AZ | ENG

Məqalələr

Pənah Əliyev [2]
Cavid Ramazanov [10]
Sebinə Rəsulova [1]
Nermin Ramazanova [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Каталог статей

Baş səhifə » Məqalələr » Yazarlar » Cavid Ramazanov

Xürrəmilərin azadlıq hərəkatı və Xəzər dövləti
«Bir gün azad olmaq, altmış illik köləlikdən yaxşıdır» Babək

Azadlıq... Neçə əsrlərdir, neçə minillərdir ki, insanlar, cəmiyyətlər ona can atır, azad olmaq istəyir. Azadlığa gedən yolda müharibələr, kütləvi ölümlər, xəstəliklər, min cür ağrı və məşəqqət var; amma azadlıq uğrunda mübarizə aparan insanları bunlar qorxutmur. Belə insanlar üçün həyatın ən böyük dəyəri azadlıqdır, azad olmadan isə insan heç nəyə qadir deyil.

Tarixin ən böyük azadlıq hərəkatlarından biri Xürrəmilər hərəkatıdır. Xürrəmilərin azadlıq hərəkatı Azərbaycan, o cümlədən, Şərq tarixində dərin iz  buraxıb. Xürrəmilər haqda çox danışılıb, çoxlarınızın Babək və Xürrəmilər haqda kifayət qədər məlumatı var. Məqsədimiz təkrarçılığa yol vermək deyil. Elm yeniləşir, bu hərəkat haqqında yeni həqiqətlər, faktlar ortaya çıxır. Niyyətimiz Xürrəmiləri Xəzər türk dövlətinin fonunda araşdırmaqdır.
Xürrəmilərin ideyaları bir çox təhriflərə məruz qalıb. Xüsusən Sovet dönəmində bu ideyalar kommunist dəyərlərinə uyğunlaşdırıldı. İndinin özündə isə Xürrəmiləri gah kafir, gah da qəhrəman kimi qələmə verirlər. Biz isə bir çox mənbələrdən yararlanaraq, Xürrəmilər haqqında əsl həqiqətləri sizin diqqətinizə çatdırmağa çalışacağıq. 
                 
«Xürrəm» sözünün mənşəyi haqda

«Xürrəm» sözünün mənşəyi ilə bağlı 3 fərqli fikir mövcuddur. Birinci versiyaya görə, bu söz Ərdəbil yaxınlığındakı Xürrəm yaşayış məntəqəsinin adından götürülüb. Bir çox tarixçilər, o cümlədən, məşhur «İslamın tarixi» əsərininin müəllifi A. Müller də bu versiyanı dəstəkləyir.
İkinci versiyaya görə, bu söz «od» anlamına gəlir. Oda, atəşə sitayiş Zərdüşt təlimində və məzdəkilər arasında geniş yayılmışdı. Mərhum alim Ziya Bünyadov «Xürrəm» sözünün mənşəyi haqqında danışarkən bu versiyanın daha ağlabatan olduğunu bildirir.
Üçüncü, həm də ən mübahisəli və ən çox yayılan versiya «Xürrəm» sözünün «şən»,  «şad», «şəhvətpərəst» mənalarını ifadə etdiyi barədədir. Orta əsr müəllifləri Xürrəmilər haqda yazırlar: «Onların dini bundan ibarətdir ki, istədikləri və arzuladıqları hər şeyi edirdilər. Onlara bu adı ona görə vermişlər ki, onlar qadağaların nə olduğunu bilmirlər və şərabı, qadınlarla yaşamağı, faydalı olub nəşə verən hər şeyi xeyirli hesab edirlər. Bir şərtlə ki, bundan heç kəsə ziyan toxunmasın».
İsfəraini adlı tarixçi yazır: «Hər iki cinsdən olan babəkilər ilin bir gecəsində dağın başında toplanırlar, musiqi və şərabla hər cür pis əməl tuturlar. Sonra işığı və odu söndürürlər. Onlardan hər biri püşk ilə ona düşən qadınlardan birinin yanına gedir».
Başqa bir mənbədə isə oxuyuruq: «Xürrəmilər simvolik olaraq iki ruha, yəni işığa və qaranlığa inanırdılar. Onlar şərab içməyi çox sevirdilər, eyni halda xalisliyə, təmizliyə və düzlə əyriliyə çox diqqətli idilər. Çoxlu cinsi rabitələr qadınların istəyi ilə qanuniləşirdi. Onların iddiaları ləzzət və xoşluq idi. Başqasına ziyan gətirmədiyi təqdirdə hər şeydən faydalanır və ləzzət alırdılar.” 
Orta əsrlərin bir çox ərəb müəllifləri xilafət sarayına yaxın olmaq üçün xürrəmiləri hər cür vasitəylə aşağılayırdılar.
Ziya Bünyadov yazır: ««Xürrəm» sözünü əxlaqsızlıqla əlaqələndirən ənənədə feodal və burjua müəlliflərinin elmi və siyasi məhdudluğu, siyasi qərəzkarlığı nəzərə çarpır. Xilfətə qarşı mərdliklə çox çətin azadlıq mübarizəsi aparan xürrəmiləri «kefcil qara camaat», «kef içində pozğun həyat sürən» adamlar hesab etmək olmaz... Sərxoşluğa, pozğunluğa, və əxlaqsızlığa yol verən hər bir azadlıq hərəkatı əvvəlcədən tezliklə pozulmağa məhkum olardı».
Strabonun məşhur «Coğrafiya» əsərində qədimdə Qafqaz dağlarında bəzi tayfaların köhnə adətə görə ildə bir dəfə qrup halında cinsi əlaqədə olduğu bildirilir. Xürrəmilərin də qədim dini adətlərə inandığını nəzərə alsaq, ola bilsin, söhbət məhz onlardan gedir. Mümkündür ki, hansısa dini ritual şəklində onlar qrup halında cinsi əlaqədə olurdular.
Amma hələ də bu faktlar və  «Xürrəm» sözünün mənşəyi haqqında qəti nəsə demək mümkün deyil.

Xəzər dövləti və onun Xürrəmilərə təsiri

Xürrəmilərə təsir edən imperiyalar haqda danışan klassik müəlliflər əsasən iki imperatorluğun adını çəkirlər. Bunlar Sasani dövləti  və Bizansdır. Ancaq Babək və Xürrəmilər haqqında araşdırma aparan müasir müəlliflər Xürrəmilərə təsir edən imperatorluqlar arasında Xəzər imperatorluğunu da qeyd edirlər. Bunu Xürrəmilər arasında demokratik dəyərlərin yayılması ilə əsaslandırırlar.
Belə ki, Xəzər dövləti demokratik prinsiplər üzərində qurulmuşdu. Xəzərlərin dövlət quruluşunda Xaqan və Xaqan bəy adlı iki şah mövcud idi. Onlar seçki yolu ilə hakimiyyətə gəlirdilər. Xaqan hər dörd aydan bir millətin içinə çıxırdı. Xalq içindən seçilən xaqanların bəziləri varlı, bəziləri yoxsul olurdu. Əgər bir xaqan yoxsul olsaydı, hamı onu qəbul edərdi. Xaqan mənəvi ata statusu daşıyırdı. Xaqan Bəy isə ordunu və məmləkəti idarə edirdi.  Müharibələrə gedirdi. Xaqan Bəy müəyyən edilmiş zamana qədər şahlıq edərdi. Əgər bu müddətdən bir gün keçərdisə və Xaqan Bəy vəzifəsini tərk etmək istəməzdisə, onu öldürərdilər. Deyərdilər ki, «ağlı zay olub».

Xəzərlərin seçki örnəyi

Xəzərlər seçki zamanı şura yaradıb, öz işçilərindən birini xaqan təyin edərdilər. Şurada hər təbəqə iştirak edirdi və hər kəsin etirazını bildirmək haqqı vardı.
Xəzərlərdə qadın azadlığı mövcud idi. Onlar istədikləri şəxsə ərə gedə bilərdilər. Qadınlar hətta dövlət idarəçiliyinə də cəlb edilirdilər. Ümümiyyətlə, Xəzərlərdə qadına böyük hörmət vardı. «Dədə Qorqud» dastanlarında qadınların qılınc çalması, at çapması, yay çəkib ox atması, ov ovlaması, evləndiyi ərlə güləş və döyüşü... türk mədəniyyətində qadının  yüksək mövqeyini və ictimai-siyasi hüququnu nümayiş etdirir. O zaman bütün dünyada dini siyasi diktatorluq, işgəncə, zülm hökm sürdüyü vaxtda Xəzərlərdə dini azadlığı mövcud idi. Xəzərlər haqqında ərəb tarixçisi İbn Fəzlan yazır: «Xəzərlərdə yeddi  qız var idi; ikisi yəhudilər, ikisi xristianlar, ikisi müsəlmanlar və biri allahsızlar üçün. Yəni onlarda dinli, dinsiz arasında heç bir fərq yoxdur».  Bu, dünya tarixində analoqu olmayan hadisədir. 
H.Rosenthal yəhudi ensiklopediyasında yazır: «Xəzərlər bütün birləşmiş millətlərin üstünlüyünə malik hökumət qurmuşlar, parlaq ticarət, mütəşəkkil və sabit orduya sahib idilər. O zaman ki Batı (Qərb-red.) hələ cəhalət içində  idi, Xəzərlər padşahı, öz ədalətli və açıq gözlü hökuməti ilə fərəhlənə bilirdilər».
İndi isə gəlin Xəzərlərlə Xürrəmiləri müqayisə edək.
Müasir araşdırmaçılar yazır ki, Babəkin başçılığı ilə xürrəmilərin əski İran dövlətini və mədəniyyətini yenidən yaratmaq istəməsi barədə fikirlər kökündən yanlışdır. Ən əvvəl ona görə ki, qədim İranda hakimiyyət irsi idi və qan qohumluğuna əsaslanırdı. Babəkin hakimiyyətə gəlməsi isə heç bir qan qohumluğuna əsaslanmırdı və Xəzərlərdə olduğu, kimi seçki yolu ilə mümkün olmuşdu. Babəkin və Xürrəmilərin ideyaları Xəzərlərin inancları və mədəniyyəti ilə tamamilə oxşardır. Cavidanın arvadı onu Xürrəmilərə başçı olmağı təklif edib. Xürrəmilər də buna razılaşıblar.
Türk Xaqanı təbəqə və ya qan mənsubiyyəti ilə yox,   şəxsin ləyaqətinə görə seçilirdi. İbn Fəzlan hətta Xəzərlərdə bir çörəkçinin Xaqanın yerinə seçilməsi üçün namizəd olduğunu qeyd edib. Türklərdə ərəblərin və  sasanilərin  əksinə olaraq, hakimiyyət təkcə yuxarı siniflərə mənsub deyildi; millətin sadə nümayəndələri də bura daxil idi.
Babəkdən əvvəl Xürrəmilərə, Xəzərlərdə olduğu kimi, iki nəfər - Cavidanla Əbu İmran başçılıq edib. Cavidanın mövqeyi  Xəzər dövlətindəki Xaqanın mövqeyi ilə eyniyyət təşkil edir. Əbu İmran isə Xaqan bəy kimi hərb işlərlə və idarəçiliklə məşğuldur.
Əski inanclarda, o cümlədən, atəşpərəstlikdə qadınlarla əşya kimi davranılırdı. Zərdüştilər qadının şeytan cinsindən olduğunu bildirir və onu murdar, alçaq elan edib, yaranışından təəssüflənirlər. «Avesta»da yazılıb: «Əhura Məzda qadınları saleh şəxslərə tapşırdı, amma qadınlar qaçıb şeytana üz gətirdilər... Qadınlar şeytan nəsli və şeytan cinsidirlər...  Əhura Məzda qadına dedi ki, sənin murdar olduğunu bilirəm, səni yaratdım və sənə kömək edirəm, çünki kişi səndən doğulur. Yenə də sən məni incidəcəksən, əgər kişini doğmaq üşün başqa bir məxluq tapsaydım, səni yaratmazdım».
Xürrəmilərdə isə, Xəzərlərdə olduğu kimi, qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, öz istəklərinə görə ərə gedə bilirlər. Hərəkatın dağılmaması və hakimiyyət üstündə davanının başlamaması üçün Cavidanın arvadı Kəldaniyənin rəhbərliyi Babəkə ötürmək səlahiyyəti Xürrəmilərdə qadının kifayət qədər yüksək statusa malik olduğunu göstərir.
Bu faktlardan sonra aydın olur ki, Xəzər dövlətçiliyi və Xəzər mədəniyyəti Xürrəmilərə ciddi təsir edib. Onların azadlıq ideologiyasının formalaşmasında müəyyən dərəcədə rol oynayıb.

Xürrəmilərin məğlubiyyəti

Babəkin başçılığı ilə ərəblərin ən böyük ordularını məhv edən Xürrəmilər yenilməzlik simvoluna çevrilmişdilər. Ərəblər onlara heç cürə qalib gələ bilmirdilər. Yalnız xilafət ordusu bütün qüvvələrini səfərbər etdikdən sonra və türk əsilli Afşin adlı sərkərdəni komandanlığa gətirməklə xürrəmilərə qalib gəlmək mümkün oldu. Əslinə qalsa, ərəblər yenə də Xürrəmiləri məğlub edə bilməzdi. Babəkin böyük döyüşlərdən qalib çıxması nəticəsində özünə olan arxayınçılığı və taktiki səhvi - partizan döyüşündən çıxıb ərəblərlə açıq döyüşə girməsi - xürrəmilərin məğlubiyyəti ilə nəticələndi. Babəki Samirə şəhərində edam etdilər.
Xürrəmilərin igamətgahına daxil olan Afşin orada ağlasığmaz dərəcədə sərvətin olduğunu görür və onun çoxusunu xilafətdən gizlədir. Bu sərvət gələcəkdə qurulacaq Mavərənnəhr türk dövlətinin xəzinəsinin böyük hissəsini təşkil edir.
Xürrəmiləri məğlub edən sərkərdə Afşinə Şərqin ən böyük şairləri şer yazır. Ərəb xilafətində ən yaxşı vəzifələrdən biri ona verilir - o, xəlifə ordusunun başçısı təyin edilir. Azərbaycanın idarəçiliyi də Afşinin ixtiyarına keçir. Amma ədalət sonda qələbə çalır. Afşin bir müddət keçəndən sonra xürrəmilərin ideyalarını həyata keçirmək üçün hərəkətə keçir. O, İslama qarşı çıxır və əski dini - atəşpərəstliyi  bərpa etməyə çalışır. Böyük pullar xərcləyərək, xilafətə qarşı üsyanlar təşkil edir.
Çox keçmir Afşinin planı ifşa olunur. Onu Babəkilikdə, kafirlikdə, sui - qəsdə cəhddə günahlandırıb cəzalandırırlar. Xalq arasında şöhrətinə və hörmətinə görə edam etməkdən qorxsalar da, zindana salırlar. Və Afşin orada acından öldürülür.
Xürrəmi azadlıq hərəkatı xilafətin zəifləməsində böyük rol oynayır. Xürrəmilərdən sonra ərəb xilafətinə qarşı kütləvi üsyanlar başlayır. İmperiyanın bütün vilayətlərini əhatə edən bu üsyanlar xilafəti sürətlə tənəzzülə doğru aparır.


Kateqoriya: Cavid Ramazanov | Əlavə etdi: Penah (03.12.2008) | Yazar: Cavid Ramazanov
Baxılıb: 1294 | reytinq: 3.7/3 |

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0