. Ümumilikdə sosial-demokratiyanın ideologiyasızlaşdırılması prosesi gedir. Bu partiyalar siyasi ehkamlarla vidalaşıb müəyyən əxlaqi meyarlara riayət etmək şərti ilə səmərəlilik və gerçəkçilik uğrunda çalışırlar.

Bu baxımından liberal və sosialist partiyaların mövqelərində mütəmadi müşahidə edilən yaxınlaşma, ideoloji konvergensiya cəmiyyətlərdə artıq sabitliyin təzahürü kimi qiymətləndirilir, bu cəmiyyətləri sarsıdıcı və ifrat dönüşlərdən sığortalayır.

Sosialist və sosial-demokrat partiyaları istər hakimiyyətdə, istər müxalifətdə olduqda qanunvericilik yolu ilə əməkçilərin yüksək həyat səviyyəsini təmin edən sosial tədbirlər sisteminin yaradılmasına çalışırlar. Bu, xüsusilə möhtaclara, əlil, xəstə, kimsəsiz, qaçqınlara aid edilir.

Bu partiyalar milli, cinsi, irqi və dini ayrı-seçkiliyin prinsipial əleyhdarları, universal insan hüquqlarının müdafiəçiləri kimi tanınırlar. Onlar tarixən müstəmləkəçiliyin əleyhinə olmuş, milli-azadlıq hərəkatlarını müdafiə etmiş, istər sağ, istər ifrat sol təmayüllü totalitarizmə qarşı ardıcıl mübarizə aparmışlar. Müasir sosial-demokratiyanın mahiyyəti budur. Onu geniş mənada siyasətdə humanizm adlandırmaq olar.


SOSİALİST İNTERNASİONALI

Bu təşkilat dünyanın ən böyük və qədim siyasi assosiasiyasıdır və indi bütün ölkələrdən və qitələrdən 139 sosialist, sosial-demokrat və fəhlə təşkilatlarını özündə birləşdirir. Əsası keçən əsrdə qoyulmuş bu assosiativ təşkilat 1951-ci ildə Frankfurtda yenidən bərpa edilmişdir. Bu təşkilatda sosialist, sosial-demokrat və fəhlə (leyborist) partiya və təşkilatları görüşüb birgə siyasi fəaliyyət, müzakirə, mükalimə və təcrübə mübadiləsi ilə məşğul olurlar. Sosinternin güclü intellektual elmi bazası vardır və bunun sayəsində bu təşkilat bir çox qlobal və məhəlli problemlərin səmərəli həlli yollarını göstərə bilmişdir. Sosinternə dünya miqyasında tanınmış görkəmli siyasi xadimlər rəhbərlik etmişlər. 1976¬-1992-ci illərdə Sİ-nin prezidenti Villi Brandt olmuşdur. Ondan sonra Sİ-yə Luis Ayala 1989-cu ildə Stokholm konqresində baş katib seçilmişdir. O, 196-cı ildə bu vəzifəyə yenidən seçilmişdir.

Sosinternin Konqresi (üç ildən bir yığılır) və Şurası (ildə iki dəfə yığılır) bütün üzv partiyaları toplayan və qərar qəbul edən ali heyətdir. Vaxtaşırı keçirilən liderlərin görüşü qərar qəbul etmir və problemlərin müzakirəsinə həsr edilir.

Region və problemlər üzrə komitələr və işçi qrupları mövcuddur: Afrika, Asiya və Sakit Okean, Mərkəzi və Şərqi Avropa, İqtisadi siyasət, İnkişaf və təbiətin mühafizəsi, İnsan hüquqları, Latın Amerikası və Karib hövzəsi, Yerli özünüidarə, Aralıq dənizi, Yaxın və Orta Şərq, Sülh, təhlükəsizlik və silahsızlaşdırma, Maliyyə və inzibati komitələr. Bu komitələrin hər birinin öz iş planı var, onlar müntəzəm yığışıb işləyirlər. Bundan əlavə Sİ müəyyən problemlərin öyrənilməsi məqsədilə xüsusi nümayəndə heyətlərini dünyanın müxtəlif yerlərinə göndərir.

Sİ qeyri-hökumət təşkilatı kimi BMT-nin (I kateqoriya) konsultativ üzvü statusuna malikdir və beynəlxalq problemlərin həllində bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Bu təşkilata tamhüquqlu üzv kimi 79, məşvərətçi hüquqla 28, müşahidəçi kimi 20, qardaş təşkilat kimi 3, assosiativ üzv kimi 9 təşkilat daxildir.

Sosinternin konqreslərarası işlərinə Şura və Katiblik rəhbərlik edir.

Şuranın Rəyasət Heyətinə vitse-prezidentlər və Baş katib daxildirlər.

Rəyasət Heyətinin iclasına sosialist və fəhlə hərəkatının görkəmli xadimləri sırasından seçilən fəxri prezidentlər də dəvət edilir. Sİ-¬nin icra aparatına, komitə və işçi qrupların fəaliyyətinə baş katib rəhbərlik edir. Sİ-nin iqamətgahı Londondadır, rüblük Socialist afears (Sosialist işləri) jurnalı və aylıq Socialist news (Sosialist xəbərləri) bülletenini dərc edir.


SOSİALİST İNTERNASİONALININ SƏNƏDLƏRİ

1951-ci ildə bərpa olunmuş Sosialist İnternasionalı «Demokratik sosializmin məqsəd və vəzifələri» sənədini qəbul etmişdir. Bu sənəd eyni kəskinliklə həm kapitalizmi, həm də «real sosializmi» tənqid edərək bu iki cəmiyyətdəki bərabərsizliyi, ədalətsizliyi, zəhmətkeşlərin ifrat istismarını və yoxsulluğunu6 milli və irqi ayrı-seçkiliyi qəti pisləmişdir. Kapitalizmə və «real sosializmə» alternativ kimi vətəndaşların siyasi, iqtisadi və sosial hüquqlarına geniş təminat verən «Demokratik sosializm» modeli irəli sürülmüşdür. Demokratik sosializmin mühüm cəhətlərindən biri onun ideoloji baxımdan bitərəflikdir, yəni istənilən dünyəvi və dini ideologiya əsasında onun qurulmasının mümkünlüyü bəyan edilirdi.

1962-ci ildə Osloda keçirilmiş Şura iclasında «Dünya bu gün: sosialist üfüqləri» bəyannaməsi qəbul edildi. Bu sənəddə sənaye ölkələrində baş vermiş dərin ictimai dəyişikliklər, elmi-texniki tərəqqi, cəmiyyətin demokratikləşməsi prosesləri təhlil edilmiş və müsbət qiymətləndirilmişdir. Eyni zamanda insanların güclənməsi, işsizliyin artması, ölkələr və təbəqələr arasında sərvətin ədalətsiz bölgüsü tənqid edilmişdi. Çıxış yolu kimi iqtisadiyyat üzərində ictimai nəzarətin güclənməsi, planlaşdırma, istehlakçıların hüquqlarının müdafiəsi təklif edilirdi.

1989-cu ildə Sİ-nin Stokholm konfransı «Sosialist İnternasionalının prinsiplərinin bəyannaməsi» sənədini qəbul etdi. Bu sənəddə Sİ-nin ictimai ədalət, sülh, humanizm, bərabərlik və həmrəylik prinsiplərinə sədaqəti elan edilir, varlı Şimal ilə kasıb Cənub arasında iqtisadi inkişaf fərqinin aradan götürülməsinin vacibliyi vurğulanırdı. Demokratik ölkələrdə cərəyan edən bir çox proseslər bu sənəddə müsbət qiymətləndirilirdi: sosial bazar iqtisadiyyatının əsasən formalaşması, silahlanma yarışına son qoyulması, müstəmləkə sisteminin ləğvi və s. Eyni zamanda müasir dünyada hələ də sinfi, silki, irqi, dini və cinsi əlamətlərə görə ayrı-seçkiliyin mövcudluğu, insan hüquqlarının pozulması, işsizlik, təbiətin çirklənməsi kəskin tənqid edilirdi. Sənəddə bütün dünya dövlətləri bəşəriyyətin xilası və sülh naminə sıx əməkdaşlığa dəvət edilirdi. Kommunist rejimlərinin liberallaşması və demokratikləşməsinin zərurəti qeyd edilirdi.

Bu sənəddə «demokratik sosializm» son məqsəd kimi deyil,cəmiyyətlərin mütəmadi ictimai və iqtisadi demokratikləşməsi, ictimai ədalətin dərinləşməsi prosesi kimi səciyyələndirilir. Sosinternin təməl prinsiplərinə gəldikdə isə, «azadlıq, bərabərlik və həmrəylik» prinsiplərindən müasir mərhələdə liberalların və mühafizəkarların ədalət, bərabərlik və həmrəylik hesabına fərdi azadlığı şişirtməsi, kommunistlərin azadlıq hesabına bərabərlik və həmrəyliyi qabartması qeyd edilirdi. Sİ-nin məqsədi isə bu prinsiplərə ahəngdar şəkildə və bərabər riayət edilməsidir.


SOSİALİST İNTERNASİONALI VƏ İQTİSADİ SİYASƏT

Sosial-demokratiya xüsusi mülkiyyəti də, ictimai mülkiyyəti də tanıyır. Yırtıcı kapitalizmin tüğyan etdiyi XIX əsrdə başlamış bu hərəkat təkamül yolu ilə kapitalizm cəmiyyətinin köklü demokratikləşməsinə nail olmuşdur və bu prosesi davam etdirir. İnhisarların antidemokratik mahiyyətini anlayan və tənqid edən sosial-demokratiya Beynəlxalq Valyuta Fondunun və Ümumdünya Bankının iqtisadi siyasətini tənqid edir, Cənub ölkələrində yoxsulluq və kütləvi aclığa gətirən bu siyasətin dəyişdirilməsini tələb edir. «İqtisadi demokratiya bürokratik dövlətin iqtisadiyyat üzərində nəzarəti deyil.

İqtisadiyyatın idarə edilməsində əməkçilərin özlərinin və onların birləşdikləri könüllü assosiasiyaların geniş iştirakı vacibdir. Cəmiyyətdə sosial deformasiyalar, təbiətin çiçəklənməsinə gətirən sürəkli iqtisadi inkişafın özü də tənqid hədəfinə çevrilir. Elmi-texniki tərəqqi bütövlükdə müsbət hadisə olsa da, onun doğurduğu bir sıra mənfi təzahürlər, məsələn, artan işsizlik bu prosesin də cəmiyyətin nəzarəti altına ciddi alınmasını tələb edir. İnsanların və ifrat təmərküzləşməsinin alternativi kimi Sİ qeyri-təmərküzləşmiş ictimai mülkiyyət və cəmiyyətin iqtisadi qərarların qəbuluna nəzarətini görür. Yeni texnologiyaların tətbiqindən alınan izafi gəlirin müəyyən hissəsi yeni iş yerlərinin açılmasına yönəldilməlidir. İşsizliyə qarşı kəsərli vasitə kimi iş həftəsinin qısaldılması tələbi də qoyulur. Zəhmətkeşlər, xüsusilə gənclər arasında artan işsizlik məyusluğa və gərginliyə, demokratik dəyərlərə olan inamın zəifləməsinə gətirə bilər. İşsizlik probleminin həlli üçün kadrların əmək bazarında tələb olunan yeni peşələrə yiyələnməsi məqsədilə həm dövlət, həm də sahibkarlar tərəfindən müəyyənləşdirilən xüsusi hazırlıq proqramlarının gerçəkləşməsi məqsədi qoyulur.

Dünya miqyasında ədalətli iqtisadi münasibətlər qurulması məqsədilə Sosintern yoxsul Cənub ölkələrinə gerilikdən qurtulmaq üçün xüsusi şərait yaradılmasını təklif edir. Əsasən xammal mənbəyi olan bu ölkələrlə zəngin Şimal ölkələri öz sənaye məhsullarını mübadilə edərkən ədalətli qiymətlərə riayət etməlidirlər. Zəngin ölkələrin hər biri öz ÜDM-nun ən azı 0,7%-nı yoxsul ölkələrə əvəzsiz yardım kimi verməlidir.

Qeyd etməyə dəyər ki, Sosinternin üzvü olan bir çox ölkələr BMT tərəfindən bəyənilmiş bu təklifi gerçəkdən həyata keçirir, Danimarkanın sosial-demokrat hökuməti isə bu yardımın həcmini öz ÜDM-nun 1%-nə çatdırmışdır. Təklif edir ki, Şimal ölkələri Cənuba müasir texnologiyaları əlverişli şərtlərlə verməli və infrastrukturun inkişafına sərmayə qoymalıdır.

Yoxsul cənub ölkələrinin xarici borclarının kəskin azaldılması üçün onun böyük bir hissəsinin silinməsi, qalan hissənin ödəniş müddətinin uzadılması təklif edilir.

1996-cı ildə Sosintern Nyu-Yorkda BMT-nin iqamətgahında öz XX konqresini keçirdi. Bu konqresdə iqtisadi məsələlərə böyük diqqət verildi. Konqresin qəbul etdiyi «Dünya iqtisadiyyatı haqqında bəyannamə»də qeyd edilir ki, müasir mərhələdə kollektiv məsuliyyətə söykənən yeni sistemə ehtiyac vardır. Bəyanata epiqraf kimi Con Smitin aşağıdakı sözləri götürülmüşdür.

«Biz inanırıq ki, bazar iqtisadiyyatının insanlara xidmət etməkdən başqa yolu yoxdur». Bu sənəddə qeyd edilir ki, müasir iqtisadiyyatın ən bariz xüsusiyyəti onun bütün Yer kürəsini əhatə etməsi, qloballaşmasıdır. Bu prosesin müsbət cəhəti ondadır ki, iqtisadi səmərə yüksəlir, dünya ticarəti artır, alıcılara daha ucuz və keyfiyyətli mallar təklif edilir. Digər tərəfdən yeni sistemə ehtiyac yaranıb, çünki qloballaşmanın mənfi cəhətləri də vardır. Bu mənfi cəhətlər isə aşağıdakılardır, maliyyə sarsıntıları, qeyri-rəvan inkişaf, bərabərsizliyin artması yüksək işsizlik, sosial gərginlik, sənaye və maliyyə oliqarxiyaları siyasi və iqtisadi demokratiyaya əngəl törədir. Bunun qarşısını almaq üçün yeni sistemdə kollektiv məsuliyyəti, seçilmiş və seçicilərinə cavabdeh olan, qərar qəbul etmək səlahiyyəti olan heyətlərin vəzninin artırılması gərəkdir. Eyni zamanda beynəlxalq maliyyə və ticarət təşkilatlarının işi yenidən qurulmalı, regional və qlobal əməkdaşlıq zəhmətkeşlərin hüquqlarının müdafiəsi prinsiplərinə uyğunlaşdırılmalıdır.

Sosinternin İqtisadi Siyasət, İnkişaf və Təbiətin Mühafizəsi Komitəsinin sədri, Portuqaliyanın baş naziri Antonio Qutyerres, hesab edir ki, korporasiyaların eqoizminə qarşı güclü regional blokların iradəsini və dünya miqyasında əlaqələndirilmiş səmərəli siyasəti qoymaq olar və o, buna uğurlu misallar çəkir. Heç bir kiçik və hətta böyük dövlət trans-milli nəhənglərə qarşı təkbaşına müqavimət göstərə bilməz, Avropa Birliyi və Şimali Amerika dövlətlərini birləşdirən NAFTA isə bunu bacarır.


SOSİALİST İNTERNASİONALIN 1997-Cİ İLDƏ FƏALİYYƏTİ

Sosinternin dünya hadisələrini fəal izləməsi və ona müsbət müdaxilə etməsinə dair yalnız 1997-ci ildə keçirdiyi tədbirlərə nəzər yetirmək kifayətdir.

- Mərakeş, Tancer, 20-21 mart. Aralıq dənizi hövzəsi komitəsinin yığıncağı, Hövzə dövlətlərinin iqtisadi-mədəni inteqrasiya müşküllərini müzakirə etmişdir.

- Ramallah, Fələstin, 14 may. Yaxın Şərq komitəsinin yığıncağı, yəhudi-ərəb münasibətlərinin müzakirəsi.

- Subotitsa, Serbiya, 17 may. Yerli özünüidarə komitəsinin yığıncağı.

Serbiyada yerli seçkilərin yekunlarının müzakirəsi.

- Roma, İtaliya, 27-28 iyun. Mərkəzi və Şərqi Avropa ölkələri komitəsi, keçid dövrü problemlərinin müzakirəsi.

- Madrid, İspaniya, 5-6 mart. Qlobal inkişaf komissiyası, Sݬnin XXI əsrə layiq proqramının işlənməsi.

- Dehli, Hindistan, 10-12 noyabr. Sosintern Şurasının iclası, qlobal problemlər.


SOSİAL-DEMOKRATİYA VƏ KOMMUNİZM: FƏRQ NƏDƏDİR.

Sosializm düşərgəsinin dağılmasından sonra bu sual aktuallığını bir qədər itirmişdir. Eyni ideyadan - sosial ədalətdən - ilham alan eyni ictimai hərəkat öz amallarının gerçəkləşməsi naminə iki taktikanı, inqilabi və islahatçı yolu tutmuş iki qanada ayrılmışdır. Hər ikisinin əməli təcrübəsi artıq tarixi tədqiqat obyektidir. Lakin sadə suallara aydın cavablar vasitəsilə bu məsələyə bir daha işıq salmaq faydalı olardı.

1. Ümumi sual. Kommunistlərlə sosial-demokratlar arasında fərq nədədir.

Cavab: XX əsrin əvvəllərində sosial-demokratiyada iki qanad formalaşdı - inqilabçı kommunistlər və islahatçı sosial-demokratlar. Kommunistlər hakimiyyət uğrunda inqilabi zorakılığı, bir sinfin diktaturasını, sinfi mübarizəyə burjuaziyanın bir sinif kimi məhv etməklə son qoyulmasını zəruri sayırdılar. Sosial-demokratlar aramsız islahatları, demokratiyanın genişlənməsini, sinfi ziddiyyətlərin sinfi əməkdaşlıq yolu ilə yumşaldılmasıın müdafiə edirlər. Hakimiyyətə zorakı, yaxud seçki ilə gəlmək məsələsi kommunistləri və sosial-demokratları kəskin fərqləndirir. Lakin sosial-demokratların bir hissəsi heç də Karl Marksı tam inkar etmir və belə sayır ki, onun əsərlərində XIX əsrin ən zəngin sosialist iqtisadi və fəlsəfi mirası toplanmışdır.

Onlar sadəcə marksizmin «köhnəlmiş» müddəalarından imtina edirlər. Belə imtinadan sonra marksizmdə fransız sosializmi, alman fəlsəfəsi və ingilis siyasi iqtisadı qalır ki, Marksın özünün nəzəri əlavəsinin yerinə təbii olaraq islahatçı Bernşteyn və Kautskinin nəzəriyyələri gəlir.

2. Sual: Sosializm nədir.

Kommunist cavabı: Sosializm - tarixən labüd mərhələdir. Sosializm tam ictimailəşdirilmiş və vahid plan əsasında idarə olunan bütün imtiyazların ləğv edildiyi ictimai-siyasi quruluşdur.

Sosial-demokrat cavabı: Sosializm - cəmiyyətlərin öz təcrübəsi və inkişaf səviyyəsindən asılı olaraq müxtəlif formalarda təzahür edən təşkilatlanma prinsipidir. Sadəcə olaraq onu belə ifadə etmək olar: insanların bərabər hüquqla həyatın bütün sahələrində iştirak etməsi.

3. Sual: Sosializm nə üçün zəruridir.

Kommunist cavabı: Sosializm - tarixin doğruluğu obyektiv zərurətdir. Onun gerçəkləşməsi bütün bəşəriyyət naminə fəhlə sinfinin yerinə yetirdiyi vəzifədir. Sosializm - kapitalizmin süqutunun tarixi irsidir.

Sosial-demokrat cavabı: Sosializm - mənəvi tələbatdır. O, ədalətsiz ictimai münasibətlərdən narazı olan bütün insanların marağına cavab verir. Sosializm onda maraqlı olan insanların istədikləri miqdarda və şəkildə həyata keçə bilər.

4. Sual: Sosializmi necə gerçəkləşdirmək olar.

Kommunist cavabı: Fəhlə sinfi kapitalizm mərhələsində təşkilatlanır və öz tarixi vəzifəsini dərk edir. Fəhlə sinfi inqilabi yolla kapitalizmi yıxır və tamamilə yeni sosializm qayda-qanunu yaradır. İnqilabdan əvvəl kapitalizmin sosializm ruhunda islahatı sosializm üçün dağıdıcı rol oynayır.

Sosial-demokrat cavabı: Fəhlə sinfi kapitalizm mərhələsində təşkilatlanmalı və sosialist prinsiplərini, mövcud münasibətlərə alternativləri dərk etməlidir.

Fəhlələr öz mənafelərinə cavab verən konkret alternativ təklifləri hazırlamalı, fəhlələrin hazırlıq səviyyəsini və mövcud ictimai şəraiti nəzərə alaraq addım-addım kapitalist münasibətlərini sosialist münasibətləri ilə əvəz etməlidirlər. Sosializm quruculuğu cəmiyyətdə səmərəli islahatların və bunun nəticəsində əməkçilərin bilik və təcrübələrində demokratik inkişafın sayəsində mümkündür. Sosializm - bütün sahələrdə demokratiyanın durmadan genişlənməsidir.

5. Sual: Sosialistləşmə nədir.

Kommunist cavabı: Konkret daşıyıcısı və təşkilati forması bəlli olmayan tam ictimai məsuliyyət. Məzmunu və mahiyyəti cəmiyyətə bəlli olmayan total planlaşdırma bütün mərkəzi və yerli strukturları əhatə edir.

Sosial-demokrat cavabı: Cəmiyyət bütün istehsal vasitələri üzərində ali mülkiyyətçi hüququna malikdir. Lakin sosialistləşdirmə heç də istehsal vasitələrinin milliləşdirilməsi və ya müsadirəsi deyil, onlardan tam və ya qismən istifadə hüququnun ictimai marağı ifadə edən müxtəlif qruplara verilməsidir. Sosialistləşdirmə heç də bazar münasibətlərinin ləğvi deyil, çünki bu münasibətləri tənzimləmək yolu ilə ictimai maraqları ödəmək mümkündür.

6. Sual: Dövlət və demokratiya nədir.

Kommunist cavabı: Dövlət iqtisadi baxımdan hakim olan sinfin siyasi hökmranlıq alətidir. Marksizmə meyl edən sosial-demokratlar demokratik dövlətin sosialist ictimai münasibətlər üçün əsas olacağı ehtimalını qəbul edirlər. Marks özü də bu məsələdə birinci və ikinci baxış arasında tərəddüd etmişdir.

Sosial-demokrat cavabı:Dövlətin funksiyaları təşkilindən b7 legitimliyindən asılıdır. Demokratik dövlət bütün cəmiyyətin maraqlarını ödəməyə qadirdir.

Demokratiya - sosializmə aparan yeganə yoldur, sosializmin üzvü tərkib hissəsidir, sosialist prinsipi olan bərabər azadlıq üçün gerçəkləşmə mexanizmidir.

7. Sual: İnqilab nədir.

Kommunist cavabı: İnqilab kapitalizmi dağıdan və sosializm quruculuğuna yol açan tarixən zəruri hərəkətdir.

Sosial-demokrat cavabı: İnqilab qeyri-qanuni zorakılıq olaraq yalnız demokratiyanın müdafiəsi və ya onun bərqərar olması üçün faydalı ola bilər. Lakin zorakı inqilab cəmiyyət strukturlarını sosialist prinsipləri ruhunda yenidən qurmağa imkan vermir. Sosializm cəmiyyətinin yaradılması demokratiya şəraitindən və uzun müddət davam edən təkamüllə mümkündür.

Bu qısa sual-cavab şəklində təqdim edilən müqayisənin müəllifi alman alimi Tomas Mayerdir. Alman təcrübəsi bu sahədə xüsusilə əhəmiyyətlidir, çünki eyni tarixi təcrübəyə və mədəniyyətə malik olan bir xalq 50 il bölünüb ilk müxtəlif iqtisadi sistemdə yaşamalı olmuşdur. Federativ Almaniyanın dövlət quruluşuna isə sosial-demokratiya ciddi təsir etmişdir və etməkdədir.

Bu nəzəri müqayisənin əməli sübutu kimi ADR-in AFR-ə qovuşması alındı.


DÜNYA SOSİAL-DEMOKRATİYASININ LİDER PARTİYALARI

- Almaniyanın Sosial-demokrat Partiyası - 1863-cü ildə yaradılıb. Üzvlərinin sayı: 1 milyona yaxın. Oskar Lafonten. «Forverts» (İrəli) məlumat və «Noye Gezelşaft» (Yeni cəmiyyət) nəzəri jurnallarını nəşr edir. Hakimiyyətdə olduğu illər: 1919-1925; 1928-1933; 1966-1969 (koalisiyada); 1969-1983.

- Fransa Sosialist Partiyası - 1905-ci ildə yaranıb. Üzvlərinin sayı - 200 min. Sədri - L.Kospen. Hakimiyyətdə olduğu illər: 1936¬-1938; 1944-1946.

1955-1958; 1981-1986; 1988-1993; 1997 - indiyə kimi. Mətbu orqanı - həftəlik «Vandredi» (Cümə) jurnalı.

- İsveç Sosial-demokrat Fəhlə Partiyası - 1989-cu ildə yaranıb. Üzvlərinin sayı: 600 min. Mətbu orqanı: «Tiden» (Zaman) və «Aktueltipolitik» (Aktual siyasət) jurnalları. Hakimiyyətdə olduğu illər: 1914-1976; 1982 - indiyə kimi.

- Norveç Fəhlə Partiyası - 1887-ci ildə yaranıb. Üzvlərinin sayı - 160 min. Hakimiyyətdə olduğu illər: 1935-1940, 1945-1965, 1971¬1981; 1986-1989. 1992 - indiyə kimi.

- İspan Sosialist Partiyası - 1879-cu ildə yaranıb. Üzvlərinin sayı 250 min. Mətbu orqanı «Sosialista» qəzeti. Hakimiyyətdə olduğu illər: 1936-1939. 1982-1996.

- İtaliya Sosialist Partiyası - 1892-ci ildə yaranıb. Mətbu orqanı «Avantı» (İrəli) qəzeti və «Mando operayo» (Fəhlə dünyası) jurnalıdır. Hakimiyyətdə olduğu illər: 1944-1947; 1963-1973; 1980-1987; 1994 - indiyə qədər.

- Avstriya Sosialist Partiyası - 1889-cu ildə yaranıb. Üzvlərinin sayı: 700 min. Mətbu orqanı: «Noye arbayter saytunq» (Yeni fəhlə qəzeti) və «Tsukunf» (Gələcək) jurnalıdır. Hakimiyyətdə olduğu illər; 1918-1920. 1945-1966; 1970 - indiyə kimi.

- Böyük Britaniyanın Leyboistlər Partiyası - 1900-cü ildə yaranıb. Üzvlərinin sayı - 300 min. Mətbu orqanı: «Leybor uikli (Həftəlik fəhlə) və «Nyu souşialist (Yeni sosialist) jurnalı. Hakimiyyətdə olduğu illər: 1916-1924.

1929-1931; 1945-1951; 1964-1970; 1974-1979; 1997 - indiyə kimi.

- Danimarka Sosial-demokrat Partiyası - 1871-ci ildə yaranıb. Üzvlərinin sayı: 110 min. Mətbu orqanı: «Aktual» (Aktual) qəzeti və «Nyu politik» (Təzə siyasət) jurnalı. Hakimiyyətdə olduğu illər: 1916¬1918; 1924-1940.

1945-1960; 1971-1973; 1975-1982; 1992 - indiyə kimi.

Avropada sosial-demokrat və sosialist partiyaları indiki zamanda aparıcı mövqe tuturlar. Avropa Birliyinin üzvü olan 15 ölkədən 13-də bu partiyalar təkbaşına və ya koalisiyada hökumətdədirlər. Bundan əlavə yeni müstəqil dövlətlərin çoxunda hakimiyyətdə sollardır. Eyni zamanda Avropa kommunist partiyalarının əksəriyyəti XIX-XX əsrlər üçün səciyyəvi sayılan ifrat solçuluqdan uzaqlaşaraq sosial-demokratiyaya yaxın mövqe tutmuşlar.

Azərbaycanda XX əsrin əvvəlində sosial-demokratiya Bu mövzuya dair ən geniş məlumatı İ.S.Bağırovanın «XX əsrin əvvəllərində Azərbaycanda siyasi partiya və təşkilatları» kitabından almaq mümkündür.

İlk sosial-demokratiya özəyi 1890-cı ildə buraya ezam və ya sürgün edilmiş rusiyalı esdeklər (Sosial Demokratlar) yaratmışlar. Milli kadrlar bu təşkilatlarda yox dərəcəsində idi, çünki rus esdekləri milli məsələdə proletar beynəlmiləlçiliyindən başqa heç nə təklif edə bilmirdilər. 1904-cü ilin oktyabr ayında müsəlman sosial-demokratlarının ilk təşkilati - «Hümmət» və eyni adlı qəzeti - yarandı. Bu təşkilat yerli əhalinin milli, mədəni, sosial və iqtisadi ehtiyaclarını ümdə plana keçirirdi. «Hümmət» qəzeti 1905-ci ilin fevralında erməni-müsəlman qırğınları baş verəndən sonra, cəmi beş ay çıxandan sonra qadağan edildi. «Hümmət»in yaradıcıları M.Ə.Rəsulzadə, M.A.Mir-Qasımov, M.H.Hacınski, A.Kazımzadə, S.M.Əfəndiyev, M.Ə.Əzizbəyov və başqa türk ziyalıları idi. Onlardan yalnız bir neçəsi, o cümlədən M.Ə.Əzizbəyov Rusiya sosial-demokrat fəhlə partiyasının üzvü idilər. Qalanları isə sadəcə sosialist ideyalarına rəğbət bəsləyənlər idi. Polis məlumatlarında 1905-ci ildə deyilirdi ki, «Hümmət»çilərdən yalnız M.Əzizbəyov, Ə.Ağayev, İ.Aşurbəyov və S.Mövsümov tanınırlar və bu təşkilat inqilabi deyil. «Hümmət» heç vaxt RSDFP-nin tərkibinə daxil olmamış və fasilələrlə 1920-ci ilə kimi müstəqil fəaliyyət göstərmişdir.

1905-1907-ci illərdə «Hümmət» RSDFP ilə müttəfiq kimi çıxış etmiş, Dövlət Dumasına seçkilərdə, həmkarların işində, nümayiş-tətil hərəkatında, milli qırğınların yatırılmasında iştirak etmişdir. Əsas nüvəsi 11¬12 adam olan «Hümmət»in sayı bu illərdə cəmi 60 nəfər olmuşdur. Hümmətçilər vətəndaş azadlıqlarını təbliğ edən məcmuələr dərc edir, mitinqlərdə çıxış edirlər. Onların əksəriyyəti İrandakı məşrutə hərəkatında yaxından iştirak etmişlər. Eyni vaxtda «Hümmət»in Tiflis, Gəncə, Şuşa, Culfa və Naxçıvanda təşkilatları yaradılmışdır. Tiflis təşkilatı bu şəbəkəyə rəhbərlik edirdi. 1917-1920-ci illərdə Azərbaycanda inqilabi demokratik hərəkatda həm menşeviklər, həm də bolşeviklər fəal olmuşdur. Bolşeviklərin ən fəal və aparıcı qüvvə olduqları Bakı Kommunası barədə kifayət qədər tarixi məlumat vardır. (Hərçənd ki, Bakı Sovetində onlar azlıqda idilər!)

Kateqoriya: Demokratiya Haqqında | Baxılıbв: 3745 | Əlavə etdi: Penah

Təqvim

«  Mart 2009  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış

Dost saytlar

Statistik


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0