USAİD
Amerika Birləşmiş Ştatları (ABŞ) uzun illər boyu xarici ölkələrdə
daha yaxşı həyat sürməyə, fəlakətin nəticələrini aradan qaldırmağa,
azad və demokratik ölkədə yaşamağa can atan insanlara yardım əli
uzadıb. ABŞ-ın xarici ölkələrə yardımı daim onun xarici siyasət
maraqlarına xidmət edib. Bu maraqlar həm demokratiyanı və azad
bazarları genişləndirmək, həm də inkişaf etməkdə olan ölkələrin
vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. USAİD bu
məqsədlərə nail olmaq üçün bütün dünyada fəaliyyət göstərir.
USAİD-in tarixçəsi
USAİD-in tarixçəsi İkinci Dünya Müharibəsindən sonra Avropanın
yenidən qurulmasına həsr olunmuş Marşall Planından və Truman
hökumətinin Dördüncü Bənd Proqramından başlayır. 1961-ci ildə ABŞ
Prezidenti Con Kennedi Xarici Ölkələrə Yardım Aktını imzalayaraq, bu
aktı qanuna çevirib və icraçı qərara əsasən USAİD donor agentliyini
yaradıb. O vaxtdan bəri USAİD, fəlakətin nəticələrini aradan
qaldıran, kasıbçılıqdan qurtulan, demokratik islahatlara qatılan
ölkələrə köməyini əsirgəməyən, ABŞ-ın aparıcı donor agentliyi kimi
fəaliyyət göstərir. USAİD müstəqil federal hökumət təşkilatıdır.
O, ümumi siyasi istiqamət haqqında göstərişləri dövlət katibindən alır.
USAİD uzunmüddətli və ədalətli iqtisadi inkişafa dəstək verir və
aşağıda sadalanan sahələrə yardım etməklə ABŞ-ın xarici siyasət
məqsədlərini irəli çəkir: • iqtisadi inkişaf, kənd təsərrüfatı və ticarət; • ümumdünya səhiyyə; • demokratiya, münaqişələrin qarşısının alınması və humanitar yardım. USAİD dünyanın dörd bölgəsinə yardım edir: • Afrika ölkələri; • Asiya və Yaxın Şərq; • Cənubi Amerika və Karib adaları; • Avropa və Avrasiya. Baş
qərargahı Kolumbiya əyalətinin Vaşinqton şəhərində yerləşən USAİD
təşkilatının qüdrəti bütün dünyada fəaliyyət göstərən idarələrindən
ibarətdir. USAİD özəl könüllü təşkilatlar, yerli təşkilatlar, ali
təhsil ocaqları, Amerika biznes qurumları, beynəlxalq təşkilatlar, ABŞ
və digər ölkə hökumətləri ilə əməkdaşlıq şəraitində işləyir. USAİD
3.500-dən artıq Amerika şirkəti və ABŞ-in 300-dən artıq özəl könüllü
təşkilatı ilə işgüzar əlaqələrə malikdir.
Ədalətli və demokratik idarəetmə
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) demokratiya və idarəetmə
sahəsindəki fəaliyyətləri qanunun aliliyini təkmilləşdirmək, inkişaf
etdirmək, vətəndaş cəmiyyətinin inkişafına zəmin yaratmaq, azad və
ədalətli seçkilərə köməklik göstərmək, siyasi partiyaları
möhkəmləndirmək və müstəqil kütləvi informasiya vasitələrini
dəstəkləmək məqsədi daşıyır. Azərbaycan xalqının daha böyük
qisminə iqtisadi inkişaf və siyasi plüralizmin faydasını təqdim etmək
üçün USAİD həm hökumət, həm də icraçı partnyorlar ilə konstruktiv
münasibət yaratmağa səy göstərib.
USAİD Azərbaycanda
USAID ölkəmizdə ən çox layihə həyata keçirən və böyük uğur qazanan
təşkilatlardan biridir. Buyurun, həmin layihə və uğurlarla siz də tanış
olun:
- USAİD Azərbaycanın Birgə Seçki Məcəlləsi layihəsini hazırlamağa və
seçki üzrə işləyən məmurlara təlim keçməyə köməklik göstərib.
- Siyasi partiyaların gücləndirilməsi, seçicilərin
maarifləndirilməsi və müstəqil KİV layihələri vasitəsilə prezident
seçkiləri üçün fəal çoxpartiyalı kampaniyanın ərsəyə gətirilməsinə
köməklik göstərib.
- Yeddi regional televiziya stansiyasını yeni translyasiya
stansiyası ilə təmin edib, bununla da onların əhatə dairəsinin
genişləndirməsi üçün şərait yaradılıb.
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün rəqəmsal
tezlik xəritəsi yaradıb və ölkədə televiziya və radio şirkətlərinin
necə paylandığını müəyyən edib.
- Anti-korrupsiya üzrə üç hüquqi məsləhət və ictimai maraqların müdafiəsi mərkəzi yaradıb. USAİD-in «Qanunun Aliliyi» proqramı çərçivəsində Azərbaycanda ilk dəfə Qadın Hüquqşünaslar Assosiasiyası yaradılıb.
|