Azərbaycan Respublikası müstəqil dövlətlər ailəsinin tamhüquqlu üzvü kimi özünü
ardıcıl olaraq təsbit edir. Cəmiyyətimiz 70 illik senzura və qadağalardan sonra
dünyanın mənəviyyatı, ideya və siyasət xəritəsinin daha rəngarəng olduğunu
görür və dünyanın siyasi təcrübəsini sürətlə qavrayır. Dünyanın müasir siyasət
təcrübəsinə sosial-demokratiya məfhumunu və fəaliyyətini öyrənmədən yiyələnmək
mümkünsüzdür, çünki bu siyasi-ideoloji cərəyan XX əsrin ən uğurlu və nüfuzlu
hakimiyyət və cəmiyyət modellərini ortalığa qoymuşdur. Bu təcrübəyə maraq
mütəmadi artır və Azərbaycan da bu prosesdən kənarda qalmır.
Sosial demokratiya ən ümumi şəkildə elə ədalətli cəmiyyət modelidir ki, orada üç
əsas prinsip gözlənilir: azadlıq, bərabərlik və həmrəylik. Hər üç prinsipə
nəzər saldıqda yəqinliklə demək olar ki, belə anlamda sosial-demokratiya
Azərbaycan üçün, daha geniş götürülsə, müsəlman Şərqi üçün əsla yabançı
deyildir. Azərbaycanın fikir və sənət dühaları həm xalqın ənənəsindən, həm
islamın bərabərlik və həmrəylik ənənələrindən, həm də ictimai-siyasi inkişafın
zərurətindən doğan ehtiyaclara cavab olaraq ideal cəmiyyət, ictimai bərabərlik
və ədalət axtarışları ilə ciddi məşğul olmuşlar. Yalnız Şeyx Nizaminin adının çəkilməsi
belə axtarışların əhəmiyyətindən xəbər verir.
Müasir dövrdə sosial-demokratiya Şərqdə Qərbdən, xüsusilə Avropadan gələn bir təcrübə
kimi qavranılır. Lakin Qərbin intibahına Şərq intibahının təkan verdiyini
xatırlasaq, deyə bilərik ki, Şərqə öz mirası Qərbdən keçib qayıdır.
Zəngin və azad
yaşayan xalqların müsbət təcrübəsini öyrənmək və tətbiq etmək ölkəmizdə zəngin
və azad cəmiyyət qurmaq istəyən gəncliyin ümdə borcudur. Bu kiçik dərgidə
müasir sosial-demokratiya barədə ən ümumi məlumat veriləcək. Ümid edirik ki, bu
məlumat gənc dinləyici və oxucunu bu sahədə mövcud olan zəngin ədəbiyyatla
yaxından tanışlığa sövq edəcək.
SOSİAL-DEMOKRATİYA: TARİXİ BAXIŞ
Siyasət və tarixlə maraqlanan azəri gənci üçün sirr deyil ki, XX əsrin əvvəlində,
milli dirçəliş dövründə cəmiyyətimizdə sosial¬-demokratiyaya böyük meyl
olmuşdur. Bunun səbəbi nədə idi? Nə üçün əsrin əvvəlində milli hərəkatımızın
ziyalı simaları, o cümlədən Məhəmməd Əmin Rəsulzadə sosial-demokratiyanı
vətənimiz və xalqımız üçün tamamilə məqbul və faydalı siyasi-ideoloji təzahür
kimi qəbul etmişlər və onun Azərbaycanda yayılmasına çalışmışlar? Səbəb-həmin
ictimai ədalət ideyasıdır.
Keçən əsrdə get-gedə güclənən kapital ilə əmək arasında ziddiyyətlər müasir
dövrdəki vəziyyətlə müqayisəedilməz dərəcədə kəskin idi. İş günü 16-18 saata
çatırdı, əməyin təhlükəsizliyinə fikir verilmirdi, uşaq və qadın əməyi hədsiz
istismar edilirdi, sahibkar öz işçiləri ilə ər hansı bir müqavilə bağlamaqdan
və üzərinə sosial öhdəliklər götürməkdən kəskin imtina edirdi. İşçilərin hər
hansı bir etiraz cəhdini kapital sahiblərinin xidmətində duran hökumətlər silah
gücünə boğurdu. Öz puluna və gücünə arxalanan kapital sahibləri işçilərin
hüquqlarını tanımaq belə istəmirdilər. Belə şəraitdə əməkçi insanların
hüquqsuzluğuna son qoymaq məqsədi ilə həm fəhlələrin, həm də cəmiyyətin daha
humanist quruluşu barəsində düşünən ziyalıların rəhbərlik etdikləri ictimai,
peşəkar və siyasi təşkilatlar meydana gəldi. Bu zaman, yəni XIX əsrdə yoxsul
əməkçilərin hərəkatı çox zaman hakim sinfin barışmaz mövqeyi ilə rastlaşıb
üsyan şəklini alırdı, 1830, 1848 və 1871-ci ildə Fransadakı üsyanları
xatırlamaq kifayətdir. Təbii ki, zorakı hərəkatın öz ideoloqları meydana gəldi.
Eyni zamanda cəmiyyəti daha dərindən öyrənib onun təkamül yolu ilə inkişafının mümkünlüyünə
inanan islahatçı qanad da formalaşdı. XIX əsrin ikinci yarısından sosialistlər
inqilabçı və islahatçı qanadlar olmaqla əvvəlcə ideoloji zəmində, XX əsrin
20-ci illərindən sonra isə təşkilati cəhətdən iki yerə parçalandılar.
İnqilabçı radikal qanad - kommunist, islahatçı - mötədil göstərməyə başladı.
Hər iki qanad XX əsrdə çox geniş miqyasda öz nəzəri təsəvvürlərini həyata keçirməyə
başladı və radikal qanad sosializm düşərgəsi adlanan qlobal bir sistem yarada
bildi, mötədil qanad isə mövcud burjua rejimi daxilində təkamül və islahat
yolunu seçdi. Bu iki cərəyanın tarixi yarışına 1990-cı illərdə son qoyuldu:
sosializm düşərgəsi kimi fövqəlsistem dağıldı, mötədil sosial-demokratiya isə
fəal və nüfuzlu siyasi qüvvə kimi dünya səhnəsində qalmaqdadır.
SOSİAL-DEMOKRATİYANIN MAHİYYƏTİ
Sosial-demokratiya fərdi azadlıqların və ictimai ədalətin bərqərar olduğu
cəmiyyət uğrunda mübarizə aparır. Bu cərəyana məxsus partiyalar şəksiz-şübhəsiz
dəyər kimi insanların siyasi hüquqlarını, o cümlədən fikir, söz, təşkilat, əqidə,
təhsil, qanun qarşısında bərabərlik, ümumi və bərabər seçki hüquqlarını
tanıyır. İkinci dəyər kimi iqtisadi demokratiya qəbul edilir və bu zaman
əhalinin ən geniş təbəqələrinin iqtisadi həyatda və idarəçilikdə geniş iştirakı
nəzərdə tutulur. Mülkiyyət formalarının müxtəlifliyi, xüsusi mülkiyyətlə
milliləşdirilmiş ictimai mülkiyyətin səmərəliliyə əsaslanan rəqabət şəraitində
mövcudluğu təsbit edilir. Sosial ədalət üçüncü təməl dəyəri kimi cəmiyyətin
fərdə azad və ləyaqətli yaşayış, fəaliyyət və inkişaf imkanlarını təmin etməsi şəklində
anlanılır.
Bu yüksək amallara çatmaq üçün sosialist və sosial-demokrat partiyaları
cəmiyyətin təkamül yolu ilə demokratikləşməsi xəttini tutmuşlar. Ən əvvəl onlar
zorakılıqdan prinsipial olaraq imtina edib qanun çərçivəsində fəaliyyət göstərmişlər.
Antidemokratik qanunları dəyişmək üçün bu partiyalara parlament seçkiləri,
demokratik müzakirə və səsvermə icraatından istifadə etmişlər.
Seçki zamanı seçicilərin etimadını qazanmaq üçün bu partiyalar onların tələbatını
nəzərə almış, əhval-ruhiyyəsini öyrənmiş və əməli olaraq onların ehtiyaclarını
müdafiə etmişlər.Bu partiyalar ən müxtəlif ictimai təbəqələri birləşdirən
müxtəlif, lakin eyni demokratik dəyərlərə xidmət edən gəncləri, qadınları,
milli azlıqları, müəllimləri və s. birləşdirən ictimai-siyasi birliklər
yaratmışlar. Avropa sosial-demokratiyasının sosial dayaqları arasında ən güclü
olanı əməkçiləri könüllü birləşdirən həmkarlar təşkilatlarıdır. Milyonlarla
üzvü olan, maliyyə cəhətdən zəngin həmkarlar ittifaqları sosialist və
sosial-demokrat partiyalarının təbii siyasi müttəfiqi kimi çıxış edirlər.
Avropada hakimiyyətdə olan sol partiyalar mövcud konstitusion quruluşu
tanıdıqlarına görə müxtəlif ictimai qruplar tərəfindən onların qələbəsi heç
vaxt qanuni quruluşa təhlükə kimi qiymətləndirilmir və varlı təbəqənin
nümayəndələrinin də seçkidə onlara əsas verməsi nadir hadisə hesab edilmir.
Sosialist və sosial-demokrat partiyaları ən geniş demokratik koalisiya
tərəfdarı kimi tanınırlar. Bəzən sol və sağ partiyalar bir hökumət daxilində koalisiyada
birləşib hansısa ümummilli məsələnin həlli naminə əməkdaşlıq edirlər.
Ümumilikdə sosial-demokratiyanın ideologiyasızlaşdırılması prosesi gedir. Bu
partiyalar siyasi ehkamlarla vidalaşıb müəyyən əxlaqi meyarlara riayət etmək
şərti ilə səmərəlilik və gerçəkçilik uğrunda çalışırlar.
Bu baxımından liberal və sosialist partiyaların mövqelərində mütəmadi müşahidə
edilən yaxınlaşma, ideoloji konvergensiya cəmiyyətlərdə artıq sabitliyin təzahürü
kimi qiymətləndirilir, bu cəmiyyətləri sarsıdıcı və ifrat dönüşlərdən
sığortalayır.
Sosialist və sosial-demokrat partiyaları istər hakimiyyətdə, istər müxalifətdə
olduqda qanunvericilik yolu ilə əməkçilərin yüksək həyat səviyyəsini təmin edən
sosial tədbirlər sisteminin yaradılmasına çalışırlar. Bu, xüsusilə möhtaclara,
əlil, xəstə, kimsəsiz, qaçqınlara aid edilir.
Bu partiyalar milli, cinsi, irqi və dini ayrı-seçkiliyin prinsipial əleyhdarları,
universal insan hüquqlarının müdafiəçiləri kimi tanınırlar. Onlar tarixən
müstəmləkəçiliyin əleyhinə olmuş, milli-azadlıq hərəkatlarını müdafiə etmiş,
istər sağ, istər ifrat sol təmayüllü totalitarizmə qarşı ardıcıl mübarizə
aparmışlar. Müasir sosial-demokratiyanın mahiyyəti budur. Onu geniş mənada
siyasətdə humanizm adlandırmaq olar.
SOSİALİST İNTERNASİONALI
Bu təşkilat dünyanın ən böyük və qədim siyasi assosiasiyasıdır və indi bütün
ölkələrdən və qitələrdən 139 sosialist, sosial-demokrat və fəhlə təşkilatlarını
özündə birləşdirir. Əsası keçən əsrdə qoyulmuş bu assosiativ təşkilat 1951-ci ildə
Frankfurtda yenidən bərpa edilmişdir. Bu təşkilatda sosialist, sosial-demokrat
və fəhlə (leyborist) partiya və təşkilatları görüşüb birgə siyasi fəaliyyət,
müzakirə, mükalimə və təcrübə mübadiləsi ilə məşğul olurlar. Sosinternin güclü
intellektual elmi bazası vardır və bunun sayəsində bu təşkilat bir çox qlobal
və məhəlli problemlərin səmərəli həlli yollarını göstərə bilmişdir. Sosinternə
dünya miqyasında tanınmış görkəmli siyasi xadimlər rəhbərlik etmişlər.
1976¬-1992-ci illərdə Sİ-nin prezidenti Villi Brandt olmuşdur. Ondan sonra
Sİ-yə Luis Ayala 1989-cu ildə Stokholm konqresində baş katib seçilmişdir. O,
196-cı ildə bu vəzifəyə yenidən seçilmişdir.
Sosinternin Konqresi (üç ildən bir yığılır) və Şurası (ildə iki dəfə yığılır)
bütün üzv partiyaları toplayan və qərar qəbul edən ali heyətdir. Vaxtaşırı
keçirilən liderlərin görüşü qərar qəbul etmir və problemlərin müzakirəsinə həsr
edilir.
Region və problemlər üzrə komitələr və işçi qrupları mövcuddur: Afrika, Asiya
və Sakit Okean, Mərkəzi və Şərqi Avropa, İqtisadi siyasət, İnkişaf və təbiətin
mühafizəsi, İnsan hüquqları, Latın Amerikası və Karib hövzəsi, Yerli
özünüidarə, Aralıq dənizi, Yaxın və Orta Şərq, Sülh, təhlükəsizlik və
silahsızlaşdırma, Maliyyə və inzibati komitələr. Bu komitələrin hər birinin öz
iş planı var, onlar müntəzəm yığışıb işləyirlər. Bundan əlavə Sİ müəyyən
problemlərin öyrənilməsi məqsədilə xüsusi nümayəndə heyətlərini dünyanın
müxtəlif yerlərinə göndərir.
Sİ qeyri-hökumət təşkilatı kimi BMT-nin (I kateqoriya) konsultativ üzvü statusuna
malikdir və beynəlxalq problemlərin həllində bir çox beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir.
Bu təşkilata tamhüquqlu üzv kimi 79, məşvərətçi hüquqla 28, müşahidəçi kimi 20,
qardaş təşkilat kimi 3, assosiativ üzv kimi 9 təşkilat daxildir.
Sosinternin konqreslərarası işlərinə Şura və Katiblik rəhbərlik edir.
Şuranın Rəyasət Heyətinə vitse-prezidentlər və Baş katib daxildirlər.
Rəyasət Heyətinin iclasına sosialist və fəhlə hərəkatının görkəmli xadimləri sırasından
seçilən fəxri prezidentlər də dəvət edilir. Sİ-¬nin icra aparatına, komitə və
işçi qrupların fəaliyyətinə baş katib rəhbərlik edir. Sİ-nin iqamətgahı
Londondadır, rüblük Socialist afears (Sosialist işləri) jurnalı və aylıq
Socialist news (Sosialist xəbərləri) bülletenini dərc edir.
SOSİALİST İNTERNASİONALININ SƏNƏDLƏRİ
1951-ci ildə bərpa olunmuş Sosialist İnternasionalı «Demokratik sosializmin məqsəd
və vəzifələri» sənədini qəbul etmişdir. Bu sənəd eyni kəskinliklə həm
kapitalizmi, həm də «real sosializmi» tənqid edərək bu iki cəmiyyətdəki
bərabərsizliyi, ədalətsizliyi, zəhmətkeşlərin ifrat istismarını və
yoxsulluğunu6 milli və irqi ayrı-seçkiliyi qəti pisləmişdir. Kapitalizmə və
«real sosializmə» alternativ kimi vətəndaşların siyasi, iqtisadi və sosial
hüquqlarına geniş təminat verən «Demokratik sosializm» modeli irəli
sürülmüşdür. Demokratik sosializmin mühüm cəhətlərindən biri onun ideoloji
baxımdan bitərəflikdir, yəni istənilən dünyəvi və dini ideologiya əsasında onun
qurulmasının mümkünlüyü bəyan edilirdi.
1962-ci ildə Osloda keçirilmiş Şura iclasında «Dünya bu gün: sosialist
üfüqləri» bəyannaməsi qəbul edildi. Bu sənəddə sənaye ölkələrində baş vermiş dərin
ictimai dəyişikliklər, elmi-texniki tərəqqi, cəmiyyətin demokratikləşməsi
prosesləri təhlil edilmiş və müsbət qiymətləndirilmişdir. Eyni zamanda
insanların güclənməsi, işsizliyin artması, ölkələr və təbəqələr arasında
sərvətin ədalətsiz bölgüsü tənqid edilmişdi. Çıxış yolu kimi iqtisadiyyat
üzərində ictimai nəzarətin güclənməsi, planlaşdırma, istehlakçıların
hüquqlarının müdafiəsi təklif edilirdi.
1989-cu ildə Sİ-nin Stokholm konfransı «Sosialist İnternasionalının
prinsiplərinin bəyannaməsi» sənədini qəbul etdi. Bu sənəddə Sİ-nin ictimai
ədalət, sülh, humanizm, bərabərlik və həmrəylik prinsiplərinə sədaqəti elan
edilir, varlı Şimal ilə kasıb Cənub arasında iqtisadi inkişaf fərqinin aradan götürülməsinin
vacibliyi vurğulanırdı. Demokratik ölkələrdə cərəyan edən bir çox proseslər bu
sənəddə müsbət qiymətləndirilirdi: sosial bazar iqtisadiyyatının əsasən
formalaşması, silahlanma yarışına son qoyulması, müstəmləkə sisteminin ləğvi və
s. Eyni zamanda müasir dünyada hələ də sinfi, silki, irqi, dini və cinsi
əlamətlərə görə ayrı-seçkiliyin mövcudluğu, insan hüquqlarının pozulması,
işsizlik, təbiətin çirklənməsi kəskin tənqid edilirdi. Sənəddə bütün dünya dövlətləri
bəşəriyyətin xilası və sülh naminə sıx əməkdaşlığa dəvət edilirdi. Kommunist
rejimlərinin liberallaşması və demokratikləşməsinin zərurəti qeyd edilirdi.
Bu sənəddə «demokratik sosializm» son məqsəd kimi deyil,cəmiyyətlərin mütəmadi
ictimai və iqtisadi demokratikləşməsi, ictimai ədalətin dərinləşməsi prosesi
kimi səciyyələndirilir. Sosinternin təməl prinsiplərinə gəldikdə isə, «azadlıq,
bərabərlik və həmrəylik» prinsiplərindən müasir mərhələdə liberalların və
mühafizəkarların ədalət, bərabərlik və həmrəylik hesabına fərdi azadlığı
şişirtməsi, kommunistlərin azadlıq hesabına bərabərlik və həmrəyliyi qabartması
qeyd edilirdi. Sİ-nin məqsədi isə bu prinsiplərə ahəngdar şəkildə və bərabər
riayət edilməsidir.
SOSİALİST İNTERNASİONALI VƏ İQTİSADİ SİYASƏT
Sosial-demokratiya xüsusi mülkiyyəti də, ictimai mülkiyyəti də tanıyır. Yırtıcı
kapitalizmin tüğyan etdiyi XIX əsrdə başlamış bu hərəkat təkamül yolu ilə
kapitalizm cəmiyyətinin köklü demokratikləşməsinə nail olmuşdur və bu prosesi
davam etdirir. İnhisarların antidemokratik mahiyyətini anlayan və tənqid edən
sosial-demokratiya Beynəlxalq Valyuta Fondunun və Ümumdünya Bankının iqtisadi
siyasətini tənqid edir, Cənub ölkələrində yoxsulluq və kütləvi aclığa gətirən
bu siyasətin dəyişdirilməsini tələb edir. «İqtisadi demokratiya bürokratik
dövlətin iqtisadiyyat üzərində nəzarəti deyil.
İqtisadiyyatın idarə edilməsində əməkçilərin özlərinin və onların birləşdikləri
könüllü assosiasiyaların geniş iştirakı vacibdir. Cəmiyyətdə sosial deformasiyalar,
təbiətin çiçəklənməsinə gətirən sürəkli iqtisadi inkişafın özü də tənqid
hədəfinə çevrilir. Elmi-texniki tərəqqi bütövlükdə müsbət hadisə olsa da, onun
doğurduğu bir sıra mənfi təzahürlər, məsələn, artan işsizlik bu prosesin də
cəmiyyətin nəzarəti altına ciddi alınmasını tələb edir. İnsanların və ifrat təmərküzləşməsinin
alternativi kimi Sİ qeyri-təmərküzləşmiş ictimai mülkiyyət və cəmiyyətin
iqtisadi qərarların qəbuluna nəzarətini görür. Yeni texnologiyaların
tətbiqindən alınan izafi gəlirin müəyyən hissəsi yeni iş yerlərinin açılmasına
yönəldilməlidir. İşsizliyə qarşı kəsərli vasitə kimi iş həftəsinin qısaldılması
tələbi də qoyulur. Zəhmətkeşlər, xüsusilə gənclər arasında artan işsizlik
məyusluğa və gərginliyə, demokratik dəyərlərə olan inamın zəifləməsinə gətirə
bilər. İşsizlik probleminin həlli üçün kadrların əmək bazarında tələb olunan
yeni peşələrə yiyələnməsi məqsədilə həm dövlət, həm də sahibkarlar tərəfindən
müəyyənləşdirilən xüsusi hazırlıq proqramlarının gerçəkləşməsi məqsədi qoyulur.
Dünya miqyasında ədalətli iqtisadi münasibətlər qurulması məqsədilə Sosintern
yoxsul Cənub ölkələrinə gerilikdən qurtulmaq üçün xüsusi şərait yaradılmasını
təklif edir. Əsasən xammal mənbəyi olan bu ölkələrlə zəngin Şimal ölkələri öz sənaye
məhsullarını mübadilə edərkən ədalətli qiymətlərə riayət etməlidirlər. Zəngin
ölkələrin hər biri öz ÜDM-nun ən azı 0,7%-nı yoxsul ölkələrə əvəzsiz yardım
kimi verməlidir.
Qeyd etməyə dəyər ki, Sosinternin üzvü olan bir çox ölkələr BMT tərəfindən bəyənilmiş
bu təklifi gerçəkdən həyata keçirir, Danimarkanın sosial-demokrat hökuməti isə
bu yardımın həcmini öz ÜDM-nun 1%-nə çatdırmışdır. Təklif edir ki, Şimal
ölkələri Cənuba müasir texnologiyaları əlverişli şərtlərlə verməli və infrastrukturun
inkişafına sərmayə qoymalıdır.
Yoxsul cənub ölkələrinin xarici borclarının kəskin azaldılması üçün onun böyük
bir hissəsinin silinməsi, qalan hissənin ödəniş müddətinin uzadılması təklif
edilir.
1996-cı ildə Sosintern Nyu-Yorkda BMT-nin iqamətgahında öz XX konqresini keçirdi.
Bu konqresdə iqtisadi məsələlərə böyük diqqət verildi. Konqresin qəbul etdiyi
«Dünya iqtisadiyyatı haqqında bəyannamə»də qeyd edilir ki, müasir mərhələdə
kollektiv məsuliyyətə söykənən yeni sistemə ehtiyac vardır. Bəyanata epiqraf
kimi Con Smitin aşağıdakı sözləri götürülmüşdür.
«Biz inanırıq ki, bazar iqtisadiyyatının insanlara xidmət etməkdən başqa yolu
yoxdur». Bu sənəddə qeyd edilir ki, müasir iqtisadiyyatın ən bariz xüsusiyyəti
onun bütün Yer kürəsini əhatə etməsi, qloballaşmasıdır. Bu prosesin müsbət
cəhəti ondadır ki, iqtisadi səmərə yüksəlir, dünya ticarəti artır, alıcılara
daha ucuz və keyfiyyətli mallar təklif edilir. Digər tərəfdən yeni sistemə
ehtiyac yaranıb, çünki qloballaşmanın mənfi cəhətləri də vardır. Bu mənfi cəhətlər
isə aşağıdakılardır, maliyyə sarsıntıları, qeyri-rəvan inkişaf, bərabərsizliyin
artması yüksək işsizlik, sosial gərginlik, sənaye və maliyyə oliqarxiyaları
siyasi və iqtisadi demokratiyaya əngəl törədir. Bunun qarşısını almaq üçün yeni
sistemdə kollektiv məsuliyyəti, seçilmiş və seçicilərinə cavabdeh olan, qərar
qəbul etmək səlahiyyəti olan heyətlərin vəzninin artırılması gərəkdir. Eyni
zamanda beynəlxalq maliyyə və ticarət təşkilatlarının işi yenidən qurulmalı, regional
və qlobal əməkdaşlıq zəhmətkeşlərin hüquqlarının müdafiəsi prinsiplərinə
uyğunlaşdırılmalıdır.
Sosinternin İqtisadi Siyasət, İnkişaf və Təbiətin Mühafizəsi Komitəsinin sədri,
Portuqaliyanın baş naziri Antonio Qutyerres, hesab edir ki, korporasiyaların
eqoizminə qarşı güclü regional blokların iradəsini və dünya miqyasında əlaqələndirilmiş
səmərəli siyasəti qoymaq olar və o, buna uğurlu misallar çəkir. Heç bir kiçik
və hətta böyük dövlət trans-milli nəhənglərə qarşı təkbaşına müqavimət göstərə
bilməz, Avropa Birliyi və Şimali Amerika dövlətlərini birləşdirən NAFTA isə
bunu bacarır.
SOSİALİST İNTERNASİONALIN 1997-Cİ İLDƏ FƏALİYYƏTİ
Sosinternin dünya hadisələrini fəal izləməsi və ona müsbət müdaxilə etməsinə
dair yalnız 1997-ci ildə keçirdiyi tədbirlərə nəzər yetirmək kifayətdir.
- Mərakeş, Tancer, 20-21 mart. Aralıq dənizi hövzəsi komitəsinin yığıncağı,
Hövzə dövlətlərinin iqtisadi-mədəni inteqrasiya müşküllərini müzakirə etmişdir.
- Ramallah, Fələstin, 14 may. Yaxın Şərq komitəsinin yığıncağı, yəhudi-ərəb
münasibətlərinin müzakirəsi.
- Subotitsa, Serbiya, 17 may. Yerli özünüidarə komitəsinin yığıncağı.
Serbiyada yerli seçkilərin yekunlarının müzakirəsi.
- Roma, İtaliya, 27-28 iyun. Mərkəzi və Şərqi Avropa ölkələri komitəsi, keçid
dövrü problemlərinin müzakirəsi.
- Madrid, İspaniya, 5-6 mart. Qlobal inkişaf komissiyası, Sݬnin XXI əsrə layiq
proqramının işlənməsi.
- Dehli, Hindistan, 10-12 noyabr. Sosintern Şurasının iclası, qlobal
problemlər.
SOSİAL-DEMOKRATİYA VƏ KOMMUNİZM: FƏRQ NƏDƏDİR.
Sosializm düşərgəsinin dağılmasından sonra bu sual aktuallığını bir qədər itirmişdir.
Eyni ideyadan - sosial ədalətdən - ilham alan eyni ictimai hərəkat öz
amallarının gerçəkləşməsi naminə iki taktikanı, inqilabi və islahatçı yolu
tutmuş iki qanada ayrılmışdır. Hər ikisinin əməli təcrübəsi artıq tarixi
tədqiqat obyektidir. Lakin sadə suallara aydın cavablar vasitəsilə bu məsələyə
bir daha işıq salmaq faydalı olardı.
1. Ümumi sual. Kommunistlərlə sosial-demokratlar arasında fərq nədədir.
Cavab: XX əsrin əvvəllərində sosial-demokratiyada iki qanad formalaşdı - inqilabçı
kommunistlər və islahatçı sosial-demokratlar. Kommunistlər hakimiyyət uğrunda
inqilabi zorakılığı, bir sinfin diktaturasını, sinfi mübarizəyə burjuaziyanın
bir sinif kimi məhv etməklə son qoyulmasını zəruri sayırdılar.
Sosial-demokratlar aramsız islahatları, demokratiyanın genişlənməsini, sinfi
ziddiyyətlərin sinfi əməkdaşlıq yolu ilə yumşaldılmasıın müdafiə edirlər.
Hakimiyyətə zorakı, yaxud seçki ilə gəlmək məsələsi kommunistləri və
sosial-demokratları kəskin fərqləndirir. Lakin sosial-demokratların bir hissəsi
heç də Karl Marksı tam inkar etmir və belə sayır ki, onun əsərlərində XIX əsrin
ən zəngin sosialist iqtisadi və fəlsəfi mirası toplanmışdır.
Onlar sadəcə marksizmin «köhnəlmiş» müddəalarından imtina edirlər. Belə
imtinadan sonra marksizmdə fransız sosializmi, alman fəlsəfəsi və ingilis
siyasi iqtisadı qalır ki, Marksın özünün nəzəri əlavəsinin yerinə təbii olaraq islahatçı
Bernşteyn və Kautskinin nəzəriyyələri gəlir.
2. Sual: Sosializm nədir.
Kommunist cavabı: Sosializm - tarixən labüd mərhələdir. Sosializm tam ictimailəşdirilmiş
və vahid plan əsasında idarə olunan bütün imtiyazların ləğv edildiyi
ictimai-siyasi quruluşdur.
Sosial-demokrat cavabı: Sosializm - cəmiyyətlərin öz təcrübəsi və inkişaf
səviyyəsindən asılı olaraq müxtəlif formalarda təzahür edən təşkilatlanma prinsipidir.
Sadəcə olaraq onu belə ifadə etmək olar: insanların bərabər hüquqla həyatın
bütün sahələrində iştirak etməsi.
3. Sual: Sosializm nə üçün zəruridir.
Kommunist cavabı: Sosializm - tarixin doğruluğu obyektiv zərurətdir. Onun gerçəkləşməsi
bütün bəşəriyyət naminə fəhlə sinfinin yerinə yetirdiyi vəzifədir. Sosializm -
kapitalizmin süqutunun tarixi irsidir.
Sosial-demokrat cavabı: Sosializm - mənəvi tələbatdır. O, ədalətsiz ictimai münasibətlərdən
narazı olan bütün insanların marağına cavab verir. Sosializm onda maraqlı olan
insanların istədikləri miqdarda və şəkildə həyata keçə bilər.
4. Sual: Sosializmi necə gerçəkləşdirmək olar.
Kommunist cavabı: Fəhlə sinfi kapitalizm mərhələsində təşkilatlanır və öz
tarixi vəzifəsini dərk edir. Fəhlə sinfi inqilabi yolla kapitalizmi yıxır və tamamilə
yeni sosializm qayda-qanunu yaradır. İnqilabdan əvvəl kapitalizmin sosializm
ruhunda islahatı sosializm üçün dağıdıcı rol oynayır.
Sosial-demokrat cavabı: Fəhlə sinfi kapitalizm mərhələsində təşkilatlanmalı və
sosialist prinsiplərini, mövcud münasibətlərə alternativləri dərk etməlidir.
Fəhlələr öz mənafelərinə cavab verən konkret alternativ təklifləri hazırlamalı,
fəhlələrin hazırlıq səviyyəsini və mövcud ictimai şəraiti nəzərə alaraq addım-addım
kapitalist münasibətlərini sosialist münasibətləri ilə əvəz etməlidirlər.
Sosializm quruculuğu cəmiyyətdə səmərəli islahatların və bunun nəticəsində
əməkçilərin bilik və təcrübələrində demokratik inkişafın sayəsində mümkündür.
Sosializm - bütün sahələrdə demokratiyanın durmadan genişlənməsidir.
5. Sual: Sosialistləşmə nədir.
Kommunist cavabı: Konkret daşıyıcısı və təşkilati forması bəlli olmayan tam ictimai
məsuliyyət. Məzmunu və mahiyyəti cəmiyyətə bəlli olmayan total planlaşdırma
bütün mərkəzi və yerli strukturları əhatə edir.
Sosial-demokrat cavabı: Cəmiyyət bütün istehsal vasitələri üzərində ali
mülkiyyətçi hüququna malikdir. Lakin sosialistləşdirmə heç də istehsal vasitələrinin
milliləşdirilməsi və ya müsadirəsi deyil, onlardan tam və ya qismən istifadə
hüququnun ictimai marağı ifadə edən müxtəlif qruplara verilməsidir.
Sosialistləşdirmə heç də bazar münasibətlərinin ləğvi deyil, çünki bu
münasibətləri tənzimləmək yolu ilə ictimai maraqları ödəmək mümkündür.
6. Sual: Dövlət və demokratiya nədir.
Kommunist cavabı: Dövlət iqtisadi baxımdan hakim olan sinfin siyasi hökmranlıq alətidir.
Marksizmə meyl edən sosial-demokratlar demokratik dövlətin sosialist ictimai
münasibətlər üçün əsas olacağı ehtimalını qəbul edirlər. Marks özü də bu
məsələdə birinci və ikinci baxış arasında tərəddüd etmişdir.
Sosial-demokrat cavabı:Dövlətin funksiyaları təşkilindən b7 legitimliyindən
asılıdır. Demokratik dövlət bütün cəmiyyətin maraqlarını ödəməyə qadirdir.
Demokratiya - sosializmə aparan yeganə yoldur, sosializmin üzvü tərkib
hissəsidir, sosialist prinsipi olan bərabər azadlıq üçün gerçəkləşmə
mexanizmidir.
7. Sual: İnqilab nədir.
Kommunist cavabı: İnqilab kapitalizmi dağıdan və sosializm quruculuğuna yol
açan tarixən zəruri hərəkətdir.
Sosial-demokrat cavabı: İnqilab qeyri-qanuni zorakılıq olaraq yalnız
demokratiyanın müdafiəsi və ya onun bərqərar olması üçün faydalı ola bilər.
Lakin zorakı inqilab cəmiyyət strukturlarını sosialist prinsipləri ruhunda yenidən
qurmağa imkan vermir. Sosializm cəmiyyətinin yaradılması demokratiya
şəraitindən və uzun müddət davam edən təkamüllə mümkündür.
Bu qısa sual-cavab şəklində təqdim edilən müqayisənin müəllifi alman alimi Tomas
Mayerdir. Alman təcrübəsi bu sahədə xüsusilə əhəmiyyətlidir, çünki eyni tarixi
təcrübəyə və mədəniyyətə malik olan bir xalq 50 il bölünüb ilk müxtəlif
iqtisadi sistemdə yaşamalı olmuşdur. Federativ Almaniyanın dövlət quruluşuna
isə sosial-demokratiya ciddi təsir etmişdir və etməkdədir.
Bu nəzəri müqayisənin əməli sübutu kimi ADR-in AFR-ə qovuşması alındı.
DÜNYA SOSİAL-DEMOKRATİYASININ LİDER PARTİYALARI
- Almaniyanın Sosial-demokrat Partiyası - 1863-cü ildə yaradılıb. Üzvlərinin
sayı: 1 milyona yaxın. Oskar Lafonten. «Forverts» (İrəli) məlumat və «Noye
Gezelşaft» (Yeni cəmiyyət) nəzəri jurnallarını nəşr edir. Hakimiyyətdə olduğu
illər: 1919-1925; 1928-1933; 1966-1969 (koalisiyada); 1969-1983.
- Fransa Sosialist Partiyası - 1905-ci ildə yaranıb. Üzvlərinin sayı - 200 min.
Sədri - L.Kospen. Hakimiyyətdə olduğu illər: 1936¬-1938; 1944-1946.
1955-1958; 1981-1986; 1988-1993; 1997 - indiyə kimi. Mətbu orqanı - həftəlik
«Vandredi» (Cümə) jurnalı.
- İsveç Sosial-demokrat Fəhlə Partiyası - 1989-cu ildə yaranıb. Üzvlərinin
sayı: 600 min. Mətbu orqanı: «Tiden» (Zaman) və «Aktueltipolitik» (Aktual
siyasət) jurnalları. Hakimiyyətdə olduğu illər: 1914-1976; 1982 - indiyə kimi.
- Norveç Fəhlə Partiyası - 1887-ci ildə yaranıb. Üzvlərinin sayı - 160 min.
Hakimiyyətdə olduğu illər: 1935-1940, 1945-1965, 1971¬1981; 1986-1989. 1992 -
indiyə kimi.
- İspan Sosialist Partiyası - 1879-cu ildə yaranıb. Üzvlərinin sayı 250 min.
Mətbu orqanı «Sosialista» qəzeti. Hakimiyyətdə olduğu illər: 1936-1939.
1982-1996.
- İtaliya Sosialist Partiyası - 1892-ci ildə yaranıb. Mətbu orqanı «Avantı»
(İrəli) qəzeti və «Mando operayo» (Fəhlə dünyası) jurnalıdır. Hakimiyyətdə
olduğu illər: 1944-1947; 1963-1973; 1980-1987; 1994 - indiyə qədər.
- Avstriya Sosialist Partiyası - 1889-cu ildə yaranıb. Üzvlərinin sayı: 700
min. Mətbu orqanı: «Noye arbayter saytunq» (Yeni fəhlə qəzeti) və «Tsukunf» (Gələcək)
jurnalıdır. Hakimiyyətdə olduğu illər; 1918-1920. 1945-1966; 1970 - indiyə
kimi.
- Böyük Britaniyanın Leyboistlər Partiyası - 1900-cü ildə yaranıb. Üzvlərinin
sayı - 300 min. Mətbu orqanı: «Leybor uikli (Həftəlik fəhlə) və «Nyu souşialist
(Yeni sosialist) jurnalı. Hakimiyyətdə olduğu illər: 1916-1924.
1929-1931; 1945-1951; 1964-1970; 1974-1979; 1997 - indiyə kimi.
- Danimarka Sosial-demokrat Partiyası - 1871-ci ildə yaranıb. Üzvlərinin sayı:
110 min. Mətbu orqanı: «Aktual» (Aktual) qəzeti və «Nyu politik» (Təzə siyasət)
jurnalı. Hakimiyyətdə olduğu illər: 1916¬1918; 1924-1940.
1945-1960; 1971-1973; 1975-1982; 1992 - indiyə kimi.
Avropada sosial-demokrat və sosialist partiyaları indiki zamanda aparıcı mövqe tuturlar.
Avropa Birliyinin üzvü olan 15 ölkədən 13-də bu partiyalar təkbaşına və ya
koalisiyada hökumətdədirlər. Bundan əlavə yeni müstəqil dövlətlərin çoxunda
hakimiyyətdə sollardır. Eyni zamanda Avropa kommunist partiyalarının
əksəriyyəti XIX-XX əsrlər üçün səciyyəvi sayılan ifrat solçuluqdan uzaqlaşaraq
sosial-demokratiyaya yaxın mövqe tutmuşlar.
Azərbaycanda XX əsrin əvvəlində sosial-demokratiya Bu mövzuya dair ən geniş
məlumatı İ.S.Bağırovanın «XX əsrin əvvəllərində Azərbaycanda siyasi partiya və
təşkilatları» kitabından almaq mümkündür.
İlk sosial-demokratiya özəyi 1890-cı ildə buraya ezam və ya sürgün edilmiş rusiyalı
esdeklər (Sosial Demokratlar) yaratmışlar. Milli kadrlar bu təşkilatlarda yox
dərəcəsində idi, çünki rus esdekləri milli məsələdə proletar
beynəlmiləlçiliyindən başqa heç nə təklif edə bilmirdilər. 1904-cü ilin oktyabr
ayında müsəlman sosial-demokratlarının ilk təşkilati - «Hümmət» və eyni adlı
qəzeti - yarandı. Bu təşkilat yerli əhalinin milli, mədəni, sosial və iqtisadi
ehtiyaclarını ümdə plana keçirirdi. «Hümmət» qəzeti 1905-ci ilin fevralında
erməni-müsəlman qırğınları baş verəndən sonra, cəmi beş ay çıxandan sonra
qadağan edildi. «Hümmət»in yaradıcıları M.Ə.Rəsulzadə, M.A.Mir-Qasımov, M.H.Hacınski,
A.Kazımzadə, S.M.Əfəndiyev, M.Ə.Əzizbəyov və başqa türk ziyalıları idi.
Onlardan yalnız bir neçəsi, o cümlədən M.Ə.Əzizbəyov Rusiya sosial-demokrat
fəhlə partiyasının üzvü idilər. Qalanları isə sadəcə sosialist ideyalarına
rəğbət bəsləyənlər idi. Polis məlumatlarında 1905-ci ildə deyilirdi ki,
«Hümmət»çilərdən yalnız M.Əzizbəyov, Ə.Ağayev, İ.Aşurbəyov və S.Mövsümov
tanınırlar və bu təşkilat inqilabi deyil. «Hümmət» heç vaxt RSDFP-nin tərkibinə
daxil olmamış və fasilələrlə 1920-ci ilə kimi müstəqil fəaliyyət göstərmişdir.
1905-1907-ci illərdə «Hümmət» RSDFP ilə müttəfiq kimi çıxış etmiş, Dövlət
Dumasına seçkilərdə, həmkarların işində, nümayiş-tətil hərəkatında, milli qırğınların
yatırılmasında iştirak etmişdir. Əsas nüvəsi 11¬12 adam olan «Hümmət»in sayı bu
illərdə cəmi 60 nəfər olmuşdur. Hümmətçilər vətəndaş azadlıqlarını təbliğ edən
məcmuələr dərc edir, mitinqlərdə çıxış edirlər.
Onların əksəriyyəti İrandakı məşrutə hərəkatında yaxından iştirak etmişlər.
Eyni vaxtda «Hümmət»in Tiflis, Gəncə, Şuşa, Culfa və Naxçıvanda təşkilatları yaradılmışdır.
Tiflis təşkilatı bu şəbəkəyə rəhbərlik edirdi.
1917-1920-ci illərdə Azərbaycanda inqilabi demokratik hərəkatda həm
menşeviklər, həm də bolşeviklər fəal olmuşdur. Bolşeviklərin ən fəal və aparıcı
qüvvə olduqları Bakı Kommunası barədə kifayət qədər tarixi məlumat vardır. (Hərçənd
ki, Bakı Sovetində onlar azlıqda idilər!)