Pənah Əliyev
Polyaklar üçün Yalta, «xəyanət» deməkdir. Onların əksəriyyəti İkinci
Dünya Müharibəsinin sonunu - alman işğalından qurtulub, Sovet əsarətinə
keçmək sayırdı. Polyaklar Şərqi Avropanın başqa xalqlarından
fərqlənirdilər.
Milyonlarla vətəndaşı almanlar, Sovetlər
tərəfindən qırılmış Polşa öz xalqının «homo sovieticus»a çevrilməsinə
müqavimət göstərirdi. Sovet rejiminin silahları, işgəncə və həbsləri
onların müqavimət ruhunu sındıra bilmirdi. Kəndlilər kolxozlaşmaya
keçməyə imkan yaratmırdılar, fəhlələr isə qiyam qaldırırdılar..
Ziyalı və tələbələr söz azadlığı, vətəndaş haqları uğrunda
mübarizədə işdən qovulur, mətbuata çıxa bilmir, bir çox hallarda isə
həbsxanaya atılırdılar. Kommunist dövrünün xarakterik cəhəti uyğunlaşma
ilə qiyamın qovuşmasıydı - o bəzilərini passiv müqavimətə, başqalarını
isə açıq qiyama sürükləyirdi. Fəhlə nümayişləri qanla boğulandan,
1956-cı ildə müəyyən firavanlıq ümidləri puça çıxandan sonra bir neçə
vaxt ölkədə nisbi ictimai sabitlik hökm sürdü. 1976-cı ilə qədər
müxtəlif sosial qruplar ayrı-ayrılıqda qiyam qaldırırdı. Fəhlələr və
ziyalılır arasında anlaşılmazlıqlar baş verirdi. Fəhlələr qiyama
qalxanda, ziyalılar onları müdafiə etmirdilər. 1968-ci ildə ziyalı və
tələbələr söz azadlığı uğrunda mübarizəyə başlayanda isə fəhlələr
passiv idi. Ancaq 1976-cı ildə hökumət növbəti dəfə ərzaq məhsullarının
qiymətini qaldıranda, buna etiraz əlaməti olaraq 100-ə qədər fabrikin
fəhlələri tətilə başladı. Bu vaxt ziyalılar döyülən və həbs olunanlara
hüquqi və maddi yardım göstərməyə tələsdilər. O zaman ərzaq
məhsullarının qiymətinin qalxması elan olunanda ümidsiz fəhlələr Şetsin
və Qdanskda zavod və fabriklərdən çıxmış, kommunist partiyası
bürolarını, yerli administrasiya və polis binalarnı yandırmışdılar.
Hökumət qiyamçıların üstünə ordu göndərmiş, 45 nəfər həlak olmuş,
1100-dən artıq adam yaralanmışdı. 1976-cı ildə isə hökumət fəhlələri
sakitləşdirmək üçün polis göndərdi. 2500-dək adam döyüldü və həbsxanaya
salındı, 1500 nəfər işdən qovuldu, onlarla qiyamçıya çoxillik həbs
kəsildi.
Həmin vaxt tanınmış müxalifətçi Yatsek Kuron belə bir devizlə çıxış
etdi: «Komitələri yandırmayın, özünüzünkünü yaradın!». Beləcə, məşhur
yazıçılar, hüquqşünaslar və 1968-ci ilin tələbə qiyamı
iştirakçılarından ibarət Fəhlə Müdafiə Komitəsi (FMK) yarandı. FMK
qeyri-leqal qurum olsa da, açıq fəaliyyət göstərirdi. Onun üzvlərinin
soyadı və ünvanları bilinirdi, rəhbərləri və çoxsaylı əməkdaşları
fəhlələrə həvəslə kömək edirdi. Qdanskda Lex Valensa müstəqil həmkarlar
ittifaqına qoşuldu. Qeyri-leqal qəzetlər, fəhlələrə müraciətlər
gördərməyə başladı. Senzuranın qadağa qoyduğu kitabları buraxan gizli
nəşriyyatlar fəaliyyətə başladı. FMK-nın ardınca dəyişiklik istəyən
başqa təşkilatlar da yarandı.
Fəhlə və ziyalıların, kəndli və qulluqçuların, ateist və dindarların
kommunizmə qarşı birləşməsinə bir möcüzə xüsusi yardım etdi: 1978-ci
ilin oktyabrında Krakov kardinalı Karol Voytıla - II İohann Pavel Roma
papası seçildi. Kommunizmə müqavimət göstərən və daim müxalifətə
xeyir-dua verən kardinalın papa kürsüsünə ucalması polyaklarda misilsiz
ümidlər doğurdu. Bir il sonra II İohann Pavelin Polşanı ziyarət etməsi
polyakların psixoloji durumunu dəyişdi. Papanın ətrafına toplaşmış
milyonlarla insan, kommunist rejimindən cana gəlmiş insanların kəmiyyət
göstəricisi idi.
1980-ci ilin iyununda, hökumət qiymətləri qaldıranda Polşanı növbəti
tətil dalğası bürüdü. Lex Valensanın rəhbərliyi ilə Qdanskdakı Lenin
adına Gəmiqayırma Zavodunun gəmiqayıranları 21 postulat elan etdilər.
Onların əsas tələbləri müstəqil həmkarlar ittifaqları yaratmağa razılıq
verilməsi, tətil hüququnun tanınması, siyasi məhbusların azadlığa
buraxılması, söz azadlığı və əmək haqlarının qaldırılması idi. Bütün
Polşada öz hərəkət və istəklərində qərarlı görünən və eyni zamanda dinc
mübarizəyə üstünlük verən fəhlələr hökuməti onlarla müqavilə imzalamağa
məcbur etdi. Kommunist blokunda ilk dəfə olaraq hökumət müstəqil
həmkarlar ittifaqının yaranmasına razılıq verdi. Beləcə, “Solidarnost”
yarandı.
Hər fabrikdə, hər təhsil müəssisəsində və idarədə adamlar
təşkilatlanmağa başladı. Az bir zamanda bu ittifaqa on milyon adam
qoşuldu. Hərəkatın «Solidarnost» adlı həftəliyi 500 min tirajla
çıxırdı. Kommunistlər müstəqil həmkarlar ittifaqları yaranmasına
razılıq verməklə “Solidarnost”un rəhbərliyini parçalamağa və cəmiyyəti
qorxutmağa ümid edirdilər. Bu ümid özünü doğrultmadı. Hakimiyyətin imza
atdığı müqaviləyə əməl etməməsi “Solidarnost” üzvlərini
radikallaşdırırdı. Sanki bütün cəmiyyət kommunistlərə itaətsizlik
göstərirdi.
Belə bir şəraitdə, 1981-ci il dekabrın 13-də general Voytsax
Yaruzelski hərbi vəziyyət elan etdi. Lex Valensa və “Solidarnost”
rəhbərliyi də daxil olmaqla, 10 mindən çox adam həbsə atıldı. Həmkarlar
ittifaqları və digər təşkilatlar qanundankənar elan edildi. Silah
işlətmək tapşırığı almış ordu və polis etiraz tətillərini dağıtdı.
Dünyanın Polşada hərbi vəziyyət tətbiqinə münasibəti xeyli sərt
oldu. Qərbi Avropanın, demək olar ki, bütün paytaxtlarında
“Solidarnost”a dəstək yürüşləri keçirildi. ABŞ hökuməti iqtisadi
sanksiya tətbiq etdi. Qərb ölkələrinin adi vətəndaşları polyaklar üçün
ərzaq və geyim göndərməyə başladılar.
Kommunist hökuməti hərbi vəziyyət tətbiq etməklə məqsədinə çata
bilmədi. Öz nəşriyyatı, mətbu orqanı və müstəqil rəhbərliyi olan gizli
“Solidarnost” yarandı. Qərbin həmkarlar ittifaqları və cəmiyyətləri
gizli müqavimətçilərə maddi yardım etdilər. Katolik kilsələri liderlərə
gizlənməyə, gizli görüşlər keçirməyə və mədəni yönlü fəaliyyət
göstərməyə şərait yaratdı. L.Valensanın 1983-cü ildə Nobel sülh
mükafatına layiq görülməsi isə müqavimət ruhunu xeyli qaldırdı. Roma
papasının hərbi vəziyyət dövründə iki dəfə bu ölkəni ziyarət etməsi və
xüsusilə onun 1986-cı ildə Qdanskda dediyi «Solidarnost”un böyük irsi
öz aktuallığını saxlayır» sözləri çox əhəmiyyətli oldu.
Hakimiyyət zəifləyirdi: gizli “Solidarnost”la mübarizə uzandıqca
iqtisadi vəziyyət pisləşirdi. Eyni zamanda Sovet İttifaqı Əfqanıstan
müharibəsi və sürətlə silahlanma nəticəsində gücünü itirirdi. Özü iflas
olduğu halda o, başqa müflisi saxlamaq gücündə deyildi. Qorbaçovun
yenidənqurma siyasəti də SSRİ-ni dərin böhrandan çıxara bilmədi.
1988-ci ilin yaz və yayında yenidən tətillər qızışdı. Fəhlələr
“Solidarnost”un leqallaşmasını tələb etdilər. Hakimiyyət artıq başa
düşürdü ki, siyasi dəyişiklik olmadan tətillərin dayandırılması mümkün
deyil. Və “Solidarnost”un leqallaşması şərtini irəli sürməklə
müxalifətlə ilkin danışıqlara başladı. 1989-cu ilin fevralında
kommunistlər və müqavimətçilər dəyirmi masa ətrafında toplaşdılar.
Polşa və bütün dünya nəfəs çəkmədən danışıqları izləyirdi - tarixdə ilk
dəfə kommunistlər güllə yerinə söz yarışına qol qoymuşdular. Razılaşma
əldə olundu.
1989-cu ilin 4 iyununda “Solidarnost” Seym və Senata seçkilərdə
mütləq qələbə qazandı. Avqustda müxalifətçi Tadeuş Mazovetski 40-cı
illərdən bəri ilk qeyri-kommunist baş nazir oldu. Polyaklar sevinc
içərisində idilər. Ancaq adamlar Moskvanın reaksiyasından
ehtiyatlanırdılar. Polşada hələ də 1956-cı il Budapeşt qiyamının
yatırılmasını və 1968-ci ilin qanlı Praqa baharını xatırlayırdılar.
Ölkə bazar iqtisadiyyatı və demokratik sistem tətbiq edən
qeyri-kommunist hökuməti ilə təklikdə qalmışdı.
Ancaq anti-kommunizm dəryasına atılmış polyak daşı tezliklə ətrafda
geniş dairə yaratdı. Oktyabrda Macarıstan özünün «dəyirmi masa»sından
sonra çoxpartiyalı sistemə keçdi; noyabrda Berlin divarları çökdü;
dekabrda qanlı hadisələrdən sonra Çauşesku hakimiyyəti süquta uğradı,
Çexoslovakiyada Vatslav Pavel prezident seçildi. 90-cı ilin yanvarında
bolqar “dəyirmi masası”nın iclasları başladı. Oktyabrda isə 45 ildən
sonra Almaniya birləşdi.
Yalta müqaviləsi beləcə yoxa çıxdı. Avropa yenidən bir oldu.
… Və 2003-cü ildə YUNESKO Qdansk fəhlələrinin 21 postulatı yazılmış
orijinal lövhəni dünyanın tarixi obyektlərinin reyestrinə yazdı.
|