AZ | ENG

Məqalələr

Pənah Əliyev [2]
Cavid Ramazanov [10]
Sebinə Rəsulova [1]
Nermin Ramazanova [0]

Sorğu

Azərbaycanda demokratiya olacağına inanırsınızmı?
Bütün cavablar: 410

Каталог статей

Baş səhifə » Məqalələr » Yazarlar » Sebinə Rəsulova

Demokratiya Məktəbi mənə nələr verdi...
Düzünə qalsa, mən jurnalist deyiləm və burada da ancaq Demokratiya Məktəbi barəsində öz təəssüratlarımı paylaşmaq istərdim, sizə nə qədər maraqlı olub-olmayacağını bilmirəm...   
   Mən məktəbimizin ikinci qrupunun tələbəsi idim... düzünü desəm, dekabr ayında ərizə formasını dolduranda elə bilirdim ki, bu adicə training-a oxşayan bir şey olacaq və sadəcə “mən də gedim” deyə doldurdum. Sonra isə martda dərslərimiz başlayanda elə ilk dərsdən hiss etdim ki, bu nə isə ciddi
bir şeyə oxşayır. Bu məktəbdə ilk müəllimimiz Ramin Hacılı oldu, necə deyərlər, bizə demokratiyanın qələmini necə tutmağı o öyrətmişdi... Dörd illik universitet dərslərinə öyrəşmiş bir adam kimi özüm də fərqinə varmadan bu dərslərdən də eyni abu-havanı gözləyirdim. Gözləyirdim deyəndə ki, başqa dərs keçmək metodu heç görməmişdim də... Ramini məktəbdən öncə də tanıyırdım və həmişə onun maraqlı söhbətlərinə həvəslə qulaq asardım. Ancaq burda onu bir müəllim kimi qarşımda gördüm və düşündüm ki, bütün müəllimlər belə olsaydılar, Azərbaycan ağ günə çıxardı. O qədər maraqla, həvəslə dərsi danışırdı ki, hətta o danışdıqca insan özü cuşa gəlib durub bir nitq söyləmək istəyirdi. Sonda Ramin bizə bir neçə mövzu təklif elədi və dedi ki, özünüz seçin, gələn dəfə nəyi müzakirə edək, nəyi öyrənək və mühazirəçiniz kim olsun... Bu bizim üçün, yəni Azərbaycan universitetlərinin meşələrindən çıxmış vəhşi tələbələr üçün sərbəstlik hədiyyəsi oldu desəm, yanılmaram. Buna görə də hərə bir şey qışqırmağa başladı və Ramin səs verməyi məsləhət bildi. Səs çoxluğu ilə mövzulardan birini seçdik və gələn bazarı gözləməyə başladıq. Bir sözlə, müəyyən nizam-intizam yarandı. Bu məktəbdə mən ilk dəfə interaktiv metodlardan istifadəni əyani surətdə gördüm. Əlbəttə, hər bir tələbə kimi məktəbin bu xüsusiyyətini də qiymətləndirməyə bilməzdim - burada qiymət yazılmırdı, ev tapşırığı nadir hallarda verilirdi, ondan da imtina etmək olardı. Ancaq tələbələrin çoxu dərsə hazır gəlirdilər. Kim hardan nə tapdısa, yahooqruplarda bölüşür, dostlarına da oxumağı məsləhət görürdü. Bəzi dərslərdə mövzuları bölüşdürürdük, sonra da çıxıb bütün qrupun qarşısında öz mövzumuz haqda çıxış edirdik. Bu bizə özümüzü vacib hiss etməyə kömək edirdi. Hər dərs müzakirələr, fikirlərin dinlənməsi (qalan tələbələri bilmirəm) mənə dinləmə mədəniyyətini öyrətdi. Eyni zamanda mən tolerant olmağı da mənimsəməyə başladım. Belə ki, mən də qalan azərilər kimi hər yerə burnumu soxmağı, hər şeyə də fikir,reaksiya bildirməyi çox sevirdim. Burada isə bu kimi vərdişlərdən əl çəkməyi öyrənmək üçün real şanslarım yarandı. Onu da qeyd edim ki, Ramindən başqa, bizə Pənah və Vüsal da dərs deyirdi. Heç kəs inciməsin, amma mənə ən maraqlı gələn dərslərdən biri də Vüsalın bizə keçdiyi dərslər idi. Bu insan o qədər xoş və mülayim səslə danışırdı ki, mənim kimi bərkdən və emosiyalarla danışan adam onun yanında tonumu qaldırmaqdan utanırdım. Vüsalın dərsləri insana psixoterapiya kimi təsir edirdi, bu insan , elə bil, çiynində sülh quşu gəzdirirdi. Pənahla isə dini-fəlsəfi mövzulardan söhbət açmaq çox maraqlı olurdu. Çünki bu sahədə xeyli bilikləri var və onunla mübahisə etmək və hər sözünü göydəcə udub yeni informasiya almaq mənə şəxsən çox xoş gəlirdi. Bundan əlavə, layihəyə görə bizə bir çox tanınmış siyasətçilər, politoloqlar, bəzi səfirlər, hüquq müdafiəçiləri də mühazirə oxumuşdu. Bunların özləri də çox maraqlı idi. Məsələn, Eldar Namazovun mühazirəsi bitərkən hər iki qrupun tələbələri maraqlı mühazirəyə görə onu uzun müddət alqışlayırdılar. Mənim ən çox bəyəndiyim mühazirə isə (ona mühazirə də demək olmaz, bu daha çox məhkəmə prosesinə bənzəyirdi) Nəriman Qasımoğlu və Aydın Tağıyevin “İslamda Çadra” mövzusunda apardıqları debat oldu. Düzü, bu mühazirə öz dinamikası və canlı keçməsi ilə başqalarından çox fərqlənirdi. Debat ərzində çoxlu maraqlı şeylər öyrəndim. Eyni zamanda, bizim sonuncu mühazirəmiz, Erkin Qədirlinin dərsi də çox maraqlı keçmişdi. Bu insanın mühazirələrində bundan öncə də olmuşdum və bir daha əmin oldum ki, o məhz gəncləri istiqamətləndirmək üçün dünyaya gəlib. Onun “cavan ikən axmaqlıqlar etməlisən” sözlərini heç vaxt yaddan çıxarmaram. Amma lütfən, bu sözləri səhv anlamayın, əslində burda böyük məna var. Həm də Erkin müəllimdən çoxlu yeni sözlər eşidirdik. Ümumiyyətlə, mühazirələrin hər birində biz nə isə yeni bir şey öyrənirdik, işin maraqlı tərəfi də bundan ibarət idi. Məsələn, mən öz hüquqlarımı öyrəndim, onları tələb etməyi, demokratiyanın növlərini, liberalizmin nə olduğunu, müxtəlif dövrlərdə dövlət quruluşlarını, siyasətçinin demokratiyanın qurulmasında rolunu, vətəndaş cəmiyyətini necə qurmağı, hippilərin fəlsəfəsi, azlıqların hüquqları, boloniya sisteminin prinsipləri, utilitarianizm nədir və s. və i.a. Bu bilikləri də bir kənara qoysaq, burada mən hər bir tələbəyə ayrılıqda nə qədər diqqət göstərildiyini gördüm, hər kəsin fikrinin vacibliyi prinsipinin şahidi oldum. Dəsrlərdə az da olsa, gərginlik hiss etmirdik. Məhz bu məktəbdə mən insanlara pozitiv yanaşmanı öyrəndim. Düzdü, aramızda məsələn, aqressiv millətçi uşaqlar da vardı, ancaq burada mənimsədiyim tolerantlıq onların fikirlərinə hörmətlə yanaşmaqda mənə kömək edirdi.
   Demokratiya Məktəbinin 3-cü və 4-cü qruplarının bəxti bizimkindən daha çox gətirib. Çünki onların dərslərinin bəziləri açıq havada keçəcək. Hər bir tələbəyə uğurlar arzu edirəm və ümidvaram ki, burada əldə etdiyimiz biliklər unudulmayacaq, bizə sərf olunun zəhmət hədər getməyəcək. Bundan sonra biz ətrafımızdakı insanları dəyişmək üçün onlara azad və sevgi dolu həyatı göstərmək üçün əlimizdən gələni etməliyik. Çünki nə vaxtsa Ramin Hacılının beynində yaranmış, sonra yazıya alınmış və zülmlə ərsəyə gəlmiş bir layihə mənə məhz bunları - azad və sevgi dolu həyatımı yaşamağı öyrətdi...
   
   
P.S. Layihədə əməyi olan hər bir kəsə təşəkkürlər...

Məqalənin ingilis dilində variantını aşağıdakı linkədən əldə edə bilərsiniz.

http://demschooleng.clan.su/publ/1-1-0-4

Kateqoriya: Sebinə Rəsulova | Əlavə etdi: Penah (09.03.2009) | Yazar: Səbinə Rəsulova
Baxılıb: 820 | reytinq: 0.0/0 |

Axtarış

Dost saytlar

Statistika


Onlayn: 1
Qonaq: 1
İştirakçılar: 0