Fridrix Ebert Fondu
Fridrix Ebert adına Fond sosial-demokratiya və mədəniyyət sahəsində
fəaliyyət göstərən azad və qeyri - kommersiya təşkilatıdır. Almaniyanın
bu məşhur təşkilatının fəaliyyəti təkcə bu ölkəni deyil, bütün dünyanı
əhatə edir. Fridrix Ebert fondu 1925-ci ildə demokratik yolla
seçilən ilk alman reyxs-prezidenti Fridrix Ebertin vəsiyyəti əsasında
formalaşıb. Fondun fəaliyyətinə daxildir: - Demokratik prinsiplərə əsaslanan siyasi və ictimai təhsilə dəstək; - Dünyanın müxtəlif ölkələri ilə ictimai-siyasi dialoqlara dəstək; - İstedadı və cəmiyyətdə aktivliyi ilə seçilən tələbələrə və gənc alimlərə (həm Almaniyada, həm də xaricdə) təqaüdlər ayırmaq; -
Tarix, iqtisadiyyat, siyasi-iqtisadiyyat, əmək və digər sosial
münasibətlər sferasında elmi axtarışlar edən şəxslərə və təşkilatlara
dəstək. Bu məqsədlərin reallaşması üçün fond öz imkanlarından
istifadə etməklə yanaşı, sadalanan istiqamətlər üzrə fəaliyyət göstərən
digər təşkilatlarla, həmkarlar ittifaqları, siyasi, iqtisadi və
mədəniyyət dairələri ilə əməkdaşlıq edir. Hazırda Fondun baş ofisləri Bonn və Berlin şəhərlərində yerləşir. Bundan başqa, Fond federativ Almaniyada 6 mərkəzə, həmçinin regionlarda 12 ofisə sahibdir. Fridrix
Ebert Fondunun böyük şəxsi kitabxanası var. Burada 650 min cilddən çox
kitab cəmlənib. Fondun “Sosial-demokratiya arxivi” bütün dünyada
Avropa fəhlə hərakatına aid ən böyük materiala malikdir. Fridrix Ebert Fondunun illik büdcəsi 110 milyon avrodur ki, bu da müxtəlif layihələrə sərf olunur. Bir
məqamı xüsusi qeyd etmək lazımdır ki, təkcə Almaniyada 150 mindən çox
insan Fondun təşkil etdiyi 3000 mindən çox maarifləndirici kurslarda
təhsil alır. Hələ 2002-ci ildə Fridrix Ebert Fondunun dəstəyi ilə
təxminən 1750 tələbə müxtəlif universitetlərdə təhsil almaq şansı əldə
edib, onlardan 260-ı xarici universitetlərdə təhsil almağa göndərilib
və Fond bu sahədəki fəaliyyətini bu gün də yüksək səviyyədə davam
etdirir. Beynəlxalq əlaqələrə gəldikdə isə Fond 100-dən çox ölkədə
fəaliyyət planına malikdir. Bundan başqa, Fond dünyanın müxtəlif
ölkələrində 33 ofisə malikdir. Bu sıraya qərbi, mərkəzi və şimal-şərqi
Avropa, MDB ölkələri, həmçinin Amerika və Yaponiya da daxildir. Fond ehtiyacı olan ölkələrdə dövlət imtahanlarının reallaşmasına dəstək olmaqla yanaşı, KİV-in inkişafına da çalışır. Fondun
partnyorları siyasət, biznes, çeşidli assosiasiyalar, həmkarlar
ittifaqları, akademiyalar, kommunikativ və mədəniyyət sektorunda
fəaliyyət göstərən müxtəlif qurumlardır. Bir çox ölkələrin Avropa
İttifaqına üzvlük prosesinə dəstək verən Fond, dövlət qurumlarının və
digər təşkilatların bu istiqamətdəki fəaliyyətinə hər cür köməyini
təklif edir. Bütün bunlarla yanaşı, Fridrix Ebert Fondu Almaniyada
və bütün dünyada müxtəlif debatların təşkilində maraqlıdır. Qurum
daxili və xarici siyasət, Avropaya inteqrasiya, beynəlxalq iqtisadi və
sosial siyasət sahəsini əhatə edən “Beynəlxalq siyasət və cəmiyyət”
adlı jurnal nəşr edir və bu jurnal kifayət qədər məşhurdur. Fond
Almaniyanın özündə də mühüm işlər görməkdədir. O, ölkənin daha da
inkişafına dəstək verməklə yanaşı, digər dövlətləri Almaniya ilə
əməkdaşlığa cəlb etməyə çalışır.
|