Söz və fikir azadlığı çağdaş dünyanın ən vacib problemlərindən
biridir. Demokratiya yoluna təzə qədəm qoymuş və yaxud qeyri-demokratik
ölkələrdə bu problem əsas müzakirə mövzularından biri olaraq,
qalmaqdadır.
İnsanın öz fikirlərini azad şəkildə ifadə etməsi
onun ən doğal haqqıdır, təəssüf ki, Azərbaycan da daxil olmaqla,
dünyanın bir çox ölkələrində insanların bu haqqına dözümsüz münasibət
mövcuddur. Öz fikrini azad şəkildə ifadə edən insanlar, xüsusilə,
jurnalistlər müxtəlif təzyiqlərə, təqiblərə məruz qalır. Dövlət
tərəfindən mətbuat orqanlarına senzura tətbiq edilir və yaxud müxtəlif
yollarla onların fəaliyyətinə süni əngəllər yaradılır. Bundan ən çox
əziyyət çəkən isə bütün cəmiyyət, xüsusən də onun fikir adamlarıdır.
Axı hər bir ziyalı üçün fikirlərinin məhdudlaşdırılmasından daha böyük
təhqir ola bilməz.
Senzuranın tarixinə kiçik ekskurs
Yadfikirliliyin təzyiqlərə məruz qalmasının tarixi qədimlərə gedib
çıxır. Müasir dövrdə qəzetlərə, jurnallara, kitablara və müxtəlif
nəşrlərə tətbiq edilən senzuraya isə ilk dəfə 17-ci əsrdə, İngiltərədə
rast gəlinir. Senzura sözünün mənası latıncadan tərcümədə “dövlət nəzarəti” deməkdir. 1637-ci
ildə İngiltərədə çap işi geniş vüsət aldı və bir çox müəlliflər öz
fikirlərini azad şəkildə ifadə etməyə başladılar. Təbii ki, bu,
demokratiyanın ən mühüm elementlərindən biri idi. Ölkə öz yüksəliş
dövrünə qədəm qoymuşdu. İngiltərədə mövcud olan azadlıqlar həmin vaxt
heç bir dövlətdə yox idi və bu, ingilis fikir adamlarının ən böyük
qürur mənbəyi idi. Bundan narahat olan kral hakimiyyəti senzuranın
tətbiq edilməsi haqqında fərman verdi. Bu qanuna riayət etməyənləri
sərt cəzalar gözləyirdi. Cəzaya ilk məruz qalan müəllif Uilyam Prinn
oldu. O, öz kitabında kraliçaya şər atmaqda günahlandırıldı, buna görə
də qulaqları kəsildi və ömürlük həbs cəzasına məhkum edildi. Söz və
fikir azadlığının ilk ən fəal müdafiəçisi “İtirilmiş cənnət”
poemasının müəllifi, məşhur ingilis şairi Con Milton senzura qərarı
əleyhinə qəti mübarizəyə başladı. “...Mənə hər cür azadlıqlardan
daha öncə bilmək, danışmaq və öz məsləkimə uyğun olaraq sərbəst fikir
yürütmək azadlığı verin...” - Milton yazırdı. O, əsərlərində kral
hakimiyyətinin qondarma qanunlarına qarşı çıxdı. Sonda Miltonun səyləri
öz nəticəsini verdi - senzura aradan götürüldü. Amma bütün bunlar
müvəqqəti xarakter daşıyırdı. Bir müddət sonra kral hakimiyyəti
senzuranı yenidən bərpa etdi. Ümumiyyətlə, İngiltərədə senzura 1648-ci
il Böyük Burjua İnqilabınadək gah tətbiq edilir, gah da fikir
adamlarının təzyiqləri nəticəsində ləğv olunurdu. Yeri gəlmişkən, bu
inqilabın baş verməsində azad mətbuat əhəmiyyətli rol oynadı. Azad sözün daha bir qələbəsi
Fransa kralı 16-cı Lüdovik həbsxanada Volterin və Russonun
əsərlərini oxuduqdan sonra “Fransanı (Burbonlar sülaləsini - R.C) bu
iki adam dağıtdı” demişdi. Ona qul kimi sitayiş edən xalqın indi ondan
üz döndərməsini heç cür həzm edə bilməyən Lüdovik üçün həbsxananın bir
küncündə taleyinin necə həll ediləcəyini gözləməkdən daha acınacaqlı
heç nə ola bilməzdi, amma artıq hər şey gec idi. Volterin və Russonun
əsərləri - azad söz qalib gəlmişdi! Öz əsərləri ilə əsrlərdən bəri
Fransaya qan udduran Burbonlar sülaləsinə, riyakar kilsə hakimiyyətinə,
xurafata, cahilliyə qalib gəlmiş Frans Arue Volter 18-ci əsr Fransa
inqilabı ərəfəsində yaşayıb yaratmış ən məşhur filosof, yazıçılardan
biridir. Məşhur “Fəlsəfi hekayətlər” kitabının müəllifi Uill Dürant
Volteri belə səciyyələndirir: “İtaliya öz renessansına, Almaniya öz
reformasiyasına, fransa isə öz Volterinə malik idi. O, öz ölkəsi üçün
həm renessans, həm reformasiya, həm də inqilabın yarısı idi... Volterin
öz zəmanəsi ilə döyüşməyə vaxtı vardı. O, bu döyüşü uddu və ömrünü bir
fateh olaraq başa vurdu” Yəqin ki, indiyədək heç bir fikir adamı öz
xalqı üçün Volterin fransız xalqına etdiyi yaxşılığın yarısını belə edə
bilməyib. Onun əsərləri o zamanki dövr üçün fantastik bir rəqəmlə - 300
min tirajla çap olunurdu. “Burbonlar özlərini qoruyub saxlaya
bilərdilər, əgər onlar oxunan materialı öz nəzarəti altında saxlaya
bilsəydilər... O zaman ki, millət düşünməyə başlayır, artıq onu
dayandırmaq qeyri-mümkündür” - bunu sonralar Napoleon deyəcəkdi. Volterin
ömrü təzyiqlərlə, təqiblərlə müşaiyət olunub. Dəfələrlə həbsə atılıb,
sürgün edilib. Demək olar ki, hər yeni əsəri qadağalara məruz qalırdı.
Amma onun əsərləri gizli yollarla çap edilir, yayılırdı. Ömrünün 3
ilini İngiltərədə sürgündə keçirən Volter burada insanların malik
olduğu siyasi azadlığın genişliyindən riqqətə gəlmişdi. Əfv olunub
ölkəsinə qayıtdıqdan sonra “İngiltərədən məktublar” əsəri çap olundu.
Əsər bütün Fransanı dəhşətə saldı. Kral, kilsə xadimləri ona qarşı
çıxdı. Volter yenidən ölkəni tərk etmək məcburiyyətində qaldı. Tarixə
alman xalqının ən maarifpərvər imperatoru kimi Fridrixin Volterə böyük
simpatiyası vardı. O, Volteri ölkəsinə dəvət etdi ki, alman xalqının
maariflənməsinə yardım göstərsin. Volter xeyli müddət Almaniyada yaşadı
və alman xalqının maariflənməsində yaxından iştirak etdi. Amma vaxt
gəldi ki, azad söz üstündə Volterlə Fridrixlə arasında ixtilaf yaşandı.
Volter Fridrixin sarayında fəaliyyət göstərən riyyaziyyatçı alimi
tənqid edən əsər yazdı. Kral Volterə əsəri çap etməyə qadağa qoydu,
amma əsər çap edildi və Volter sarayı tərk etdi. “Mənim sənətim
düşündüyümü yazmaqdır” deyən Volter yaxınlarına məktubunda “mən də
müəllifəm və krala əks düşərgədəyəm, mənim əlimdə olan isə hökmdar
çubuğu deyil, qələmdir” yazmışdı. Volterin fransız xalqını cahilliyinə görə tənqid, hətta təhqir etməsinə rəğmən xalq onu sevdi və qorudu. Avropa
xalqlarının inkişafında mühüm rol oynayan Böyük Fransa burjua inqilabı
əsrlərdən bəri hökmranlıq etmiş Kral taxt-tacını devirdi və fransız
xalqının işıqlı gələcəyini təmin etdi, bu prosesdə azad mətbuatın və
fikir, ifadə azadlığının mühüm rolu oldu. Dünya düzənini dəyişdirən,
onu yeni nizama salan İngiltərə və Fransa burjua inqilablarından
gətirilən misallardan, həmçinin bu gün öz cəmiyyətinin inkişafı ilə
fərqlənən ölkələrə nəzər saldığımız zaman aydın olur ki, cəmiyyətin
inkişafında azad sözün, azad mətbuatın olması vacibdir, hətta əksər
hallarda həlledicidir! Məhz buna görədir ki, qeyri-demokratik
ölkələr bir qayda olaraq, azad sözün qarşısını alır, senzura tətbiq
edir, min cür bəhanələrlə insanların fikirlərini sərbəst ifadə etməsinə
qarşı çıxırlar.
Azərbaycanda söz azadlığı problemi
Bu günki Azərbaycanın da ən ciddi problemlərindən biri və bəlkə də
birincisi söz, fikir azadlığı ilə bağlıdır. Fərqli fikri, alternativ
düşüncəni müdafiə edən, ortaya qoymağa çalışan qəzetlər, onların
redaktorları və sıravi jurnalistləri, yazıçılar, şairlər müxtəlif
bəhanələrlə həbsə atılır, təzyiqlərə məruz qalır. Az qala ki,
Azərbaycanda azad mətbuat yox səviyyəsindədir. Bunu yerli və beynəlxalq
hüquq-müdafiə təşkilatlarının vaxtaşırı açıqladıqları hesabatlar da
təsdiqləyir. Müdriklərdən biri deyib: “Zəkanın və istedadın təqib
edilməsi onun əhəmiyyətini qaldırır və qadağan edilmiş hər cür kitab
həqiqət qığılcımıdır və bu qığılcım onu tapdamaq istəyənlərin gözünə
girir”. Azərbaycanda isə zəkanın və istedadın təqib edilməsi onun
əhəmiyyətini artırmır, əksinə, azaldır. Çünki ölkənin düşünən beyni ruh
düşkünlüyünə qapılıb və apatiya içərisindədir. Təbii ki, buna
Azərbaycan cəmiyyətinin kitaba, mətbuata olan biganə münasibəti, hətta
bəzi hallarda azad sözə qarşı dözümsüzlük göstərməsi, xalqın
mentalitetindən doğan aşırı kompleksləri də mühüm təsir göstərir.
Azərbaycanda söz azadlığına qarşı basqının tarixi qədimdir, ən azı
14-cü əsrdə Nəsiminin öz fikirlərinə görə edam edilməsi, sonrakı
yüzilliklərdə Axundovun, Cəlil Məmmədquluzadənin, Sabirin və yüzlərlə
digər fikir adamının basqı altında saxlanılması bunun sübutudur. Dəhşət
burasındadır ki, dünyanın bir çox klassik müəlliflərinin əsərləri
müəyyən zaman keçdikdən sonra öz aktuallığını itirdiyi halda,
Azərbaycanın maarifçi klassiklərinin əsərləri hələ də aktuallığını
qoruyub saxlayıb. Bu, onların böyüklüyü deyil, xalqın keçmiş dəyərlərin
içərisində batıb qalmasının təzahürüdür. Yenə də Azərbaycan
xalqının savadsızlığı, elmsizliyi, mövhumata, cəhalətə yuvarlanması
aktualdır və yenə də maarifçi təfəkkürlü insanlar öz yazıları ilə buna
qarşı çıxır. Və yenə də onlar öz fikirlərinə görə basqı altındadır.
Amma dünya təcrübəsi azad sözün, azad fikirin əvvəl-axır qalib
gələcəyini göstərir. Azərbaycanda da gec-tez belə olacaq!
|