Cavid Ramazanov
Hər bir insan dəyişməz, müqəddəs hüquqlarla doğulur. Zülmə,
haqsızlığa qarşı mübarizə də insanın ən əsas və təbii haqlarından
biridir. Amma hələ də dünyada demokratiyanı, insan hüquqlarını
tapdayan, özünü qorumaq üçün ən rəzil metodlara belə əl atan elə
anti-demokratik dövlətlər var ki, orada ictimai etiraz, cəmiyyətin
müqavimət gücü yoxdur, insanlara müti münasibət hökm sürür.
Belə
ölkələrdə özündə etiraz ruhu hiss edən hər bir insan öncədən ölümü gözə
almalı, böyük cəsarət sahibi olmalısan. Tarixdə bu cür insanlara nadir
hallarda təsadüf edilir. Sovet dissident yazıçısı Aleksandr İsayeviç
Soljenitsın belələrindəndir! Soljenitsının keçdiyi həyat yoluna
nəzər salanda istər-istəməz insanın tükləri biz-biz olur. Təkbaşına,
heç nəyə arxalanmadan SSRİ kimi nəhəng bir cəllad dövlətlə mübarizə
aparmaq və… qalib gəlmək! Bu, bəlkə də dünyanın ən böyük
xoşbəxtliyidir. Soljenitsın ədəbi yaradıcılığı ilə Stalinizmin və
SSRİ-nin iç üzünü açıb, onu bütün dünyada ifşa edib.
Kimdir Soljenitsın?
Soljenitsın Böyük Vətən Müharibəsinə gedib, müharibə qurtaran il -
1945-ci ilin fevralında isə həbs edilib. Onun həbsinə səbəb dostuna
göndərdiyi məktubunda Stalini və ümumiyyətlə, SSRİ hakimiyyətini tənqid
etməsi, sonradan üzərində aparılan axtarışlar zamanı isə plaşının
cibindən eyni məzmunlu hekayələrin tapılması olur. Nəticədə gənc
dissident yazıçını Sibirə sürgün ediblər. O, burada islah əmək
düşərgələrində ağır işgəncələr altında yaşamalı olur. 8 il sürgündə
yaşadıqdan sonra Soljenitsının mədəsində xərçəng xəstəliyi aşkar edilir
və 1953-cü ildə ölməsi üçün azadlığa buraxılır. Amma möcüzə baş
verir - Soljenitsın ağır xəstəliklə sonadək mübarizə aparır və…
sağalır. O, sağaldıqdan sonra aktiv şəkildə ədəbi yaradıcılığa başlayır. 1956-cı
ildə SSRİ-nin o vaxtki rəhbəri Xruşşov antistalin kampaniyasına qərar
verir. “Novıy mir” jurnalında Soljenitsının “İvan Denisoviçin bir
günü” adlı povesti Xruşşovun şəxsi təşəbbüsü ilə çap olunur. Əsər
böyük hay-küy yaradır və tənqidçilər tərəfindən yüksək
qiymətləndirilir, hətta onu Dostoyevskinin “Ölü evdən məktublar”
əsərinə bərabər hesab edirlər. Bundan sonra Soljenitsının hekayələri
mətbuatda mütəmadi çap olunur və müəllifini böyük yazıçı kimi
şöhrətləndirir. Xruşşov Soljenitsını özünün antistalin kampaniyasının
bir elementinə çevirmək istəyirdi. Amma hər şey əksinə oldu.
Soljenitsının «ağır zirehli artilleriyası» Xruşşova və bütövlükdə SSRİ
imperializminə tuşlanır. Xruşov istefaya göndəriləndən sonra ədibin
əsərlərinin çapına qadağa qoyulur. Amma onun əsərləri gizli şəkildə
yayılır, hətta Avropaya yol tapır. SSRİ kimi dövlət Soljenitsınlə
mübarizə apara bilmir, onu aradan götürməyi də bacarmır, çünki bütün
dünyanın qınaq obyektinə çevrilmək istəmir. Soljenitsın «xalq düşməni»
elan edilir, özü və bütün yaxınları izlənilir, ona qarşı kütləvi şər və
böhtan kampaniyası aparılır. SSRİ Yazıçılar İttifaqından xaric edilir,
hətta iş o həddə çatır ki, ona qarşı məktəblərdə belə anti-təbliğata
başlanılır. Ədib 1970-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq
görülür. İsveç Akademiyasının rəsmisi Karl Raqnar Soljenitsının
yaradıcılığını “insan ləyaqətinin sarsılmazlığı” kimi dəyərləndirir.
Amma Soljenitsın mükafatı almaq üçün İsveçə getmir. O, İsveçə gedərsə,
geri dönüşünün olmayacağını anladığından belə addım atmaq
məcburiyyətində qalır. Bununla belə, Soljenitsın ölkədən xaric
edilir. Buna səbəb onun şah əsəri sayılan “Arxipelaq QULAQ”ı yazması və
xaricdə çap etdirməsi olur. Yazıçı özünün Nobel nitqini 1972-ci ildə
söyləyir. Onun sonralar çox məşhurlaşan Nobel nitqi bu sözlərlə
bitirdi: “Bir kəlmə həqiqət bütün bəşəriyyəti qalib edər!”. SSRİ-dən
xaric edildikdən sonra Soljenitsın Amerikada məskunlaşır və öz inqilabi
işini davam etdirir. 1974 - cü ildə onun “Yalansız yaşamaq” adlı əsəri
“Washington post” qəzetində çap olunur. Həmvətənlərinə müraciətlə
yazılmış bu əsər dünyada xeyli populyardır. Əsəri ixtisarla sizə təqdim edirik. Oxuyun və sadəcə, düşünün...
|