AZ | ENG

Məqalələr

Pənah Əliyev [2]
Cavid Ramazanov [10]
Sebinə Rəsulova [1]
Nermin Ramazanova [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Каталог статей

Baş səhifə » Məqalələr » Yazarlar » Cavid Ramazanov

Şərqdə Demokratiya olubmu?

 Avropada - Qədim Yunanıstan və Romada eramızdan əvvəl 6-cı əsrdə formalaşmağa başlayan və inkişaf edən \"xalq hakimiyyətləri\" sistemi, yəni demokratiya uzun sürən yüksəlişdən sonra süquta uğradı. Xristian dini ideologiyasının hakim olduğu dövrlərdə demək olar ki, onun heç bir işartısı gözə çarpmadı. Renessans - İntibah dövrü başlayandan sonra Avropada yenidən demokratiyanın yüksəlişi başladı və günümüzədək davam etməkdədir.
   
  

Bu proses başlanandan sonra Qərbdə demokratiya nəzəriyyələri, institutları yarandı. Bununla da Avropa sürətlə inkişaf etməyə başladı. Görkəmli filosoflar, alimlər antik dövrün filosoflarının siyasi görüşlərini mənimsəyərək, cəmiyyət və dövlət münasibətlərinə dair siyasi görüşlərini öz əsərlərində, nəzəriyyələrində uğurla tətbiq etməyə başladılar və onlar demokratik dövlətə can atan milyonlarla insanın ideoloquna çevrildilər. Əsasən İngiltərə və Fransada təşəkkül tapan bu proses sonradan ABŞ-a və bir çox başqa ölkələrə yayıldı, beləliklə də, əsas siyasi idarəetmə formasına çevrildi. Demokratiya milyonlarla insanın qanı bahasına, despot tiranlarla çətin mübarizə nəticəsində inkişaf etməyə, irəliləməyə başladı və indi də bu proses davam etməkdədir.
   Müasir dövrdə insanların böyük əksəriyyəti demokratiya anlayışını yalnız Avropaya və ABŞ-a aid edirlər. Şərqin (İslam) Qərbdən geri qalmasını qədim və orta əsrlərdə Avropadan fərqli olaraq heç bir demokratik prosesin getməməsilə əlaqələndirirlər.
   Maraqlıdır, görəsən, doğrudanmı, Şərqdə heç bir demokratik ənənə və yaxud onun hansısa bir elementi mövcud olmayıb? Gəlin bu, suala cavab tapmağa çalışaq.
   Şərqdə Qərbdən fərqli olaraq, demokratiya mövzusu çox az araşdırılmayıb və bu da demokratiya anlayışının Şərqə yad olduğu barədə qənaətlər formalaşdırıb.
   Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, demokratiya ədalətli cəmiyyət, insan haqq və hüquqlarının qorunması, qanunların işlədiyi bir dövlət qurmaq üçün vasitədir. Əvvəldə də qeyd etdiyimiz kimi, qanunların işləməsi demokratiyanın əsas tərkib hissələrindən biri sayılır. Şərqdə hələ qədim zamanlardan qanunların işləməsinə sərt nəzarət edən dövlətlər mövcud olub. Bu dövrdə Şərqin ən güclü dövlətlərindən biri kimi Assuriyanı qeyd etmək olar. Eramızdan əvvəl 18-ci əsrdə yaşamış çar Hammurapi 282 maddədən ibarət qanunlar toplusu yazdırıb. \\\\\\\"Çar Hammurapinin qanunları\\\\\\\" kimi tarixə düşən bu sənəd mühüm əhəmiyyət kəsb edir. Ağa-qul münasibətlərini, mülkiyyət hüquqlarını və s. qanunları pozan şəxsləri qanunlar çərçivəsində cəzalar gözləyirdi. Tutduğu vəzifədən asılı olmayaraq, hər kəs bu qanunlara riayət etməli idi.
   Bu yaxınlarda Azərbaycanın ən qədim dövr tarixi, etnoqrafiyası və mədəniyyəti ilə bağlı fundamental tədqiqat aparan professor Firudin Cəlilov öz gələcək kitabının kiçik bir hissəsini oxuculara təqdim edib. \\\\\\\"Qədim Azərbaycanda demokratiya\\\\\\\" adlı bu məqaləsində o, bir çox mətləblərə aydınlıq gətirir. Müəllif iddia edir ki, 4 min il bundan əvvəl qədim Azərbaycanda demokratik dövlət qurulub. Firudin Cəlilov bu ağlasığmaz iddiasında tarixi qaynaqlara, xüsusilə, Babil salnamə yazılarındakı faktlara əsaslandığını qeyd edir. Azərbaycanda İslama qədər bir-birinin ardınca bir çox dövlətlər yaranıb. Bu dövlətlərdən ən qədimlərindən biri də Quti dövlət qurumudur. Firudin Cəlilovun əsas məqsədi də Quti dövlətindəki demokratik hakimiyyət qurumu barədə əldə olunan məlumatlara diqqət çəkməkdir. Eramızdan əvvəl 3-cü minilliyin 2-ci yarısında Urmiya gölünün sahilində yaşayan quti (türk) tayfaları 23-cü əsrin sonunda bölgədəki digər tayfaları toplayaraq, böyük birlik yaradırlar. Çox keçmir ki, mərkəzi hakimiyyəti olan Quti dövləti yaranır. Akkad zülmündən xilas olan və qutilərə xilaskar qüvvə kimi baxan Şumerlər də Quti hökmranlığını qəbul edirlər və onlar 100 il müddətində qutilərin hökmranlığı altında yaşayırlar. Müəllif bunun səbəbini qutilərdə demokratiyanın, ədalətin mövcud olması ilə əlaqələndirir.
   Quti dövlətinin süqutundan sonra Babilistanda tərtib edilən çarların siyahısı olduqca maraqlı və çox böyük əhəmiyyətə malik sənəddir. Professor qeyd edir ki, bu tarixi abidədəki bulmacaların cavabı demokratik dövlət quruculuğu tarixinə yeni baxış gətirməlidir.
   Bu sənəddə Quti çarlarının siyahısı verilib. Siyahıda dövlətin yaranmasından sonra çarların 9-cusu Yarlaqaba qədər 8 çar ardıcıl 6 il müddətində hakimiyyətdə olmuşlar. Sonrakı çarların üçü 3 il, üçü 2 il, üçü də 7 il müddətində hakimiyyətdə qalıb. Bəziləri isə hakimiyyətini yarımçıq başa vurub.
   Quti dövlətindəki mövcud hakimiyyət illərini tərtib edən Babil katibləri də çaşıblar, çünki Quti çarlarından fərqli olaraq digər sülalələrdə çarlıq irsi idi, atadan oğula keçirdi və ona görə də hər hansı bir çar ölənə və ya devrilənə qədər hakimiyyətdə olurdu.
   Quti çarları isə onlara ayrılan vaxtdan kənara çıxa bilməzdi, çünki onları seçən də, geri çağıran da xalq idi. Qədim türk dilində dövlət və xalq bir sözlə - El sözü ilə ifadə olunurdu və əsl demokratiya (xalq hakimiyyəti) El qurumunda özünü göstərirdi. Firudin Cəlilova görə, Quti eli ona görə demokratikiydi ki, Elbəy (çar) bölgə bəylərinin, ağsaqqallar şurasının, xalq elçilərinin toplandığı qurultayda seçilirdi. Ona ayrılan hokmdarlıq vaxtı bitəndə qanuna uyğun olaraq imtiyazlarını yeni seçilən Elbəyinə verirdi. Xalqın iradəsi ilə taxta çıxan və taxtdan düşən Elbəyi xalqın istəyi ilə hərəkət etməli idi. Nüfuzlu və xalqın etimadını doğruldan çarlar təkrar seçilə bilərdi. Sənəddəki siyahıdan məlum olur ki, İnqeşuş 2 dəfə seçilmiş, Yarlaqab isə 5 dəfə təkrar və bir seçki müddəti fasiləsindən sonra yenidən Elbəy məqamına yüksəlib. Hakimiyyət dövrünü yarımçıq sürən 4 Elbəy isə vaxtından əvvəl geri çağırılıb. 21 Quti Elbəyinin siyahısı qədim Azərbaycanda qurulmuş Quti dövlətinin demokratik dövlət olduğunu göstərir.
   Sonda Firudin Cəlilov yazır: \\\\\\\"Qədim dünya tarixində önəmli yer tutan və ilk demokratik dövlət hesab olunan Quti dövləti təkcə Azərbaycan üçün deyil dünya xalqlarının indi qurmaq istədiyi demokratiya üçün də tarixi örnəkdir\\\\\\\".
   Bu araşdırmadakı bir çox faktlar bizə əsas verir ki, həqiqətən Quti dövlətində demokratik dəyərlər olduğuna inanaq. Bu faktlar doğrudan da, demokratiya tarixinə yeni baxış gətirə bilər.
   Qeyd etdiyimiz kimi, Şərqdə demokratiya çox az araşdırılıb. İslama qədərki dövlətlərin idarə quruluşu, məhkəmə strukturu haqda demək olar ki, məlumat yoxdur. Yalnız Albaniya dövlətinin idarə quruluşu, qanunları haqda bəzi məlumatlar var.
   Simeon qanunları. Bu qanunlar 8-ci əsrin başlanğıcında alban katalikosu Simeon tərəfindən qəbul və təsdiq edilib. Simeonun qanunları ilk növbədə kilsənin dayaqlarının hüquqi cəhətdən möhkəmləndirilməsinə, həmçinin din xadimlərinin dini hakimiyyətinin toxunulmazlığının gücləndirilməsinə xidmət edirdi.
   Min məhkəmə qərarları toplusu. Azərbaycan Sasani imperiyasının tərkibində olduğu dövrdə sasanilərin bir çox hüquq toplusu tərtib edilib. Qanunlar toplusu hüququn və mühakimə icraatının müxtəlif sahələri ilə bağlı olan məsələləri əhatə edir. Bu qanunlar 620 - ci ildə hakimlər üçün praktiki tövsiyələrindən ibarət olan kitab kimi tərtib olunub. Bu qanunların maddələri hüququn ayrı-ayrı sahələri və institutlarından bəhs edir. Topluda ailə hüquq münasibətlərini, nikahın formalarını, bağışlama və tapşırıq kimi mülki - hüquqi müqavilələrin şərtlərini və onların rəsmiləşdirilməsi qaydalarını tənzim edən hüquq normaları nəzərdə tutulub.
   Beləliklə, biz Qədim Şərqdə demokratiyanın bir çox elementlərinə rast gəldik. İslamdan sonra Şərqdə uzun əsrlər boyu dini ideologiya hakim rol oynayırdı. Amma xalq-dövlət münasibətlərinə aid əsərlər də yazılmağa davam edirdi.
   
   Ədalət
  
   Dövlət və cəmiyyətin mahiyyəti, dövlətin idarəsi, siyasi, maliyyə, ictimai və mədəni yönləri haqda ilk nəzəriyyəni Nizamülmülk (1018 - 1092) yazıb. \\\\\\\"Siyasətnamə\\\\\\\" adlanan bu məşhur əsərdə dövlət və xalq münasibətləri öz əksini tapıb.
   Dövlət və xalq münasibətlərinə, ədalətli cəmiyyət yaratmaq məsələsinə ən çox toxunan və onu təbliğ edən böyük şair Nizami Gəncəvi (1141 - 1206) olub. O, özünün bütün əsərlərində ədalətli cəmiyyət ideyasını müdafiə və təbliğ edir. Demokratiyanın ən əsas prinsiplərindən biri də ədalətli olmaqdır.
  
   İnsanı yaşat ki,
   dövlət yaşasın!
  
   Ədalət prinsipindən danışdığımız zaman Şərqin ən böyük mütəfəkkirlərindən biri Şeyx Edebalini (1206 - 1326) xüsusilə qeyd etməliyik. Osmanlı dövlətinin mənəvi qurucusu olan bu şəxsin İmperiyanın ilk dövlət başçısı olan Osman Qaziyə dediyi nəsihətlər bu gün də öz aktuallığını qoruyub saxlayır və böyük əhəmiyyət daşıyır. Məsələn:
  
   \\\\\\\"Ey oğul, artıq bəysən!
   Bundan sonra qəzəb bizə
   (biz deyəndə xalq nəzərdə tutulur-red.), anlaşıqlı olmaq sənə,
   zor etmək bizə, könül almaq sənə,
   suçlamaq bizə, qatlanmaq sənə,
   acizlik bizə, xoş görmək sənə,
   anlaşılmazlıq bizə, ədalət sənə,
   haqsızlıq bizə, bağışlamaq sənə.
  
   Ey oğul, səbr etməsini bil!
   Vaxtından öncə çiçək açmaz.
   Bunu da unutma -
   İnsanı yaşat ki, dövlət yaşasın!
  
   Ölkə idarə edənin oğulları və qardaşları ilə ortaq malı deyildir, ölkə idarə edənə aiddir. Ölüncə ondan sonra kim gəlirsə gəlsin, ölkənin idarəsi onundur. Vaxtilə yanılan atalarımız sağlıqlarında dövlətlərini oğulları və qardaşları arasında böldülər. Bunun üçündür ki, yaşamadılar, yaşatmadılar!\\\\\\\"
  
   \\\\\\\"Şah Həsənin qanunları\\\\\\\"
  
   İqtisadiyyatın inkişafını sürətləndirmək məqsədilə Uzun Həsən \\\\\\\"Qanunnamə\\\\\\\" adlı qanunlar məcəlləsində öz əksini tapmış bir sıra islahatlar həyata keçirir. Sonralar bu islahatlar \\\\\\\"Şah Həsənin qanunları\\\\\\\" kimi məşhurlaşdı. Bu islahatlar nəticəsində vergilərin yığılması qanuniləşir, sistemə düşür, sənətkarlıq və ticarət canlanır. Azərbaycanda güclü mərkəzləşmiş dövlət yaranır, xalqın vəziyyəti yaxşılaşır. Uzun Həsənin müxtəlif dinlərə loyal münasibəti, din azadlığı ölkədə vəziyyətin stabil qalmasına imkan yaradırdı. Onu da qeyd edək ki, Şərqdə ilk diplomat qadın Sara Xatun onun anası olub.
  
   Sultan Süleyman
   Qanuni
  
   Sultan Süeymana \\\\\\\"Qanuni\\\\\\\" təxəllüsünün verilməsi cəmiyyətdə mövcud olan qanunları yazılı şəklə salıb, çox sərt bir şəkildə tətbiq etməsi ilə əlaqədardır. Sultan Süleyman özünün məşhur \\\\\\\"Qanunnamə\\\\\\\" əsərində İmperiya içindəki hər kəsin cəza hüququ baxımından bərabər olmasını və eyni cinayətə görə hər kəsin eyni cəzanı almasını rəsmiləşdirib. Zamanında İngiltərə kralı 8-ci Henri İstanbula bir heyət göndərib, Osmanlıda ədalət mexanizminin necə işlədiyini öyrənib və öz ölkəsində nümunə kimi tətbiq edib. Həm də şair kimi tanınan Qanuni indi də dillər əzbəri olan şeirində yazır:
   
   Xalq içində
   mötəbər bir nəsnə yox, dövlət kimi,
   Olmaya dövlət cahanda
   bir nefes səhhət kimi.
  
    Səltənət dedikləri bir cahan
   davasıdır,
   Olmaya bəxti-səadət dünyada vəhdət kimi.
  
   Bu yazdıqlarımız Şərq demokratiyası haqqında hər şey deyil. Bu yöndə daha ciddi araşdırmaların aparılmasına ehtiyac var. Biz heç də demokratiyanı Qərbdən hümanitar yardım kimi gözləməməliyik. Anlamalıyıq ki, demokratiyanın təməl prinsipləri bizlərə yad deyil. Tarixən bizdə mövcud olan bu dəyərləri inkişaf etdirmək gərəkdir!
Kateqoriya: Cavid Ramazanov | Əlavə etdi: Penah (03.12.2008) | Yazar: Cavid Ramazanov
Baxılıb: 1016 | reytinq: 5.0/1 |

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0