AZ | ENG

Məqalələr

Pənah Əliyev [2]
Cavid Ramazanov [10]
Sebinə Rəsulova [1]
Nermin Ramazanova [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Каталог статей

Baş səhifə » Məqalələr » Yazarlar » Cavid Ramazanov

Xoşbəxtlər ölkəsi
Cavid Ramazanov

Bir qəsəbə düşünün. Dünyanın ən uzaq küncündə, demək olar ki, hər şeydən təcrid olunmuş vəziyyətdə. Qəsəbəni quran insanlar gündəlik həyatlarını xoşbəxt və hüzur içində keçirirlər. Öz-özlərini idarə edirlər, gündəlik ehtiyaclarını qarşılamaq üçün zəhmətkeş həyat tərzi sürürlər.

Kimsənin kimsəylə işi olmadığı bu qəsəbə o qədər xoşbəxtdir ki, ölən insan yoxdur. Qəsəbənin insanları o qədər ağıllıdırlar ki, özlərinə ağır bulaşıcı xəstəlik keçəndə bəzən qəsəbəyə ticarət və başqa məqsədlər üçün gələn yabançılara belə bu xəstəliyi yoluxdurmurlar. Sonradan hər kəs bu ağır xəstəlikdən qurtula bilir, heç kimə də ziyan dəymir.
Zaman keçdikcə qəsəbə inkişaf edir və getdikcə yad adamlarla dolur. Yad təsirlərin çoxalması insanlar arasında yavaş-yavaş uçurum yaradır. Hər şey özünün pik nöqtəsinə dövlətin qəsəbəyə nüfuz etməsi ilə çatır - Makonda (qəsəbənin adı) sakinlərinin dövlətin qanunlarına baş əyməsini tələb edir.
Hökumət nümayəndəsi qəsəbəyə gələr-gəlməz, milli müstəqilliyin ildönümü münasibəti ilə qəsəbədəki evlərin hamısının maviyə boyanmasını istəyir. Sakinlər soyuqqanlılığını itirmədən düz hökumət nümayəndəsinin üstünə gedirlər. Nə haqla belə əmr verdiyini soruşurlar.
Sakinlər, \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Biz bu qəsəbədə yazılı əmrlər vermərik. Bunu yaxşıca kəllənə sox ki, bizə qanun keşikçisi lazım deyil, çünki heç vaxt qanunsuz iş görməmişik. Elə xoşbəxt yaşayırıq ki, hətta ölmürük. Gördüyünüz kimi, məzarlığımız belə yoxdur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" deyirlər.
Amma bütün bunlara baxmayaraq, dövlət qəsəbədə öz hakimiyyətini qura bilir.
Bir müddət ötür. Hakimiyyət uğrunda iki siyasi qrup - mühafizəkarlar və liberallar arasında müharibə başlayır. Qəsəbə sakinləri özlərinə heç bir dəxli olmayan bu müharibəyə qoşulurlar. Buna səbəb hakimiyyətdə olan siyasi qrupun - mühafizəkarların seçkiləri saxtalaşdırması və liberallara qarşı haqsızlıq etməsi olur. Burada başqa bir səbəb - Makondaya sonradan gələn yad adamların gəncləri qızışdırması da böyük rol oynayır.
Uzun müharibədən sonra liberallar öz mənafeyi naminə onların uğrunda mübarizə aparan insanları satır. Müharibənin bir nəticə verməyəcəyini, mübarizənin əhəmiyyətsiz olduğunu anlayan qəsəbə sakinləri savaşdan əl çəkib qəsəbəyə çəkilirlər. Amma heç nə əvvəlki kimi deyil. Qəsəbə də, onun sakinləri də məhvə doğru gedir.
Cəmiyyət və dövlət, kamil və cahil insanlar arasındakı fərqlər, fərdin cəmiyyətdəki rolu, ailə münasibətləri, şan- şöhrət uğrunda mübarizə aparan insanların taleyi və digər bəşəri məsələlər haqqında bəhs edən bu hadisələr Qabriel Qarsia Markesin məşhur \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Yüz il tənhalıqda\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" romanındandır.
Göründüyü kimi, əsərdə diqqəti cəlb edən əsas məqamlardan biri müəllifin romanın başlanğıcında Nizami Gəncəvinin \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"xoşbəxtlər ölkəsi\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"nə bənzəyən toplumu göstərməsidir. Dövlətin mövcud olmadığı, hər kəsin bir-biriylə rahat şəkildə yola getdiyi, əmin-amanlığın, xoşbəxtliyin hökm sürdüyü belə cəmiyyət mövcud ola bilərmi? Markes əsərin başlanğıcında belə bir cəmiyyət yaradır, amma Nizamidən fərqli olaraq, onu uzun zaman yaşatmaq fikrindən uzaqdır. Ən sonda belə cəmiyyət modelinin məhvə məhkum olduğunu göstərir.
Artıq neçə əsrlərdir ki, filosoflar cəmiyyət və dövlət arasındakı münasibətləri təhlil edirlər. Bəzi filosoflar iddia edir ki, insan təbiətcə eqoistdir, o, öz tələbatlarını ödəmək və insanların bir-biriylə zorakı mübarizəsinin qarşısını almaq üçün öz azadlıqlarını məhdudlaşdırmaq üçün ictimai müqavilə bağlayır və dövləti yaradırlar. Bəziləri isə insanı xeyrin daha sərfəli olduğunu anlayan varlıq hesab edir. Onların fikrincə, insanları qorxu deyil, ağıl dövlətdə birləşməyə vadar edir.
İnsanın öz qeyri-məhdud azadlığından imtina edərək ümumi razılıqla dövlətə verdiyi haqq öz vətəndaşlarını cəzalandırmaq haqqıdır. İnsanların iradəsi ümumi razılıqla qəbul olunmuş qanunlardan başqa heç nə ilə məhdudlaşdırıla bilməz. Dövlət insanların həyatı, azadlığı və mülkiyyətini qorumalı, onları xarici təcavüzdən müdafiə etməlidir. Dövlət hakimiyyəti mütləq deyil, insan haqları ilə məhdudlaşdırılmalıdır.
Əlbəttə dövlət və cəmiyyət haqqında bir çox filosofların başqa iddiaları da var, amma ən geniş yayılanı yuxarıda sadalananlardır.
Çox az adam iddia edə bilər ki, cəmiyyət dövlət tərəfindən idarə olunmayıb, öz-özünü idarə edə və inkişaf edə bilər.
Əksəriyyət isə dövlətin mövcud olmasını labüd və danılmaz həqiqət sayır. Səbəb çox sadədir. Cəmiyyətin bütün üzvlərinin kamil olması mümkün deyil, belə olduqda isə problemlərin və digər neqativ halların olması normal qəbul edilməlidir. Belədə cəmiyyətin dövlət tərəfindən idarə olunması labüdləşir. Əgər bu danılmaz həqiqətdirsə, onda imkan verilməlidir ki, insanlar özlərini idarə edəcək dövləti özləri seçsinlər. Bunun da adı - demokratiyadır!
Cəmiyyətin üzvləri nə qədər ağıllı, kamil olarsa, orada demokratik dəyərlər də mövcud olar. Mütərəqqi cəmiyyətin despot, zalım dövləti ola bilməz. Olsa belə, belə dövlət sistemi uzun müddət yaşaya bilməz. Ən sonda yenə ağıllı cəmiyyət belə dövlət sistemini dəyişər və öz mütərəqqi dövlətini qurar.
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Nə qədər ki, xalq itaət etməyə məcburdur və itaət edir, deməli, o, yaxşı hərəkət edir, amma boyunduruğunu öz üzərindən atmaq imkanı qazanan kimi onu atırsa, o, əvvəlkindən də yaxşı hərəkət edir. Azadlıq ondan hansı hüquqla oğurlanmışdısa, elə həmin hüququn əsasında da azadlığı özünə qaytarmaqla göstərir ki, onun buna haqqı var, ya da azadlığı ondan almaq üçün qətiyyən heç bir əsas olmadığını təsdiq etmiş olur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\". Bunu Russo yazıb və o, bunu yazarkən məhz mütərəqqi cəmiyyətləri nəzərdə tutub.
Bir xalqın demokratiyaya hazır olmadığını söyləmək o cəmiyyətin mütərəqqi, ağıllı, yetərincə güclü olmadığını söyləməkdir və bir xalq üçün bundan böyük təhqir ola bilməz.
Bəzi idealist intellektuallar dövlətin insanlıq tarixinin ən rəzil kəşfi olduğu fikrindədir. Əgər insanlar öz-özlərini idarə edə bilmirsə və onların başqaları tərəfindən idarə edilməsinə ehtiyac varsa, bu, insan ağlına, onun mütərəqqiliyinə şübhə oyadır. Bəs əgər bir cəmiyyətin öz-özünü idarə etməsi bir kənara qalsın, özünü idarə edə biləcək hökuməti belə seçə bilməməsi necə qiymətləndirilə bilər? Bir xalq durmadan itaət edərsə, zülmə, haqsızlığa baş əyərsə, onun məhvi labüddür. Demokratiyanın olmadığı cəmiyyət tənəzzülə məhkumdur. Demokratiyanın, azadlığın olmadığı yerdə elm, mədəniyyət, humanizm və digər bəşəri dəyərlər mövcud ola bilməz.
Bir cəmiyyət nə qədər ağıllı olarsa, öz haqqını qoruyarsa onun gələcəyi də parlaq olar!
Hər bir fərdin cəmiyyətdə müəyyən rolu olmalıdır. O, istər mütərəqqi cəmiyyətdə yaşasın, istərsə də demokratiyanın mövcud olmadığı geri qalmış bir toplumda. Hər bir fərdin cəmiyyətə verdiyi ən böyük xeyir öz hüquqlarını bilməsi, haqqını müdafiə etməsi və yaxşı təhsil əldə edib cəmiyyətdə öz bacarıqlarını tətbiq edə bilməsidir.
Bu gün yaşadığımız cəmiyyət mütərəqqi olmaya, öz haqqını müdafiə etməyi bacarmaya bilər. Amma burada məsuliyyəti hər bir fərd daşıyır. Əl-qolunu sallayıb, \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"mübarizə boşunadır, onsuz da qələbə çalmayacağıq, hər şey mənasızdır, bu cəmiyyətin axırı yoxdur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" deməklə əlbəttə ki, heç nəyə nail olmaq mümkün deyil.
Cəmiyyətin gücü onun fərdlərinin gücündədir.
Qədim yunan cəmiyyətinin əsasını adi vətəndaşlar, böyük hissəsini isə kölələr təşkil edirdi. Cəmiyyətin müqayisə edilməyəcək dərəcədə cüzi hissəsi ağıllı insanlar idi. Yunanıstanı işğal etmək istəyən Makedoniyalı Filip yunanlara rişxəndlə deyirdi: \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Bu millət deyil, dahilərdən və kölələrdən təşkil edilmiş fərdlərin güruhudur\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\".
Amma onun Yunanıstanı işğal edən oğlu Böyük İsgəndər yunan mədəniyyətini bütün dünyaya yaydı. Yunanıstanın, onun mədəniyyətinin inkişaf etməsində ən böyük işi elə fərdlər görmüşdü, hansı ki, müasir dünya hələ də onların fikirlərindən bəhrələnməkdə davam edir.
Azərbaycan cəmiyyəti hələ yeni-yeni formalaşmağa başlayıb. Cəmiyyətin bir hissəsi özünü dünyanın ən mütərəqqi adət-ənənəsinə, ən qədim tarixinə, mədəniyyətinə malik olan ən qabaqcıl cəmiyyət hesab edir. Bir hissəsi isə bunun tam əksini düşünür və ruh düşkünlüyünə qapılıb.
Görünən odur ki, hələlik heç nə yaxşı deyil, cəmiyyəti bu durumdan xilas etmək isə ağıllı fərdlərin üzərinə düşür.

Kateqoriya: Cavid Ramazanov | Əlavə etdi: Penah (03.12.2008) | Yazar: Cavid Ramazanov
Baxılıb: 773 | reytinq: 0.0/0 |

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0