AZ | ENG

Məqalələr

Pənah Əliyev [2]
Cavid Ramazanov [10]
Sebinə Rəsulova [1]
Nermin Ramazanova [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Каталог статей

Baş səhifə » Məqalələr » Yazarlar » Cavid Ramazanov

Demokratiyanın tarixi


Əsl demokratiya nədir?

Demokratiya mövzusu gündən-günə bizim həyatımızın ayrılmaz parçasına çevrilir. Bu haqda demək olar ki, hər gün eşidirik. Gün keçdikcə Azərbaycanda demokratiya haqqında daha çox danışılır, müxtəlif nəşrlər işıq üzü görür, treyninqlər, müzakirələr keçirilir, televiziya, radio verilişləri hazırlanır. 

Məlumdur ki, demokratiya mövzusu xüsusən ölkəmiz müstəqil olandan sonra aktuallaşıb. 70 illik sovet imperiyasının əsarətindən xilas olduqdan sonra, tədricən ölkəmiz də Avropa və ümumbəşəri dəyərlərə üstünlük verilməyə başladı. Cəmiyyətin demokratik ənənələrə yiyələnməsi üçün müəyyən tədbirlər paketi ortaya qoyuldu. Ən əsası Azərbaycan Konstitusiyasının bir çox maddələri demokratik prinsiplərə uyğunlaşdırıldı. Buna hakimiyyətin mənbəyinin xalq olması, insan hüquq və azadlıqları, azad mətbuat, azad toplaşmaq hüququ və s. misal göstərmək olar.
   Cəmiyyətin və dövlətin demokratik prinsiplərə və ənənələrə yiyələnməsinə böyük önəm verən dünyanın bir çox demokratik dövlətləri Azərbaycanın Avropaya və dünyaya inteqrasiya yolunda bu dəyərlərə əməl etməsini əsas şərt kimi irəli sürür.
   Müstəqillik qazandıqdan sonra çoxları elə fikirləşirdi ki, xalq demokratik dəyərlərə tez yiyələnəcək və dövlət, cəmiyyət inkişafa asanlıqla nail olacaq. Bunların çoxu baş verməyəndə isə cəmiyyətin böyük bir hissəsində belə bir fikir yarandı ki, Azərbaycanda dövlət demokratik ənənələrlə qurula bilməz, xalq öz-özünü idarə etməyə qabil deyil, onu yalnız tək-tək şəxslər idarə edə bilər. Demokratik dəyərlərə yiyələnmək üçün cəmiyyət hazır deyil və yaxud yetərincə güclü maraq yoxdur. Bu isə nəticə etibarilə cəmiyyətdə demokratiyaya qarşı soyuqqanlılığa və apatiyanın yaranmasına gətirib çıxarıb. Hətta bəzi insanlar iddia edirlər ki, islam dininə sitayiş edən ölkələrdə, o cümlədən, Azərbaycanda demokratik ənənələrlə dövlət idarə oluna bilməz, çünki islam mədəniyyəti demokratik dəyərlərin inkişafına mane olur. Bu, yeni fikir deyil. Amerikanın Harvard Universitetinin professoru Samuel Hantinqton özünün «Sivilizasiyaların toqquşması» adlı məşhur məqaləsində yazır: «Əksər müsəlman ölkələrində demokratiyanın uğursuzluğunun səbəbi islam mədəniyyətidir”daha sonra o iddia edir ki, «demokratiyanın inkişafı üçün ən əsas şərt məhz qərb xristianlığıdır».
   Amma cəmiyyətində islam mədəniyyəti hakim olan və hal-hazırda hakim partiyasının islami dəyərlərə üstünlük verdiyi Türkiyə dünyanın bir çox xristian ölkələrinə demokratiya nümunəsi ola bilər.
   Demokratiya anlayışı Azərbaycanda demək olar ki, yenidir, amma dünyanın bir çox ölkələrində o 2000 ildən çoxdur ki, hər cəhətdən müzakirə olunub. Həqiqətənmi demokratiyanın bu qədər yaşı var və o ilk dəfə harda meydana gəlib? Tarixə növbəti dəfə ekskursiya edək.
   İlk dəfə demokratik dəyərlər qədim Yunanıstanda və qədim Romada eramızdan əvvəl 6-ci əsrdə meydana gəlib. «Demokratiya» yunan sözü olub, demos-xalq, kratos-idarə etmək, yəni xalq hakimiyyəti mənasını verir.
   Gəlin, ilk öncə yunan demokratiyasına nəzər salaq.
   O zaman Yunanıstanda şəhər-dövlətlər mövcud idi. Bu şəhər-dövlətlərin əhalisi eyni bir millətə mənsub olmalarına baxmayaraq, hər biri ayrılıqda müstəqil suveren dövlət hesab olunurdu, hər birinin ayrılıqda ordusu, pul vahidləri, dövlət atributları vardı. Onları indiki müasir dövlətlərdən ayıran başlıca cəhət budur, yəni indiki demokratik dövlətlər millət dövlətlərdir.
   Qədim Yunanıstanın ən məşhur şəhər-dövləti Afina idi. Eramızdan əvvəl 507-ci ildə Afina vətəndaşları demokratik sistemi, yəni «xalq hakimiyyətləri»sistemini qəbul etdilər və bu sistem Yunanıstanda yaxşı kök sala bildi.
   Afina demokratiyası əsl demokratiya nümunəsi idi, amma onun idarəetmə sistemi bir qədər mürəkkəb təsir bağışlayırdı. Bu sistemdə başlıca rolu, fəaliyyətində 20 yaşından yuxarı bütün azad Afina kişi vətəndaşlarının iştirak etməli olduğu yıgıncaq oynayırdı (qadınların seçmə və seçilmə hüququ 20-ci əsrə qədər tapdanıb). Bu yığıncaq ayda 2-4 dəfə çağırılırdı. Yığıncaq hərbi başçıları, ali vəzifələrə şəxsləri seçirdi, bununla yanaşı, dövlətin mühüm məsələlərini-qanunların, müharibə və sülh məsələlərinin, şəhərin ərzaqla təmin olunması, vəzifəli şəxslərin hesabatı və s. müzakirə edilirdi. Vətəndaşların digər ictimai vəzifələrə seçilməsinin əsas üsulu-püşk atma idi. Hər bir şəxsə vəzifələrə seçilmək üçün bərabər imkanlar verilirdi. Hər bir sıravi vətəndaşın həyatı boyu heç olmasa bir dəfə püşk yolu ilə dövlət vəzifəsinə seçilmək hüququ vardı.
   Sual yarana bilər ki, dövlət başçılarının xalqın azad seçiminə, özü-özünü idarə etməsinə, dövlət məsələlərini yığıncaqlarda müzakirə edib ona təsir etməsinə münasibəti necə idi, onu məhdudlaşdırmağa çalışmırdımı? Bu sualı aydınlaşdırmaq üçün Afinanın strateji (hərbi başçısı) məşhur siyasi xadim, sərkərdə Periklin məşhur nitqindən bir hissəsinə nəzər salmaq kifayətdir:
   - Ölkəmizdə elə insanlar var ki, eyni vaxtda həm öz işləri, həm də ictimai işlərlə məşğul olur. Lakin qalan vətəndaşların hamısı hər biri yalnız öz peşəsi ilə məşğul olsa da, siyasətdən yaxşı baş çıxarırlar. Biz heç də düşünmürük ki, açıq müzakirə dövlət işlərinin gedişinə ziyan vura bilər. Əksinə, biz belə hesab edirik ki, hər bir lazımlı qərar lehinə və əleyhinə qabaqcadan hazırlıq görülməklə qəbul olunmalıdır.
   Hətta Perikl xalqın öz hakimiyyətini və öz azadlığını daha da möhkəmləndirməyə çağırırdı:
   «Xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur. Təhlükənin gözünə dik baxın!»
   Onun bu tarixi sözlərindən aydın olur ki, xalq özünün azadlığını nəyin bahasına olursa-olsun, qorumalıdır.
   Yunanlar başa düşürdülər ki, dövlət xalqın mənafeyini güdməlidir. Dövlət idarələrinə seçkilərdə əmlakının miqdarından asılı olmayaraq, hamı bərabər olmalıdır. Yunanıstan siyasi fəlsəfəsinin görkəmli nümayəndələrindən məşhur alim Platon bu bərabərliyi tədqiq edərkən yazırdı: «Demokratik quruluşda bərabər olanları və bərabər olmayanları birləşdirən qəribə bir bərabərlik var».
   Cəmiyyət və dövlət arasındakı münasibətləri: xalqın dövlət başçıları, sərkərdələri, vəzifəli şəxsləri seçməklə öz-özünü idarə etməsini Yunanıstanın digər məşhur siyasi filosofu Aristotel belə dəyərləndirirdi: «Həm idarə etməyi, həm də tabe olmağı bacarmaq alqışa layiqdir».
   Yunanıstan demokratiyası onun mədəniyyətinin yüksək səviyyədə inkişaf etməsinə səbəb olmuşdu.Yunanıstanda təbiət, texniki, humanitar, tibb elmləri yüksək səviyyədə inkişaf etmişdi. İncəsənət, folklor, ədəbiyyat, ritorika elmi ən yüksək səviyyədə idi.
   Yunanıstanda mədəniyyətin və demokratiyanın yüksək inkişafına baxmayaraq, şəhər-dövlətləri arasında kəskin ziddiyyətlər vardı. Buna səbəb hər bir dövlətin daha çox qənimət ələ keçirmək, dəniz ticarətində üstünlüyü ələ keçirmək,qonşu dövlətləri özünə tabe etmək istəyi idi. Bu isə axırda Yunanıstanın iki ən güclü şəhər-dövləti Afina ilə Sparta arasında uzun sürən müharibələrə səbəb oldu.Müharibələrdə təsərrüfat, mədəniyyət tənəzzülə uğradı. Bu müharibədə Sparta dövləti qalib gəldi, çox keçmədi ki, güclənən Makedoniya dövləti eradan əvvəl 338-ci ildə Yunanıstanı işğal elədi və yunan şəhər-dövlətləri süquta uğradı. Sonralar Afina öz azadlığına sahib ola bildi, amma artıq o əvvəlki gücünə sahib deyildi və çox keçmədi ki, o Roma dövlətinin tərkibinə qatıldı.Və beləliklə, antik Yunan demokratiyası süquta uğradı.
  
   Roma
  
   Əvvəldə qeyd etdiyimiz kimi, Afina ilə demək olar ki, eyni vaxtda, təxminən eramızdan əvvəl 509-cu ildə «xalq hakimiyyəti sistemi» Romada bərqərar oldu, lakin romalılar bu idarəetmə sistemini «respublika»(latınca mənası res-iş, publicus-ümumi iş, yəni xalqın hakimiyyəti) adlandırırdı. Amma ilk dövrlərdə respublikanın idarə edilməsində iştirak etmək hüququ yalnız patrisilərə (aristokratlara) mənsub idi. Respublika dövründə xalq yığıncağı hər il patrisilərin sırasından 2 konsul və bütün digər məmurları seçirdi. Konsullar il ərzində Romanı idarə edir,müharibə zamanı isə ordu komandanı olurdular. Senatın (Ağsaqqallar şurası) hüquqları da çox geniş idi; o maliyyə məsələlərini həll edirdi. Senat qərarları hazırlayır və onları səsə qoymaq üçün xalq yığıncağına təqdim edirdi.
   Romada pleybeylər (azad əhalinin yoxsul təbəqəsi) zaman keçdikcə öz hüquqlarının bərpa olunması məqsədi ilə xalq yığıncağında iştirak etmək və öz müdafiəçiləri-xalq tribunlarını seçmək üçün mübarizəyə qalxdı. Patrisilər onlara müqavimət göstərə bilmədi, tələb olunan hüquqları verməyə məcbur oldu.
   Tribunun senatın və konsulun pleybeylərə aid göstərişlərini ləğv etmək üçün «veto», yəni «qadağan edirəm» sözünü deməyə hüququ vardı. Xalq Tribunları vətəndaşların xeyrinə qanunlar irəli sürürdülər. Zaman keçdikcə pleybeylər öz hüquqları uğrunda daha kəskin mübarizəyə qalxdılar və onlar bütün vəzifələrə seçilmək, hətta konsul vəzifəsini tuta bilmək hüququ aldılar. Pleybeylər ictimai torpaqlardan pay ala bilərdi, onları borca görə qul eləmək olmazdı.
   Roma respublikası əvvəlcə balaca bir şəhərdə meydana gəlmişdi. O inkişaf elədikcə müharibələr edir, ərazisi genişlənir, vətəndaşların sayı artırdı. Amma xalq yığıncağı vətəndaşların artan sayına uyğun bir çox yerlərdə deyil, əvvəlki kimi Roma şəhərindəki forumda (bazar meydanında) keçirilirdi.Bu isə demokratik sistem üçün anormal bir hal idi. Vətəndaşların uzaq məsafələrdən gəlib, xalq yığıncağında iştirak etməsi üçün xeyli vəsait tələb olunurdu. Buna isə vətəndaşlar maraqlı deyildilər. Zaman keçdikcə Roma respublikası vətəndaş müharibələrindən, xarici müdaxilələrdən, korrupsiya və s. səbəblərdən zəifləyirdi.
   Hakimiyyətə gələn Yuli Sezar bir çox demokratik ənənələrə son qoydu və öz diktaturasını yaratdı. Onun ölümündən sonra eramızdan əvvəl 44-cü ildə Romada bir hökmdardan asılı olan imperiya bərqərar oldu.
   Bir neçə əsrdən sonra isə dini ideologiyanın hakim olduğu uzun tarixi dövr başlayacaqdı. Bu tarixi dövrdə isə demokratiyaya yer olmayacaqdı.
   Demokratiyanın qədim dövrünə nəzər salarkən, aydın oldu ki, o vaxtlar da müasir dövrdə də insanlar çox yaxşı başa düsürlər ki, dövlət onların həyatına təsir göstərən ən mühüm məfhumlardan biridir. İnsanın həyatda xoşbəxt olması dövlətin onun həyatını nə dərəcədə yaxşılaşdırmasından, onu nə dərəcədə qorumasından və sadalamadığımız bir çox səbəblərdən çox asılıdır. Aristotel yazırdı: «Dövlət ümumiyyətlə, yaşamaq üçün deyil, xoşbəxt yaşamaq üçün qurulur, əks halda kölələrdən (yaxud heyvanlardan) təşkil olunan birliyi də dövlət saymaq lazım gələrdi, bu isə düzgün deyil, çünki onlar hamının rifahına can atan və öz iradələri ilə dövlət qurmurdular».
   Beləliklə, biz sizə demokratiyanın ən qədim tarixini və demokratik sistem haqqında ümumi bilikləri çatdırmağa çalışdıq. Məlum oldu ki, insanlar öz hüquqlarını qorumaq və həyatlarını rahatlamaq üçün dövləti özü seçməlidir və ona təsir edə bilməlidir. Bunu Con Stüart Mill belə ifadə edirdi: «Biz öz hüquqlarımızı, mənafelərimizi hökumətin və ya hökumətə təsir edən, onun fəaliyyətini istiqamətləndirən kəslərin özbaşınalığından yalnız o halda müdafiə edə bilərik ki, bu hökumətin fəaliyyətinə tam nəzarət etmiş olaq». O daha sonra yazırdı: «...bütün vətəndaşların ali dövlət hakimiyyəti sistemində iştirak etməsinə imkan verilməsindən gözəl heç nə ola bilməz».
   Əsl demokratiya məhz budur.
Kateqoriya: Cavid Ramazanov | Əlavə etdi: Penah (03.12.2008) | Yazar: Cavid Ramazanov
Baxılıb: 3790 | reytinq: 4.5/2 |

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0