Aleksandr Soljenitsın
Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi
rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin
qızışdırılması... Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları
dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik,
gücsüzük.
Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb
və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də,
övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi
hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq: “Necə mane ola
bilərik? Bizdə o zor hanı?”. Adamlığımızı o dərəcədə itirmişik ki,
bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün
elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın
çörəyə qurban veririk - təki köhnə nizam pozulmasın, vücudumuza xətər
toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb.
Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü
dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb
gizlənə bildik?); biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan
qorxuruq. Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq -
birdən bir parça çörəyimizi itirərik... ....Ancaq biz hər şey
eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq veririk. Bütün bunlarda heç
də “onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Deyə
bilərsiniz ki, axı həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar,
nə bizə qulaq asan var, nə bizdən söz soruşan. Onları necə məcbur
eləyək ki, bizə qulaq assınlar? Onları öz fikrindən döndərmək,
doğrudan da, mümkün deyil. Yaxşı olar ki, onları yenidən seçək! Ancaq
bizim ölkədə heç vaxt heç kəs yenidən seçilmir! Qərbdə adamlar
tətillər, etiraz nümayişləri keçirirlər, ancaq biz o qədər başıqapazlı
olmuşuq ki, belə şeylərdən qorxuruq: necə yəni işdən boyun qaçırasan,
necə yəni küçələrə töküləsən? Birdən nəsə öz-özünə baş verdi?..
Lakin biz gecə-gündüz indiki yaşayışımızı tərifləyib daha da
möhkəmləndirəcəyiksə, heç olmasa, onun ən yaralı yerindən (yalandan!)
qaçmayacağıqsa, yalan heç vaxt öz-özünə bizdən əl çəkməyəcək. Zorakılıq
adamların dinc həyatına soxulanda lovğa-lovğa, qırmızı-qırmızı bayraq
qaldırır: “Mən zorakılığam! Dağılın, çəkilin - əzərəm!”. Ancaq
zorakılıq tez qocalır, o, özünə uzun müddət güvənə bilmir, özünü
yaşatmaqdan, yaxşı görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı
köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin arxasında
gizlənə bilmir, yalansa yalnız zorun hesabına yaşayır. Zorakılıq bizə
qarşı çox vaxt açıq hücuma keçmir. O, bizdən yalnız yalana boyun
əyməyi, hər gün ona şərik çıxmağı tələb edir - kölənin bütün sədaqəti
də elə bundadır. Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən
adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq! Qoy yalan
dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir
şeydə möhkəm duraq - yalanın hakim kəsilməsində mənim əlim olmasın! Və
bu, süstlüyümüzü azacıq da olsa, aradan qaldıra bilər. Bizdən ötrü ən
asanı - yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur! Çünki adamlar
yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır. Yalan
mikrob kimi ancaq adamlarda yaşaya bilir. Ortaya çıxan həqiqəti car
çəkməyə, düşündüyümüzü ucadan deməyə yetişməmişik - lazım deyil,
qorxuludur. Heç olmasa düşünmədiyimizi danışmaqdan əl çəkək! İçimizdə
qat bağlamış mütiliyin fonunda yolumuz budur - ən rahat yol;
Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək belə xatalıdır)
baxanda ən asan yol. Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq!
Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab xəttindən
geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək, onda onun necə tez
və əngəlsiz yıxıldığına heyrətlənəcəyik; çılpaq yalanı çılpaq şəkildə
də görəcəyik. Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs
özü seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz
kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana
uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə layiq adam
olsun. Və həmin gündən o; - daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza atmasın; -
yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə, nə təbliğatçı,
müəllim, tərbiyəçi, nə də teatr aktyoru kimi nə özündən desin, nə
kağızdan oxusun; - istər rəssamlığın, istər heykəltəraşlığın, istər
fotonun, istərsə də musiqinin vasitəsilə heç bir uydurmaya həqiqət donu
geyindirməsin; - özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə “yuxarılar”dan şifahi və ya yazılı şəkildə yerinə düşməyən sitatlar gətirməsin; -
onu istəmədiyi nümayiş və mitinqə getməyə məcbur etməyə imkan
verməsin; ürəyincə olmayan transparantı, şüarı əlinə alıb başı üzərinə
qaldırmasın; - könlüncə olmayan təklifin lehinə əl qaldırmasın, layiq bilmədiyi, yaxud şübhələndiyi adama (açıq və ya gizli) səs verməsin; - saxtalığına əvvəlcədən əmin olduğu müzakirələrdən boyun qaçırsın; -
natiqin dilindən yalan, ideoloji cəfəngiyyat, sürtük təbliğat, söhbət
eşidən kimi yığıncağı, mühazirəni, tamaşanı, kinoseansı yarımçıq qoyub
çıxsın; - informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın. Bəli, ilk vaxtlar çətin olacaq... Öz
ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə
öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general
olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: «Mən qoyunam və
qorxağam, təki qarnım tox, başım salamat olsun». Bütün müqavimət
yollarının ən sadəsi olan bu yol bizim üçün asan keçməyəcək. Ancaq
özünü yandırmaqdan və aclıq keçirməkdən də ağır olmayacaq: alov
bədənini sarmayacaq, isti gözlərini qarsalamayacaq və ailən üçün heç
olmasa, qara çörək, içməli su tapılacaq. Deyirsiniz, çətin
yoldur? Çətin yoldur. Ancaq mümkün yolların ən asanıdır. Can üçün
çətin olsa da, ruh üçün yeganə yoldur. Çətin yoldur, ancaq artıq bizdə
adamlar var ki (hətta belə adamlar onlarcadır), neçə illərdir bu
şərtlərə əməl eləyir, yolun çətinliyinə qatlaşır, həqiqətlə nəfəs
alırlar. Və beləliklə, bu yolla biz birinci getmirik, gedənlərə
qoşuluruq! Sıralarımız nə qədər mehriban və sıx olsa, yolumuz o qədər
asan və qısa olar. Biz minlərcə olsaq, heç birimizə heç nə eləyə
bilməyəcəklər. On minlərcə olsaq, ölkəni tanınmaz dərəcədə dəyişə
bilərik! Qorxaqlıq eləsək, onda kiminsə bizə aman vermədiyindən
gileylənməyək - özümüzə aman verməyən elə biz özümüzük! Bəlkə hələ
dözək, gözləyək ki, vaxt gəlsin, bioloq qardaşlarımız bizim
fikirlərimizi oxumaq və genlərimizi dəyişdirmək məsələsini
tezləşdirsinlər?.. Əgər bunda da qorxaqlıq eləsək, onda biz rəzilik,
yararsızıq və Puşkinin nifrətinə layiqik:
Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək”.
|