Yanvarın 31-i Azərbaycanın görkəmli siyasi lideri, 1918-ci ildə
qurulmuş Xalq Cümhuriyyətinin banilərindən biri, böyük demokrat,
həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Məmməd
Əmin Rəsulzadənin 124-cü doğum günüdür. Bu yazını onun xatirəsinə həsr
edirik.
Mübarizə, yalnız mübarizə!
Məmməd Əmin Rəsulzadənin mübarizəsi zülmə, ədalətsizliyə qarşı
yönəlmişdi; o, Azərbaycanı müstəqilliyə qovuşdurmaq, insanları
cəhalətdən oyandırmaq, demokratik dəyərlər üzərində azad cəmiyyət
qurmaq uğrunda mübarizə aparırdı. Bu mübarizəyə hələ gənc yaşlarından
başlamışdı.
Rəsulzadə 18 yaşı tamam olmamış - 1902-ci ildə gizli «Müsəlman
Gənclik Təşkilatı»nı yaratdı. Təşkilat Çar Rusiyasının müstəmləkə
rejiminə qarşı yönəlmişdi və Azərbaycanda müstəmləkə rejiminə qarşı
ilk siyasi təşkilat idi. Müstəmləkə imperiyasına qarşı belə bir
təşəbbüs göstərmək böyük cəsarət tələb edirdi, amma Rəsulzadənin
gözlərində heç zaman qorxu olmamışdı, o, öz mütərəqqi ideyalarını
həyata keçirmək üçün hər cür təhlükəni hələ gənc yaşlarından gözə
almışdı.
Bir müddətdən sonra «Hümmət» qəzetini təsis etdi və çarizmə qarşı
ideyalarını yaymağa başladı. Qəzet tezliklə fəhlələr arasında geniş
yayıldı və öz təsirini göstərməyə başladı.
Bu illər ərzində Məmməd Əmin mübarizəsini daha da genişləndirdi.
1903-cü ildə «Şərqi-Rus» qəzetində «Müxəmməs» adlı şeiri çap olundu.
Şeir xalqa «elmdən qaçma, onu öyrən» müraciəti ilə yazılmışdı. Məmməd
Əmin xalqı elm öyrənməyə çağırırdı.
O, müxtəlif qəzetlərdə müəllif yazıları yazırdı. Rəsulzadənin
1903-1920-ci illər ərzində dövri mətbuatda 1200-dən çox müxtəlif janrda
yazıları dərc olunub. Bu məqalələrində o, ən çox azadlıqdan, milli
istiqlaldan yazırdı. Həmin dövrdə Çar Rusiyasına qarşı ən kəskin çıxış
edənlərin önündə Rəsulzadə gəlirdi. Məmməd Əmin Çar Rusiyası
rəsmilərinin azadlıq vədlərinin oyun olduğunu, baş aldatmaq üçün ortaya
atıldığını deyirdi. Yazılarından birində Rəsulzadə çarizmin xalqlara
azadlıq vədinə belə qiymət vermişdi: «Bu, yalnız kağızlarda yazılıb
həyatda heç zaman görünməyən hürriyyətdir. Hürriyyət belə olmur.
Hürriyyət azad olmaq deməkdir. Lakin gəlin görək mövcud qanunlar
daxilində bu mümkündürmü? Hürriyyət yalnız quru sözdən ibarət deyil. O,
həyatda əməli halda görünməlidir. Hürriyyətin mənası dərindir. O,
həyatın, insan fəaliyyətinin müxtəlif sahələrində görünməlidir. Bu
sözün işığı o qədər qüvvətli və parlaqdır ki, üstündəki qaranlıq
pərdəni götürəndə bütün zülmətlərə işıq saçır. Rusiyada hürriyyət
yoxdur. Buradakı hürriyyət qaranlıq pərdəyə bürünüb və hökumət heç
zaman onun işığını camaata göstərməz. Çünki hürriyyət işığını görüb
gözlərinə nur, qollarına qüvvət yığan adamlar ayağa qalxıb ilkin olaraq
bu işığın qarşısını tutanları yox edəcəklər...»
Məmməd Əmin insan azadlığını 5 formada izah edir:
- söz azadlığı;
- mətbuat azadlığı;
- cəmiyyət və ittifaq azadlığı;
- vicdan azadlığı;
- malın və canın mühafizə olunması azadlığı (mülkiyyət azadlığı - red.).
1908-ci ildə Rəsulzadənin «Qaranlıqda işıqlar» tamaşası səhnəyə
qoyuldu. Bu əsərində o, müstəqillik uğrunda mübarizəni təbliğ edirdi,
bir müddətdən sonra «Nagəhan bəla» əsəri də səhnələşdirildi. Məmməd
Əminin ədəbi fəaliyyəti bununla yekunlaşmadı və sonradan o, daha bir
neçə inqilabi əsər yazdı.
İki imperiyanın düşməni
Artıq Rəsulzadə imperializm «qoçu»larının təzyiq və təhdidləri ilə
üzləşməyə başlamışdı. Bu səbəbdən 24 yaşlı Məmməd Əmin ölkəni tərk
edərək, İrana mühacirət etmək məcburiyyətində qaldı. Amma o, öz
inqilabi fəaliyyətini burada da davam etdirdi. 1908-1911-ci illərdə
Güney Azərbaycanda İran şahlıq idarə üsuluna qarşı başlamış məşrutə
inqilabında fəal iştirak etdi və milli-demokratik oyanışının əsas
rəhbərlərindən biri oldu. 1910-cu ildə Güney ziyalıları ilə birgə İran
Demokrat Partiyasının əsasını qoydu. Partiyanın orqanı kimi «İranenou»
(«Yeni İran») qəzeti çap edilməyə başladı. Məmməd Əmin qəzetin baş
redaktoru oldu. Müasirlərinin də etiraf etdiyi kimi, Modern Avropa
qəzetçilik məsləkini İrana gətirən və inkişaf etdirən Məmməd Əmin
Rəsulzadədir.
Həmin illərdə onun burda bir çox kitabları nəşr edilib.
İran məclisinin sədri olmuş Seyid Həsən Tağızadə Məmməd Əmin haqda
yazırdı: «Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım,
mübaliğəsiz söyləyə biləcəyim fövqaladə namdar insanlardan biri idi...
Böylələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq həmən -
həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz...»
Uzun sürən azadlıq davasından sonra Rusiya və İran imperiyası birləşib inqilabı məğlub etdi. Məşrutə hərəkatı süqut etdi.
Məmməd Əmin artıq Güneydə qala bilməzdi. O, iki imperiyanın vahid
düşməninə çevrilmişdi. Onun növbəti dayanacağı Türkiyə idi. Məmməd Əmin
«Türk ocağı» adlı təşkilata üzv oldu və fəaliyyət göstərməyə başladı.
O, burada da müxtəlif qəzetlərdə çalışır, məqalələr yazırdı. Məmməd
Əminin Türkiyədəki fəaliyyəti əsasən Güney Azərbaycanın müstəqilliyi
ilə bağlı idi. O, Güney Azərbaycan türklərinin səsini türk dünyasına
çatdıran ilk insan idi.
Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti
ilə mühacirlər dövlət tərəfindən əfv olundu və Azərbaycan qayıda bildi.
Bakıya gələr-gəlməz, 1911-ci ildə yaradılan Müsavat Partiyasına üzv
oldu. Özündə böyük mütərəqqi ideyalar daşıyan bu partiya Azərbaycanda
ilk demokratik siyasi təşkilat idi və vətənin müstəqilliyi, millətin
xoşbəxtliyini istəyənləri öz ətrafına toplamışdı. Partiyanın xalq
içində böyük nüfuzu vardı. Çox keçmədi ki, Rəsulzadə partiyanın
liderinə çevrildi.
Uzun sürən mübarizədən sonra nəhayət, 1915-ci ildə «Açıq söz»
qəzetini buraxmaq üçün icazə al bildi. Qəzet əsasən azadlığı,
türkçülüyü təbliğ edirdi.
Bu illər ərzində Məmməd Əmin öz inqilabi fəaliyyətini yüksək səviyyədə davam etdirirdi.
Nəhayət, 1917-ci il Sosialist Oktyabr İnqilabından sonra Çar Rusiyası süquta uğradı.
İnsanlara hürriyyət, millətlərə istiqlal!
Artıq Azərbaycanın müstəqil olması üçün tarixi şans yaranmışdı və
bundan istifadə etmək lazım idi. Elə bu məqsədlə Məmməd Əmin və
silahdaşları hərəkətə keçdilər.
Rusiyada sosialistlər hakimiyyətə gəlmişdilər, bu, öz
müstəqilliklərini elan etmək istəyən qonşu dövlətlərə qarşı potensial
təhlükə idi. Azərbaycan bu təhlükədən qorunmaq məqsədi ilə Gürcüstan və
Ermənistanla koalisiya qurdu, amma bütün bunlar müsbət nəticə vermədi
və ölkələr koalisiyadan çıxdılar.
1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi,
bununla Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu. Bu uzun sürən bir
mübarizənin məntiqi sonluğu - əsl qələbə idi!
Milli Şura tam hüquqlu Azərbaycan milli hökumətinin yaradılması ilə
bağlı qərar çıxardı və 6 bənddən ibarət «İstiqlal bəyannaməsi»ni elan
etdi.
Azərbaycan Milli Şurasının qəbul etdiyi «İstiqlal Bəyannaməsi»ndə deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı həqiqi-hakimiyyətə malik
olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da
tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu
olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq
əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən,
sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri
daxilində bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ
təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın
seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan
müvəqqəti hökumət durur.
«İstiqlal Bəyannaməsi» elan olunduqdan sonra Milli Şura Azərbaycan hökumətinin yaradılmasını Fətəli xan Xoyskiyə tapşırdı.
M. Ə. Rəsulzadə 1953-cü il mayın 28-də «Amerikanın Səsi» radiosu ilə
Azərbaycan xalqına müraciətində deyirdi: «...35 il əvvəl, 100 il sürən
çar əsarətindən sonra Azərbaycan Şurayi Millisi, Azərbaycan
Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl
bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən
etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün
mövcudiyyətilə meydana atılmışdır... 28 Mayıs 1918-də, İstiqlalını elan
etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi».
Azərbaycan Xalq Cümhuriyyəti tezliklə demokratik islahatlara
başladı. Azərbaycanın 3 rəngli bayrağı, gerbi, dövlət himni qəbul
olundu. Şərqdə ilk dəfə olaraq qadına seçmə və seçilmə hüququ verildi
(AXC qadına bu hüququ hətta Amerika Birləşmiş Ştatlarından da öncə
verib - red.) 1918-ci ildə Şərqdə ilk demokratik parlament öz işinə
başladı. Məktəblər milliləşdi, yeni müəllim kursları və məktəblər
açıldı. Bakı Dövlət Universiteti təsis edildi.
Nəhayət, 1920-ci ilin dekabrında Parisdə beynəlxalq konfransda
Azərbaycanın mütəqilliyi de-fakto tanındı. Artıq Azərbaycan xarici
dövlətlər tərəfindən rəsmən tanınan müstəqil dövlət idi. Bu, Məmməd
Əminin başçılığı ilə Azərbaycan ziyalılarının ən böyük qələbəsi idi.
Təəssüf ki, müstəqil respublika cəmi 23 ay yaşadı. 1920-ci il aprelin
28-də Sovet qoşunları Azərbaycanı işğal etdi.
Xalq Cümhuriyyətinin ideoloqlarına və fəallarına divan tutuldu,
onların çoxu qətlə yetirildi, repressiyaya uğradı- sürgün edildi, həbsə
atıldı. Bu amansız repressiya 1937-ci ilədək qədər davam etdi.
Bütün bunlara rəğmən, Xalq Cümhuriyyəti Azərbaycan tarixində mühüm
rol oynadı. AXC olmasaydı, Azərbaycan SSR adlı sovet respublikası da
olmayacaqdı
Rəsulzadəni isə Stalin xilas etdi, çünki onun Məmməd Əminə can borcu
vardı. Stalin 1904 - cü ildə Bakıda fəhlələri tətilə çağırarkən,
mülkədarlar onu tutub neft quyusuna atmaq istəmişdilər, bu zaman isə
onun həyatını Məmməd Əmin xilas etmişdi.
Amma Rəsulzadə Stalinin qəyyumluğunu qəbul etmədi, öz mübarizəsini davam etdirmək üçün Moskvadan qaçdı.
Xeyli müddət mühacirətdə yaşadı, amma öz azadlıq mübarizəsindən bir an belə dönmədi.
O, heç zaman Hitlerin faşist ideyalarını qəbul etməmişdi,
millətçiliyin belə formasına qarşı idi («Əsrimizin Siyavuşu» kitabında
Rəsulzadə millətçilik haqqında düşüncələrini yazıb və daha çox
liberal- millətçi olduğunu ifadə edib), ancaq millətinin istiqlalını
əzazillikdə faşist Almaniyasından geri qalmayan Sovet Rusiyasının
süqutunda görürdü. Məhz bu səbəbə görə Hitler Almaniyası ilə
danışıqlara getdi, amma hər dəfə Azərbaycanın müstəqillik ideyalarını
almanlara qəbul etdirmək istədiyindən nasistlərlə danışıqlar yarımçıq
kəsilirdi.
Amma almanlar danışıqların davam etməsində israrlı idilər.
Sonda Rəsulzadə Almaniyadan Ruminiyaya, oradan da Türkiyəyə
mühacirət etdi. Məmməd Əmin Azərbaycanın müstəqilliyi davasını
Türkiyədə də son nəfəsinəcən davam etdirdi. Çünki Azərbaycanın gələcək
müstəqilliyini aydın görürdü: «Kommunizm nə yaparsa yapsın, Rusiya
imperializmi hansı rəngə girirsə girsin, meydanda bir həqiqət var:
millətlər kəndilərini tanımışlar!»
Doğrudan da, Rəsulzadənin vəfatından 36 il keçəndən sonra Azərbaycan
yenidən müstəqil oldu və özünün üç rəngli bayrağını göylərə qaldırdı.
Azərbaycan özünün bu günki müstəqilliyinə görə Məmməd Əmin kimi böyük
insanlara borcludur.
|