AZ | ENG

Məqalələr

Pənah Əliyev [2]
Cavid Ramazanov [10]
Sebinə Rəsulova [1]
Nermin Ramazanova [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Каталог статей

Baş səhifə » Məqalələr » Yazarlar » Cavid Ramazanov

Ümidsiz xalq…
Cavid Ramazanov

… və merkantil ziyalı zümrəsi haqqında 8720 işarə

18-ci əsrin məhşur fransız filosofu Volter dövlət formalarından danışarkən deyirdi: “Hansı yaxşıdır - monarxiya yoxsa respublika? Bu sualın insanlara ünvanlandığı artıq 4 min ildir. Əgər mən bu sualı varlılara versəm, onlar aristokratiyanı istəyəcəklər, xalqa, adi adamlara ünvanlasam, onlar demokratiyanı istəyəcəklər.

Bəs bu necə olub ki, bütün yer üzü monarxlarla idarə olunur?” Sonda isə ironiya ilə əlavə edirdi: “Bunun səbəbini pişiyin boynundan zəng asmaq istəyən siçovuldan soruşun”.
Volter bu sözləri dey əndə həmin dövr idi ki, dünyanın, demək olar, bütün xalqları zülm içərisində, amansız monarxlar tərəfindən idarə olunurdu. Az qala bütün cəmiyyətlər daxilində xurafat, cahillik, nadanlıq, qorxaqlıq, qaragüruhçuluq hakim idi.
İndi bütün dünyanı 17-ci əsrdəki kimi monarxlar idarə etmir. Bir çox xalqlar azadlığa çıxıb, monarxiyadan qurtulub, öz azad dövlətlərini, daxili demokratiyasını yaradıb. Buna səbəb yalnız həmin xalqlara məxsus keyfiyyətlərin üstün olması deyil. Buna səbəb həm də  həmin xalqların ideoloqlarının, yazıçılarının, alimlərinin, filosoflarının, bir sözlə, elmli, intellektual, yaradıcı təbəqəsinin ədalət uğrunda mübarizə aparması, öz xalqlarının faciəsinə şərik çıxmaları, ona zülm edən tiranların siyasəti ilə barışmamasıdır!
Məşhur bir aforizm var: “Kütlə hər yerdə kütlədir.” Bu kütləyə kimsə yol göstərməsə, onu bataqlıqdan çıxarmaq istəməsə, o, heç vaxt könüllü bu vəziyyətdən çıxmaq, qurutuluş, nicat istəməyəcək, hətta o, özü bunu istəsə belə, bir nəticəsi olmayacaq. Yalnız intellektual təbəqənin kütlənin önünə çıxıb onu həqiqi azadlığa yönəltdiyi, qurtuluşun harada olduğunu göstərdiyi və bu yolda xalqı tək qoymadığı, xalqın önündə getdiyi vaxt əsl nicata qovuşmaq mümkündür.
Dünyanın istənilən inkişaf etmiş ölkəsinin məşhur fikir, düşüncə adamlarının, yaradıcı-intellektual təbəqəsinin bioqrafiyasını oxuyun. Siz onların əksəriyyətinin tərcümeyi-halında ədalət uğrunda mübarizənin ön sıralarında olduğunu, tiranlığın yox, xalqınyanında dayandığını görəcəksiniz. Elə ona görə də həmişə hansısa əsəri oxuyanda mütləq onun müəllitinin bioqrafiyasına göz atıram. Bu, təbii istəkdir. Əsərində böyük dəyərlərdən danışanların şəxsiyyət kimi keyfiyyətləri adamı maraqlandırmaya bilməz. Məsələn, orta əsr Avropa və Şərq (əsasən Azərbaycan) ədəbiyyatını oxuduğum zaman maraqlı müqayisə tapdım. Azərbaycan ədəbiyyatının Nizami ilə vüsət alan, Füzuli ilə daha da güclənən klassik poeziyasında xalqın azadlıq və xoşbəxtlik hisslərinin tərənnümü var, amma bu poeziyanı yaradanların tərcümeyi-halında həmin hisslərin həyata keçməsi üçün heç bir əməli iş yoxdur. Sadəcə, şahlara, xanlara mətnaltı məsləhətlər verilir ki, “bu xalqa çox da zülm eləmə, yazığın gəlsin”.
Oysa 13-cü əsr məşhur italyan şairi Dante yaradıcı fəaliyyətindən başqa, həm də siyasətlə məşğul olurdu, öz xalqına qarşı haqsızlığa  etiraz edir, hətta əlində qılınc, at belində mübarizə aparırdı. Onun barışmaz mövqeyi axırda sürgün edilməsi ilə nəticələndi və Dante ömrünün sonunadək doğma vətəninə qayıda bilmədi. Bununla belə, Dante sonralar dünyaca məşhur əsərə çevriləcək, ölməzlik qazanacaq “İlahi komediya”nı yazmaqla, öz düşmənlərini cəhənnəmdə yandırdı, mübariz, cəsur insanları isə cənnət gözəlliyində mədh elədi. Elə o zamandan etibarən Avropada Dantenin ənənələri və əməlləri yaşadı. 15-16-cı əsrlərdə Avropada bir çox şairlər, alimlər, filosoflar azadlıq, bərabərlik kimi ümumbəşəri ideyalar uğrunda diri-diri tonqalda yandırıldı. Məsələn, 17-ci əsr İngiltərəsində başlayan azadlıq hərəkatının öndə gedənlərindən biri barışmaz ideoloq və şair Con Milton idi.
19-cu və 20-ci əsr rus ədəbiyyatına baxdığımızda gözümüzə ilk görünən yaradıcı, intellektual insanların həbsləri, sürgünləri, qətllləridir. Rus xalqının azadlığı və xoşbəxtliyi uğrunda dönmədən mübarizə aparan yazıçılar, elm adamları, filosoflar o qədər çoxdur ki, saymaqla qutarmaq olmaz. Bu insanların hər birinin həyatından bir kitab yazmaq mümkündür. Puşkinin, Tolstoyun, Çexovun və digərlərinin başına gətirilənləri, onların sürgündə keçən faciəli həyatlarını bütün zamanlar üçün əsl ziyalı örnəyi kimi göstərə bilərik.
Amma bu sırada bütün zamanların ən böyük yazıçılarından biri Fyodr Mixayloviç Dostoyevskinin bioqrafiyası mənim üçün xüsusən maraqlıdır. Çünki o, “Cinayət və cəza”, “İdiot”, “Karamazov qardaşları” və digər şedevrlərini ölüm səddini aşaraq yazıb.
1846-cı ildə Dostoyevski “Alçaldılmışlar və təhqiredilmişlər” romanını yazanda cəmi 25 yaşı vardı. O, bu romanın uğuru ilə bütün rus ədəbi mühitini silkələmiş, heyrətləndirmişdi. Gənc Dostoyevskini 19-cu əsr rus intellektual dairələri gələcəyin ən böyük yazıçısı hesab edirdi.
Amma heç bir il keçməmiş ona ölüm cəzası verildi. Səbəbi isə Çarın siyasəti ilə barışmaması və Petraşevskinin inqilabi dairəsinin üzvü olmasıydı. Doğrudur, ölüm cəzasından ən son anda - dar ağacının altındaykən xilas oldu. Əvəzində isə ömrünün 4 ilini katorqada, 3 ilini isə isə sürgündə keçirmək məcburiyyətində qaldı.
Çəkdiyi bütün bu əzablar onun şedevr əsərlərinin hər bir cümləsinə hopdu. O bütün dünyanın, öz xalqının vicdanlı olması üçün çalışdı, bir  - birindən qiymətli əsərlər yaratdı. Bütün dünya onun şəxsi faciəsindən yararlandı.
Dostoyevskinin bioqrafiyasını oxuyan hər bir insana yəqin ki, qəribə gəlib onun 25 yaşda böyük uğur əldə etməsinə baxmayaraq, gələcəkdə necə böyük əsərlər yaradacağını bilə - bilə ölümə getməsi. Amma əsl ideoloqluq, əsl müdriklik budur. Şəxsi mənafeyi kənara qoyub ədalətli olmaq, öz xalqının dərdləri üçün çalışmaq. Dostoyevski həmişə inanırdı və ümüd edirdiki onun xalqı gün gələcək xoşbəxt olacaq, əzilən, tapdalanan yazıq olmayacaq.
“Mən başqa cür yaşaya bimərəm, yalnız o ümidlə yaşayaram ki, bizim 90 milyonluq rus xalqı (yaxud gələcəkdə onlar neçə milyon olacaqlarsa)
nə vaxtsa təhsilli və xoşbəxt olacaqlar”. O belə düşünürdü və həyatı boyu bunun üçün çalışırdı.
Oxuyanlar yaxşı bilirki, onun şəxsi həyatında çoxlu səhvləri vardı və o özü də bundan əziyyət çəkirdi. Əsərlərinin birində o buna işarə edərək deyirdi: “İnsan üçün vicdan azadlığından cazibədar bir şey yoxdur, fəqət bundan əziyyətli bir şeydə yoxdur”
Dostoyevski  müqəddəs deyildi. Amma müqəddəs Viktor Hüqo yazırdı: “Müqəddəs olmaq müstəsna bir şeydir. Yolunuzdan çıxın günah iş görün, ancaq ədalətli olun. Ədalətli olmaq qaydadır”.
Dostoyevskini dünyaya sevdirən onun ədalətli olması idi.
Bizi dünyanın öndə gedən cəmiyyətlərindən fərqləndirən məhz budur. Azərbaycan və Azərbaycan kimi ölkələrdə cəmiyyətin intelektual, öndə gedən təbəqəsinin xalqın problemlərini fikirləşməməsi, öz şəxsi mənafeyini güdməsi, rahat həyat üçün çalışması cəmiyyətin faciəsinə gətirib çıxarıb. Ən böyük köləlik elə məhz budur. Çünki yalnız kölə öz şəxsi mənafeyini düşünər, öz şəxsi istəklərinin qulu olar. Kimsə, hətta səhv olsa belə, heç bir ideyaya səmimi bağlı deyil (istisnalar qaydanı pozmur) və dara düşən kimi bütün iç üzü açılır.
Sovet dövründə sosializmi, Lenini, Brejnevi  mədh edənlər özlərini qəhrəman kimi aparırdılar, elə ki, Sovetlər dağıldı, hamısı istiqlal təəssübkeşi, türkçü, azadlıq aşiqi oldular, özlərini yalançı dissident və…
Və yenə də qəhrəman olaraq qaldılar!
İmperiya dağılandan sonra müstəqillik qazanan ölkələrdə sandıq ədəbiyyatı ortaya çıxdı. Yalnız Azərbaycandan başqa! Gülməşəkər şair-yazıçılarımız totalitarizmi mədh etmələrinə bəraət qazanmaq üçün bunu «məcburiyyət» kimi qələmə verdilər. Hər kəs də bununla razılaşdı.
Halbuki başqa xalqlarda həyatları bahasına mübarizə aparanlar var idi.
Bəyəm Bunin, Pasternak, Brodski, Nabokov, Soljenitsın üçün «məcburiyyət» yox idimi? Hər zaman xalq günahkar deyil ki, həmişə də o, tənqid edilsin. Azərbaycan ictimaiyyətində və ədəbiyyatında 1918-20-ci illərin fədakar azadlıq mübarizlərini, 1930-cu illər repressiya dövrünün qurbanlarını çıxmaq şərtilə, mübariz ziyalı ordusu olmadı ki, xalqı üçün hər şeyi gözə alaraq ölümə getsin. Hələ indi-indi onun qığılcımları görsənməyə başlayıb və bu proses davam etmək məcburiyyətindədir. Hegelin sözləridir: “Mübarizə - inkişafın qanunudur. Xarakter dünyanın fırtınasından və təzyiqindən qurulmuşdur. İnsan özünün tam yüksəlişinə yalnız məcburiyyət, məsuliyyət və əzab vasitəsilə gəlib çatır”.
Xalqı kimsə düşündürməlidir, yaxud necə olursa olsun, onu düşünməyə məcbur etmək lazımdır. Əks halda kütləni günahlandırmaq lazım deyil - mübariz, cəsur ziyalıları olmayınca kütlə heç vaxt qəflətdən ayılıb, öz haqqı uğrunda mübarizə aparmayacaq! «Səfillər» romanında Hüqo yazır: “Qaranlıq içində olan qəlbdə günah doğar, müqəssir günah edən deyil, bu qaranlığı yaradandır” .
Xalq günahkardır, amma müqəssir deyil, müqəssir onu günah işlətməyə məcbur edəndir. Bir də xalqı öz taleyi ilə barışdıran merkantil ziyalı zümrəsi…

Kateqoriya: Cavid Ramazanov | Əlavə etdi: Penah (03.12.2008) | Yazar: Cavid Ramazanov
Baxılıb: 855 | reytinq: 4.0/1 |

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0