Tanış olun: bu IREX-dir!
IREX dünyanın bir çox ölkəsində fəaliyyət göstərən qeyri-kommersiya
təşkilatı olub, liderlik və innovasiya proqramlarının əsas
təminatçılarından biri sayılır. Təşkilat həmçinin təhsilin
keyfiyyətinin yaxşılaşdırılması, müstəqil mətbuatın inkişaf
etdirilməsi, vətəndaş cəmiyyətində plüralizmin inkişafı istiqamətində
fəaliyyət göstərir. 1968-ci ildə yaradılan IREX illik 50 milyon
dollarlıq büdcəyə və bütün dünyada fəaliyyət göstərən 400-dən artıq
peşəkar işçiyə malikdir. IREX və onun partnyoru IREX Avropa hazırda
dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir. Təşkilatın
Azərbaycandakı fəaliyyəti 1998-ci ildən başlayır və bu günədək davam
edir. IREX Azərbaycanda bir çox proqramlar həyata keçirir və ən fəal
beynəlxalq təşkilatlardan biri kimi tanınır. Təşkilat bir çox
sahələrdə iş görməklə yanaşı, ABŞ Dövlət Departamentinin həyata
keçirdiyi qlobal tədris mübadiləsi üzrə proqramın yönləndiricisidir. Bu
proqram ayrı-ayrı ölkələrdən olan tələbələrə Amerikanın müxtəlif
universitetlərində və kolleclərində oxumaq imkanı yaradır. Həmin
ölkələr arasında Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova, Tacikistan,
Türkmənistan, Ukrayna və Özbəkistan da var. Amerikaya təhsil ardınca
gedən tələbələrə hər cür şərait yaradılır. Onlara yüksək təhsil almaq,
praktikalarda iştirak etmək imkanı yaradılmaqla yanaşı, xüsusi
ailələrdə yaşamaq imkanı da verilir. Bundan başqa tələbələrə dövlət
tərəfindən aylıq təqaüd ayrılır, onların sağlamlığı siğortalanır,
həmçinin dərs vəsaitləri ilə təmin olunurlar. Onlara akademik səviyyədə
ingilis dili öyrədilir. Amerikada təhsil almaq istəyənlər öz
istəklərinə uyğun olaraq, aşağıdakı elm sahələrini seçmək şansı
verilir:
- Menecment; - İqtisadiyyat; - Təhsil; - Ekologiyanın yaxşılaşdırılması; - Beynəlxalq münasibətlər; - Jurnalistika və KİV; - Kitabxana və İnformatika; - Dövlət qulluğu; - Səhiyyə; - İctimai asayiş.
Bütün bunlarla yanaşı, Avrasiya və Cənubi Asiya üzrə həyata
keçirilən təhsil proqramında qalib gələnlər 6 həftəlik təhsil üçün
Birləşmiş Ştatlar Universtitetlərinə göndərilir. Bu proqramın qalibləri
də Amerikada qaldıqları müddətdə yüksək təhsil və təcrübə keçmək
imkanına malik olurlar. IREX Azərbaycanda ən çox layihə həyata
keçirən təşkilatlardan biridir. Qurum yalnız paytaxt Bakıda deyil,
ölkənin bir çox regionlarında xüsusi layihələr reallaşdırır. Buna misal
olaraq, Lənkəranda həyata keçirilən mədəniyyət - online proqramının
tətbiqi layihəsini göstərə bilərik. Bu layihənin əsas məqsədi
tələbələrə öz mədəniyyətləri ilə yanaşı, başqa xalqların mədəniyyətini
də dərindən öyrətməkdir. IREX Lənkəranda fəaliyyət göstərən könüllülər
korpusunun yardımı ilə tələbələrdə Lənkəran və bütövlükdə Azərbaycanın
ənənələri barədə daha real təsəvvürlərin yaradılmasına nail olub. Təşkilat gün-gündən inkişaf edir. IREX öz əhatə dairəsini genişləndirmək üçün durmadan irəli addımlar atmaqdadır.
|